Qarabağ ətraflında köhnə-təzə status-kvo: zaman kimə işləyir?

Qarabağ ətraflında köhnə-təzə status-kvo: zaman kimə işləyir? backend

Nazirlərin Brüssel görüşü hərbi toqquşma riskini azalda bilmədi - səbəb; separatçı rejimin “rəsmisi”ndən təlaş: “Azərbaycan sürəkli müharibəyə hazırlaşır...”

Ötən həftə Qarabağla bağlı nəhayət ki, tərpəniş qeydə alındı, buz sındı: Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri bir araya gəldilər. ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü və iştirakı ilə baş tutan, 4 saat çəkən görüşdə real nəticə olmasa da, təmas iki mühüm detalla yadda qaldı.

Birincisi odur ki, Ermənistanda inqilab dalğasında yaşanan hakimiyyət çevrilişindən sonra bu, baş tutmuş ilk yüksək səviyyəli təmas idi. İkincisi və ən önəmlisi, bununla yeni baş nazir Nikol Paşinyan Qarabağ şərtindən (separatçıların birbaşa danışıqlara qoşulması ilə bağlı tələb) faktiki imtina eləməli oldu, geri çəkildi. Düşmən tərəfin Dağlıq Qarabağ məsələsi ətrafında işğalçı ölkənin xeyrinə daha əlverişli format yaradıb Ermənistanı suçsuz kimi kənarda saxlamaq cəhdi, guya münaqişənin Bakı və Xankəndi arasında mövcud olması haqda dünyada rəy yaratmaq niyyəti fiasko oldu.

Hərçənd Nikol Paşinyan və onun KİV-ləri belə təəssüat formalaşdırmağa çalışdılar ki, guya Brüsseldə yalnız tanışlıq görüşü olub və nə vaxtsa separatçı rejim də belə danışıqlara qoşula bilər. Yəni ictimai rəydə Nikol Paşinyanın imicinin zəifləməməsi üçün belə ucuz təbliğata əl atdılar. Paşinyan da özünü sındırmamaq üçün Məmmədyarov-Mnatsakanyan görüşünün əhəmiyyətini sıfırlamağa cəhd elədi.

*****

Düzdür, görüşdə nəticə olmayıb. Ancaq 4 saatlıq tanışlıq görüşü olmur. Tanışlıq üçün 5-10 dəqiqə də kifayətdir. Bu, məhz vasitəçilərin təkidi və İrəvanın iradəsi əleyhinə köhnə formatda sülh prosesini irəli aparmaq üçün reallaşan görüş idi.

İkinci yandan, təbii ki, Azərbaycan nə indi, nə də bundan sonra, daha dəqiqi, Ermənistanda kimin hakimiyyətə olmasından asılı olmayaraq, Dağlıq Qarabağdakı kriminal qurumun birbaşa danışıqlara qatılmasına izn verməyəcək. İrəvanın şərtini qəbul etməyəcək. Çünki bütün dünya bilir ki, bu münaqişədə yalnız iki tərəf var - Azərbaycan və ona qarşı əsassız torpaq iddiası irəli sürən Ermənistan. Beynəlxalq hüquq, Qarabağa dair BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi, Azərbaycan və Ermənistanın imza atdığı BMT və ATƏT nizamnamələri, Avropa Birliyinin, AŞ PA-nın, Avropa Məhkəməsinin, NATO-nun, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmamaq Hərəkatının sənədləri də eyni şeyi deyir.

*****

Bəs bundan sonra nə olacaq? Artıq Rusiyada futbol üzrə dünya çempionatı da yekunlaşıb. Yəni prezident V.Putinin Qarabağ məsələsində əl-qolunu bağlayacaq heç bir siyasi əngəl gözə dəymir. Moskva nəhayət, real sülh anlaşması təşəbbüsü ilə çıxış edəcəkmi, yoxsa müharibə, yeni hərbi toqquşma qaçılmaz olacaq?

Suala cavab yəqin ki, Putinin Ermənistandakı yeni “qərbçi” hökumətə münasibətindən asılı olacaq. Hansı hökumət və onun başçısı ki, faktiki surətdə işğalçı ölkəni hazırda Rusiya orbitindən uzaqlaşdırmaqla məşğuldur.

