Qarabağı niyə azad edə bilmirik - mürəkkəb məsələ barədə bəsit sual

Qarabağı niyə azad edə bilmirik - mürəkkəb məsələ barədə bəsit sual backend

Siyasətçilər bizdən asılı olan və olmayan səbəblərdən danışdılar, çıxış yolu dedilər

“Qarabağı qaytara bilməməyimizin əsas səbəbi problemin həllindən cəmiyyətin ildən-ilə daha da uzaqlaşması faktı göstərilə bilər. Vətən torpağının xilası bütövlükdə cəmiyyətin bütün resurslarının məqsədyönlü səfərbər edilməsi ilə mümkün ola bilər”. Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bu fikirləri “Yeni Müsavat”a işğal altındakı ərazilərimizi illərdir qaytara bilməməyimizin səbəblərindən danışarkən söylədi.

Qeyd edək ki, Azərbaycan həm əhali sayı, həm ordusu, həm iqtisadi göstəriciləri ilə işğalçı Ermənistandan qat-qat üstündür. Üstəlik, diplomatik sahədə, diasporumuzun inkişafında da irəliləyişlər var. Ölkə əhalisi də bir nəfər kimi silaha sarılmağa hazırdır. Həmçinin ölkəmizin bölgədə mühüm rola malik olması onun iri dövlətlərlə, həmçinin Rusiya ilə münasibətlərinə müsbət təsir göstərir. “Qarabağın açarı” sayılan Rusiyanın rəhbərliyi Azərbaycanın rolundan bəhs etməklə yanaşı, dəfələrlə bəyan edib ki, ölkəmizlə əlaqələrin inkişafında maraqlıdır. Elə isə torpaqlarımızı geri qaytara bilməməyimizin səbəbləri nədir?

F.Mustafa burada digər amillərin neqativ rolundan bəhs etdi: “Faktiki olaraq Qarabağ məsələsi ilə hakimiyyət elitasındakı məhdud sayda məmurlar məşğul olduğuna görə cəmiyyətin alt qatlarının resurs və düşüncə baxımından prosesə töhfə vermək imkanı demək olar ki, yoxdur. Yalnız ordu, iqtisadiyyat və ya Rusiya ilə yaxşı münasibətlər yetərli deyil, xalqın iradəsi əsas amil olaraq önə çəkilməlidir. Hətta Milli Məclisdə Qarabağ məsələsinin hər dəfə ayrıca bir iclasda müzakirə olunmasına belə isti yanaşılmır.

Halbuki bizim situasiyada olan dövlətlərdə hər kəs anlayır ki, ”Ağıl ağıldan üstündür" prinsipindən uzaqlaşmaq olmaz. Cəmiyyətin alt qatlarından elə ciddi ideyalar doğa bilər ki, illərdir hansısa məmurun ağlına gələ bilməz. Yəni Vətən torpağının xilasının məsuliyyətini bütün cəmiyyətin üzərinə yükləmədikcə və bu cəmiyyətin düşünən hissəsinin iştirakçılığı təmin olunmadıqca bu məsələdə mövcud durğunluq davam edəcəkdir".

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli isə “Yeni Müsavat”a bildirdi ki, çox geniş və əhatəli mövzudur. Ekspertin fikrincə, Qarabağı geri qaytara bilməməyimizin səbəbləri o qədər çoxdur ki, hər birinin haqqında saatlarla danışmaq olar: “Əsas səbəblərə gəldikdə isə burada bir neçə məqama diqqət yetirmək lazımdır. Zənnimcə, səbəblərin öndə gələni Rusiya amilidir. Moskva münaqişənin ədalətli həllini, yəni Azərbaycan torpaqlarının işğaldan azad edilməsini və Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızın bərpa olunmasını, yəni problemin ədalətli həllini istəmir. Bu məqam hazırda Rusiyanın Cənubi Qafqaz üzrə dövlət siyasətinin əsasını təşkil edir və bu ölkə ilə bütün digər sahələrdə nəzərə çarpan əməkdaşlıq meylləri əsasən geosiyasi reallıqlardan, bəzi hallarda isə fərdi təşəbbüslərdən qaynaqlanır”.

