Qoşa Çinar

Qoşa Çinar backend

Tariximiz qara günlərlə doludur. O, günlərdən biri də qartalları qıy vuraraq, qıylanan ər oğullu, nər oğullu Laçınımızdır. Laçında yenicə dünyaya gəlmiş balalarımızın indi 23 yaşı var.

Biz ali məktəbə daxil olanda, əslən Laçından olan Vaqif hərbi xidmətini bitirib ali məktəbə daxil olmuşdu. Onda onun 23 yaşı vardı. Dağ cüssəli, enli kürəkli bu gənc auditoriyayadakı qapıdan boyu hündür olduğundan başını əyərək girərdi. Ən şıltaq belə şəhər qızları Vaqifi görəndə özlərini yığışdırardılar. Heç kəs artıq, əskik hərəkət etməzdi.Vaqif bax belə oğlan idi. Qrupdakı qızlardan birini kim istəsəydə o oğlanın qarşısını kəsər “unutma ki, o mənim bacımdır əgər fikrin ciddi deyilsə qarşısında mənim kimi onun qardaşını görəcəksən”- deyərdi.

Bax beləcə, təssübkeş idi bu Laçınlı balası... İllər ötdü hər birimiz təyinatımızı alıb işləməyə getdik. Vaqif çox qızların ürəyinə od salsa da heç kimə könül bağlamadı. Sən demə, elinin-obasının gözəl qeyrətli qapqara hörükləri topuğuna dəyən bir qızı onun qəlbinə od salmış imiş... Onunla ailə qurmuşdu. Uzun illər övlad özünə həsrət qalmışdılar. Əzablı-əziyyətli yollar keçmişdilər. Övlad sevincini yenicə dadmışdı ki Qarabağ müharibəsi başladı. Bir gün heç kimə heç nə demədən məvacibini almayıb cəbhəyə yollanmışdı. Əl boyda vərəqə sizi allaha əmanət etdim. Allah qoysa Qarabağı azad edib geri qayıdacağam. Beyrəkdən muğayat ol. Həyat yoldaşının indiyədək qoruyub saxladığı saralmış vərəqdə bu sözlər yazılmışdı. Bax beləcə Laçın rayonunun Vağazan kənd orta məktəbində tarix müəllimi kimi işə başlayan Vaqif cəbhəyə silahı ilə döyüş tarixi yazmağa yollandı. Bir çox döyüşlərdə özü kimi igid cəsur oğullarla qəhramanlıq səlnaməsi yaratdı. Qələmi süngiyə çevrildi. Taqım komandiri hər kəndin alınmasında canını qoydu. Laçın rayonunun ən qədim Hocas kəndi uğrunda gedən döyüşdə şəhid olan “7 əsgərimin ruhu qarşısında baş əyirəm, and içirəm ki son damla qanıma qədər döyüşəcəyəm”- söylədi. Kəlbəcər sərhədindən Laçına keçərkən döyüşçüləri ilə əzablı - keşməkeşli yollar keçdi, amma bir an belə ruhdan düşmədi.”
Biz Laçını alıb bayrağımızı sancacağıq” - dedi. Hər dəfə az bir qüvvə ilə döyüşə girəndə 20-30 dəqiqəyə düşməni geri oturdardı.

Yaxşı yaddımdadı, Ağdərədə qızğın döyüşlər gedirdi reportaj hazırlamaq üçün oraya yollanmışdım. Ağdərədəki hospitala çoxlu yaralı əsgərlər gətirmişdilər. Onda qarlı bir qış idi.Hospitalda yaralı əsgərlərlə görüşüb,reportaj hazırladım.Ən ağır vəziyyətdə olan yaralıları Bakıya təcili çatdırmaq lazım idi. Tibb bacılarının köməyi ilə onları Bakıya çatdırdıq. Yaralıları palatalarda yer olmadığında müvəqqəti koridorda yerləşdirib, həkimlər müalicəyə başladılar. O günü mən heç vaxt unuda bilmərəm yaralı əsgərlərin iniltisi, əlacsız qalan həkimlər, gözlərim önündən getmir. Bayırda isə quş başı qar yağır, soyuq külək əsirdi. Sən demə, Vaqiflə aramızda çox böyük məsafə olmasada onu görə bilmədim.

Qarlı-şaxtalı qış bitmiş bahar gəlmişdi, amma bu yaz özü ilə qəm-qüssə gətirmişdi. Qarabağ müharibəsində ən çox itki Ağdərədə verilmişdi, ölənlərin sayı hesabı yox idi. Ağdərənin Sərsəng su anbarının alınmasında və Vəng uğrunda gedən döyüşlərdə ən böyük itki verdik. Qəhrəman oğullarımız şəhid oldu ki onlardan biridə Laçınlı balası Vaqif idi. Həyat yoldaşı o ağrılı-acılı günləri belə xatırlayır.” Vaqifin yaralandığını və Bakıya gətirildiyi xəbərini mənə çatdırdılar. Tez-tələsik nişan üzüklərimizi dəsmala büküb özümlə götürdüm ki təcili qan lazım olarsa onda bu üzüklər gərəyimiz olar. Sən demə Vaqif şəhid olmuş imiş. Onda oğlum çox balaca idi. Vaqifin dəfninə Azərbaycanın hər yerindən axışıb gələnlər vardı. Bir dəqiqə sakitlik tapmayan oğlum atası dəfn olunanda şirin bir yuxuya getmişdi... O gün mən həm canımdan çox sevdiyim Vaqifi əbədi itirdim həm də illərlə düz topuğuma dəyən uzun hörüklərimlə vidalaşdım. Hörüyümü kəsərək, Vaqifin ən çox sevdiyi ağappaq kostuyumundan asdım” - deyərək gözləri yaşla dolur. O gündən işıqlı gündüzüm zülmətə çevrildi.
Aradan illər ötsədə gözlərim önünə bir-birinə arxa dayaq olan qoşa çinar tək iki dost gəlir. Heç vaxt bir-birindən ayrılmayan əsil dost. Onları tələbəlik illərində heç vaxt ayrı görəndə olmadı. Buludun övladları Vaqifi özlərinə əmi bildilər. Vaqifi Buluddan yalnız ölüm ayıra bildi... Uzaqlarda lap uzaqlarda bir el var o el Vaqifin elidir. Bü gün həmin Laçın eli... Vaqifin qəbrini ziyarət etdilər. Onların arasında da ömür gün yoldaşı Xeyransa xanım və 23 yaşlı oğlu Beyrəkdə vardı. Vaqifin döyüş yoldaşları qəhərdən boğula-boğula belə oğullar dünyaya 100 ildən bir gəlir. Allah onun ruhunu şad etsin...

Səriyyə Müslümqızı
Diaspora