Rusiyalı deputata hücumlar başlayıb - “Qarabağ Azərbaycana qaytarılmalıdır” dediyinə görə...

Rusiyalı deputata hücumlar başlayıb - “Qarabağ Azərbaycana qaytarılmalıdır” dediyinə görə... backend

İşğal olunmuş Dağlıq Qarabağı Azərbaycanın ərazisi hesab edən Rusiya Dövlət Dumasının deputatına hücumlar başlayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, “Rossiya 1” telekanalında yayımlanan "Vladimir Solovyovla axşam" siyasi tok-şousunda çıxış edən erməni əsilli hərbi-siyasi ekspert Semyon Baqdasarov bir müddət öncə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edən Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Dmitri Savelyevi məhv etməyə çağırıb. Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskiyə müraciət edən S. Baqdasarov D. Savelyevi partiyadan qovmağa çağırıb: "Necə olur ki, sizin deputat münaqişə bölgəsinə gedir, ağzına gələni danışır. Məhv edin onu, qovun onu. O, satqındır. Rusiya Federasiyasının düşmənidir. Heç olmasa, bu deputatın məsələsini həll edin. Mən ümid edirəm ki, Vladimir Volfoviç bu məsələni həll edəcək".


V. Jirinovski isə cavabında S. Baqdasaryanın dedikləri ilə razı olduğunu söyləyib.


Verilişin müəllifi və aparıcısı, Ermənistanın fəxri vətəndaşı Vladimir Solovyov erməni ekspertə dəstək nümayiş etdirib. O, başını bulayaraq bunları deyib: “Deputat Savelyev Ermənistanın deyil, Azərbaycanın Rusiyanın müttəfiqi olduğunu bəyan edib. Qarabağ və dağlıq ərazilərin Azərbaycana verilməsini tələb edib və bunun yeganə düzgün qərar olduğunu söyləyib”.

Qeyd edək ki, iyulun 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfransda çıxış edən Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini Dmitri Savelyev Dağlıq Qarabağ və ətraf 7 rayonun qeyd-şərtsiz, mütləq şəkildə Azərbaycana qaytarılmalı olduğunu vurğulayıb. Cocuq Mərcanlıda işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq, inkişaf işlərini təqdir edən rusiyalı deputat qeyd edib ki, Ermənistanda baş verən hadisələr nəzərə alınsa, Azərbaycanın Rusiya üçün dəyəri ikiqat artır: “Azərbaycan nadir ölkələrdən biridir ki, burada rus dili inkişaf edir. Azərbaycan Rusiyanı Avropa Şurasında dəstəkləyir. Azərbaycan Rusiyanın Cənubi Qafqazda etibarlı müttəfiqidir. Baxmayaraq ki, biz Azərbaycana külli miqdarda silah satmışıq, amma bu, heç vaxt Rusiyanın öz əleyhinə yönələ bilməz. Ümid edirəm ki, Ermənistan müdrik olacaq və Qarabağ münaqişəsi öz həllini tapacaq”.



Diaspora