E.Mirzəbəyli qeyd etdi ki, son zamanlar Rusiyanın Azərbaycana qarşı siyasətində iki qabarıq meyl nəzərə çarpmaqdadır: “Bunlardan biri daha çox təxribat və təhdid xarakterli davranışların yer aldığı meyllər, digəri isə ilk baxışda cazibədar görünən, alt qatında isə hansı hədəflərin yatdığı aydın olmayan addımlardır. Əgər baş verənlər beynəlxalq münasibətlərdə istifadə olunan klassik metodlardan - ”zopa və kökə" siyasətindən qaynaqlanırsa, o zaman prosesin əsəblər tarıma çəkilənədək davam edə biləcəyi ehtimalı var. Yox, əgər yanaşmanın təməlində iki ayrı-ayrı xəttin mövqeyi dayanırsa, o zaman bu, Moskvanın Cənubi Qafqaz siyasətində ziddiyyətlərin açıq şəkildə ortaya çıxmasında maraqlı olan qüvvələrin mövcudluğu və təbii ki, mərkəzdənqaçma meyllərinin ilkin təzahürlərinin yarandığı ehtimalını yaradır. Bütün bunların fövqündə Rusiyanın tələsdiyi də nəzərə çarpır. Moskva Avrasiya məkanında özünün dominantlığı altında həyata keçirmək istədiyi inteqrasiya prosesini başa çatdırmaq istəyir.

Amma bu prosesi bərabərhüquqlu və ədalətli şəkildə gerçəkləşdirmək marağında deyil. Ənənəvi siyasətinə uyğun olaraq kimdən daha çox almaq mümkündürsə ondan daha çox almaq və əvəzində isə ilğım perspektivlər vəd etməklə kifayətlənmək istəyir. Moskva postsovet ölkələrini “əlində olanı da itirə bilərsən” hikkəsi ilə əlində olmayanın itkisi ilə barışdırmağa çalışır. Daha sadə ifadə edim: bir soyğunçu hər hansı bir insanın əlində nə varsa alır, öz evini özünə kirayə verir, qışın soyuğunda qazını, işığını kəsir, sonra isə masanın üzərinə bir şüşə araq qoyub deyir: “Bunu da içək dostluğumuzun şərəfinə, həm də isinək...” Mənim gördüyüm mənzərə budur".

Politoloqun sözlərinə görə, növbəti amil Qarabağ probleminin beynəlxalq münaqişə statusunda olması və münaqişənin tənzimlənməsində iştirak edən güclərin regionda uzlaşdırılması mümkün olmayan maraqlarıdır: “Bu sıraya erməni diasporu və lobbisini, regiondakı bəzi dövlətlərin Rusiyanın maraq dairəsi ilə hesablaşmasını və hətta bu reallığın qorunmasına dəstək verməsini, bəzi qrupların korporativ maraqlarını da əlavə etmək olar. Azərbaycan ordusu şübhəsiz ki, güclüdür. İqtisadi və hərbi potensialımızı da Ermənistanla müqayisə etmək mümkün deyil. Amma ortalıqda Azərbaycan dövlətinin və xalqının təhlükəsizliyi, problemin həllinə bizim üçün həyati əhəmiyyət kəsb etməyən itkilərlə nail olunması məsələsi dayanır. İndiki məqamda ən önəmli məsələ ölkə iqtisadiyyatının diversifikasiyasını sürətləndirmək, ölkə həyatının bu və ya digər sahəsinə müdaxilə ehtimalı yaradan bütün boşluqları doldurmaq, İstiqlalımız və bayrağımız ətrafında birliyimizi, həmrəyliyimizi qorumaq lazımdır. Hər kəs Azərbaycan xalqının və dövlətinin müqavimət gücünü daha qabarıq şəkildə görməlidir”.


“Yeni Müsavat”
Diaspora