Bütün hallarda şübhə yoxdur ki, Azərbaycan özünün hərbi və döyüş potensialını artırmaqda davam edəcək. Ermənistan-Azərbaycan sərhədinin Qazax nahiyəsində baş verən son insident və erməni diversantın ələ keçməsi də göstərdi ki, silahlı qüvvələrimiz nəinki düşmənin istənilən təxribatının qarşısını almağa, ən əsası, işğal altındakı torpaqlarımızı azad eləməyə hər an hazırdır - yetər ki, bundan ötrü uyğun siyasi şərtlər, siyasi zəmin olsun. Söhbət öncəliklə Rusiya amilindən gedir.

*****

“Belə ehtimallar var ki, Azərbaycanı döyüş əməliyyatlarından Rusiyadakı dünya çempionatı çəkindirib. Çünki Rusiya amilini Azərbaycan hesaba almaya bilməz. Müharibə ehtimalı yüksək olaraq qalır. Xüsusən də nəticəsiz danışıqlar prosesi fonunda bu ehtimal böyükdür”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Qarabağdakı separatçı rejim başçısının “təhlükəsizlik məsələləri üzrə müşaviri” Tiqran Abramyan deyib.

Onun sözlərinə görə, Azərbaycanın hərəkətlərindən görünür ki, o, müharibəyə hazırlaşır. “Qlobal siyasi, hərbi, təbliğati və iqtisadi müstəvidə baş verənlər Azərbaycanın hərbi planlarından xəbər verir. Bu planlar 10 gün, bir ay və ya bir il sonramı işə salınacaq, məlum deyil, bir şey aydındır ki, Azərbaycan müharibəyə hazırlaşır”, - deyə separatçı qeyd edib.

*****

Erməni tərəfinin təlaşı məntiqlidir. Aydındır ki, Azərbaycan sonsuzadək işğal rejimi ilə, status-kvo ilə barışmaq niyyətində deyil və gec-tez öz ərazisindəki “çağırılmamış qonaqları” - işğalçı erməni qüvvələrini qovub çıxaracaq. Bakının illərdir milyardlar xərcləyib müasir döyüş sistemləri alması, öz ərazisində hərbi zavodlar açması, müntəzəm surətdə və həm də qardaş Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər keçirməsi də müstəsna olaraq bu hədəfə hesablanıb. Bu il iyunun 26-da Bakıda keçirilən möhtəşəm hərbi parad və orada nümayiş etdirilən silah-sursatlar da işğalçı ölkəyə aydın bir mesaj idi ki, nə qədər gec deyil torpaqlarımızı boşaltmağa başlasın, nəinki bəzi havadarlarına arxayın olub ərazilərimizdə qanunsuz məskunlaşma siyasəti aparsın.

Əfsus ki, Ermənistanın yeni hakimiyyəti Dağlıq Qarabağ ətrafındakı təhlükəli vəziyyətdən doğru-dürüst nəticə çıxarmaq əvəzinə, Azərbaycana qarşı təxribatçı addımlarını davam etdirir. Məsələn, modern.az xəbər verib ki, işğalçı ölkə Qarabağdan Ermənistana növbəti yol çəkməyi planlaşdırır.

Məlumatlara görə, Ermənistanın nəqliyyat naziri Aşor Akopyan bununla bağlı separatçı rejimin “şəhərsalma naziri” Karen Şahramanyanla görüş keçirib və görüş zamanı Zəngilan-Mincivan-Gorus yolunun çəkilməsi müzakirə edilib. Belə ki, İranla sərhəd boyunca yerləşən yolun yaxın aylarda təmir olunaraq asfaltlanması planlaşdırılır. Xatırladaq ki, buna qədər Qarabağdan Ermənistana Gorus-Xankəndi, Vardenis-Ağdərə və Zod-Kəlbəcər yolları çəkilib.

*****

Təbii ki, bu qəbildən cəhdlər əbəsdir. Doğrudur, tikililər, o sırada inşa edilən yollar enində-sonunda Azərbaycanın mülkiyyəti kimi bizə qalacaq. Amma ağlı başında olan heç bir erməni, xüsusən də Yaxın Şərqdən gələn erməni müharibənin hələ bitmədiyi vaxtda işğal altındakı Azərbaycan ərazilərində məskunlaşmaz, burada iş qurmaz. Əslinə qalsa, kütləvi məskunlaşma da yoxdur. Çünki hamı üçün canı əzizdir. Sadəcə, erməni tərəfinin təbliğat maşını bu cür informasiyalar yaymaqla guya müharibənin bitdiyi təəssüratını yaratmağa çalışır. Müharibənin isə yalnız birinci hissəsi bitib.
musavat.com
Diaspora