Şəhidlik-vətənpərvərliyin ən ali məqamıdır .
Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Qəhrəmanlıq bir anın bəhrəsi deyil. Xarakterin, tərbiyənin, mənəvi yaddaşın gücü ilə diktə olunan keyfiyyətdir. O, elə bir keyfiyyətdir ki, onun mahiyyətində təsadüf adlanan heç nə yoxdur.Müxtəlif məqamlarda bizi düşündürən, narahat edən, ağladan, sevindirən, mənəviyyatımıza yeni çalarlar qatan, bəzən də bizi sərtləşdirən hadisələrlə rastlaşırıq və bu, bizim həyat yolumuzun, ömrümüzün mənasını, mahiyyətini təşkil edir.
Sözsüz ki, bu olaylar, bu hadisələr içərisində bizi daha çox düşündürən, mübariz edən dərdlərimiz, acı kədərimiz, bir də qəhrəmanlıqlarımız olur.Bu düşüncələrimin təsiqi kimi I Qarabağ müharibəsində canını vətəninə qurban edən igidlərimizi, o cümlədən Aprel döyüşlərinin şəhidlərini göstərə bilərik.
Bu gün isə Aprel müharibəsinin ildönümü ilə əlaqədar olaraq Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. şəhid Emin İmran oğlu Bağırovun ailəsinin qonağıyam. Emin 15 iyul 1996-cı ildə Bakı şəhəri, Binəqədi rayonunda anadan olub, 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Düzünü deyim,ailənin Eminsiz keçən bir ildə yaşadıqqlarına şərik olmağa, həyata baxışlarını görməyə , bütün Azərbaycan xalqının sevgisini ifadə etməyə, bir sözlə, dərdlərinə şərik olmağa getmişdim. Həyət qapısının yanında Eminin nənəsi Xanzadə nənə məni qarşılayıb, içəri dəvət etdi. Eminin atası İmran bəy, anası Sədaqət xanım, böyük qardaşı (II qrup əlil) ilə salamlaşdıq və elə o dəqiqədəndə nə üçün, niyə gəldiyimi unutdum.
Köhnə taxta parçalarından, naşı “usta”nın quraşdırdığı pilləkənlə “mənzil”ə hansı təəssüratla girdiyimi ifadə etməyə söz tapa bilmirəm. 5 nəfər ailə uzun illər təmirsiz, suvaqsız , 2 darısqal otaqlı bu mənzildəmi yaşamışlar? Xanzadə nənə baxışlarımdakı təəccübü görüb sözə başladı: Oğlum imran 30 il əvvəl ailə quranda bu mənzili atası ona hədiyyə elədi. Burda 3 uşaq doğulub boya-başa çatıb.
Çətinliklərlə övlarlarının qayğısına qalıblar deyə evi təmir etdirmyə gücləri çatmayıb. Hazırda İmranın ayaqları tutulub, güclə yeriyir, böyük nəvəmdə II qrup əlildi, gəlinimdə heç yerdə işləmir.
Evin bütün yükü Yaqubun (ortancıl qardaş ) üzərinə düşüb. Yolun kənarında balaca bir mağazamız var. Gündəlik tələbatımızı o mağazanın cüzi gəliriylə qarşılayırıq.” “Bəs İcra hakimiyyəti bir köməklik göstərmir?”-sualımı Sədaqət xanım cavablandırır: ”Eminin qəbirüstünün götürülməsi, gül-çiçək və əklillərlə əhatəyə alınması, yas mərasiminin xərcləri məhz icra hakimiyyətinin sayəsində başa gəlib.
Bir neçə gün əvvəl də Icra nümayəndəsi gəldi və bildirdiki, il mərasiminin bütün xərclərinidə çəkəcəklər”. Bu bir ildə əlaqədar təşkilatlara evinizin bərbad vəziyyəti, işsizlik probleminizlə bağlı müraciət etməmisiniz?
-Heç vaxt heç kəsə ağız açıb, kömək istəməmişik, az olub az yemişik. çox olub çox yemişik. İndi isə heç vaxt öz problemlərimizə görə kimsəyə müracət etmərəm,elə bilərəm, Emin məndən narazı qalar, özümü onun şəhid adından istifadə etmiş kimi hiss edərəm. Birdəki, bu qapıda 40 gün mərasim olub, hamı gördü Eminin ailəsinin yaşadığı evi...
Emin kasıb, amma çox qürurlu, çox səviyyəli bir ailənin övladı olduğu onsuzda onun simasından görünürdü, şəhid olmaq arzusundan da bəlliydi.
P,S Eminin dostları tərəfindən yaradılmış maketi sanki canlı idi və sual dolu gözlərindən dərin bir kədəri sezmək cətin deyildi.
Əntiqə RƏŞİD
(Məqalə 2016-cı ilin oktyabrında hazırlanıb)