Camaatımız yavaş-yavaş çıxıb gedir Qarabağa.
Yorulurlar, bezirlər, usanırlar, ATƏT-in, BMT-nin bəyanatlarından çərləyirlər və çıxıb gedirlər. Dəfn çox, yas çox. O qədər yasa gedirik ki, evdə arvad da çayı verəndə deyirik, Allah qəbul eləsin. Nə isə.Fikrim başqadı. Adətən, dəfnlərdə molla «Quran» oxuyur, sonra bir «Fatihə» verir , üzünü də tutur camaata deyir:
- Haqqınızı halal edin!
Camaat da xorla:
- Halalı olsun!
Yaşlı adamların, həyatını sürmüş adamların üstündə qohum-əqrəbasından kiminsə haqqı ola bilər, o da haqqını halal edər. Yaxşı.
Amma həmişə bir şey məni bir qədər hövsələdən çıxarır. Nədir məsələ?
18-20 yaşlarında gənclər bu millətin yolunda, bu Vətənin yolunda, sizlərin, bizlərin yolunda şəhid olurlar ki, Vətən yaşasın, bizlər yaşayaq. Barmağımız qanayanda bilmirik canımızı hara qoyaq. Amma bu gənclərin barmaqları qanamayıb ey, bağırları qanayıb, sinələrini bu millət, bu Vətən yolunda, yuxarıda dediyim kimi, düşmən gülləsinə sipər ediblər, canlarını qurban veriblər.
Və dəfnləridi. Molla da üzünü tutur camaata və deyir:
- Haqqınızı halal edin!
Camaat da xorla:
- Halalı olsun!
Sizin, bizim o şəhidlərin üstündə hansı haqqımız var ki, halal edirik? Heç bir haqqımız yoxdu. Onların bizim üstümüzdə haqqı var, özü də əvəzolunmaz haqları var. Onlar bizim üçün şəhid olublar, biz onlar üçün yox. Onların üstündə olmayan haqqımızı halal edirik. Vay dədəm, vay. Əslində molla şəhiddən soruşmalıdı:
- Haqqını halal edirsənmi?
Ayın 3-də Fred Asifin qəbrini ziyarət etdik. Həmin Fəxri Xiyabanda yüzlərlə şəhid yatır. Nazim Hikmət demiş, şəhidlərimizi bərəkət toxumu tək basdırmışıq torpağa, gah Bakıda, gah Naxçıvanda, gah Lənkəranda, gah Qazaxda, Tovuzda, Gəncədə, gah da Ağdamda… Azərbaycanın elə bir şəhəri, qəsəbəsi yoxdur ki, orda şəhid qəbri çiçəkləməsin.
Şəhidlər Xiyabanında Fred Asifin qəbri üstündəydik. Fred Asif haqqını bizə halal edibmi?! İmam Hüseyndən şəhidlik dərsi almış, İmam Hüseyn məktəbinin yetirmələri olan Allahverdi Bağırov, Şirin Mirzəyev, Ramiz Qəmbərov, Əlif Hacıyev, Vəzir Orucov, Raquf Orucov, Murad Mirzəyev, Mübariz İbrahimov… 20 minə yaxın şəhidimiz görən, haqlarını bizə halal ediblərmi?!
İnanmıram!
edalet.az