İyunun 27-də Ermənistanın baş naziri Nikol Paşinyan Avetik Kerobyanı Müdafiə Nazirliyinin Hərbi-sənaye komitəsinin sədri təyin edib. Həmin vəzifəni bundan əvvəl David Paxçanyan tuturdu.
Virtualaz.org xəbər verir ki, informasiya texnologiyaları müəssisələri İttifaqının sədri Karen Vardanyan bu təyinatı müsbət qiymətləndirib. Amma deyib ki, müdafiə sənayesi dərhal Müdafiə Nazirliyinin tərkibindən çıxarılmalıdır. Çünki bu gün ordu hərbi sənayenin inkişafına mane olur, bilərəkdən deyil, sadəcə generallar həmişə əvvəlki müharibənin məntiqi ilə döyüşürlər. “Azərbaycan bizə qarşı İsrail istehsalı olan ən müasir pilotsuz sistemlər tətbiq edir, indi isə Azərbaycanda elə mərhələ yetişib ki, onların ən yeni texnologiyalarla yaradılan daha çox silahları var, bizim generallar isə 2016-cı ilin aprel müharibəsinin silahları ilə döyüşmür”-Vardanyan deyir.Karen Vardanyan Ermənistan ordusunun rabitə vasitələrinin çatışmaması üzündən apreldə böyük itkilər verdiyini deyb. O bildirib ki, aprel döyüşləri zamanı hətta Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağ “ordusunun” baş qərargah rəisi olan general Movses Akopyanla adi mobil rabitə ilə əlaqə saxlayırdı. Və Vardanyan sensasion sayıla biləcək məlumat açıqlayaraq deyib ki, Azərbaycanın pilotsuz kəşfiyyat təyyarəsi Sərkisyanın Akopyanla telefon danışıqlarını qeydə alıb, nəticədə general Movsesin yeri müəyyən olunub.
“Ermənistan prezidenti Dağlıq Qarabağın Baş qərargah rəisi ilə mobil telefonla əlaqə yaratmağa çalışıb, həmin İsrail istehsalı olan pilotsuz təyyarə isə bu telefon danışığını ələ keçirib, Dağlıq Qarabağın hərbi rəisinin olduğu yerə zərbə endiriblər, amma sonuncunun bəxti gətirib və zərbədən yayınıb. Hətta bütün bunlardan sonra həmin adamı Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi təyin edirlər və o yenə də rabitə vasitələrinə əhəmiyyət vermir. Bütün bunlardan sonra belə Ermənistanın yeni hakimiyyəti onu baş hərbi müfəttiş təyin edir. Bu adamın yeri zibillikdir, çünki Movses Akopyan hansı problemlərin olduğunu gördüyü halda iki il ərzində onları həll etməyib. Deməli bu adam orduda qalmalı deyil, xüsusən də baş hərbi müfəttiş vəzifəsində”-Karen Vardanyan qeyd edib.
Vardanyan Azərbaycanla irimiqyaslı müharibənin yaxınlaşması təhlükəsindən narahatlıq ifadə edib. Deyib ki, Azərbaycanın hərbi-sənaye sahəsində Ermənistan üzərində açıq üstünlüyü var: “Biz isə özümüzün dağılıb çürümüş, tapdalanmış yanaşmalarımızla Azərbaycanı təxribata çəkirik ki, bizə hücum etsin”.
2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan ordusunun işğal altındakı Xocavənd rayonu ərazisində general Movses Akopyanın da olduğu qərargaha TOS-1A “Solntsepyok” ağır odsaçan sistemindən zərbə endirdiyi məlumdur. Həmin zərbədən sonra Movses bir neçə gün ortalarda görünmədi, onun öldüyü təxmin edilirdi.
Lakin daha sonra məlum oldu ki, qərargaha endirilən zərbələrdə ermənilərin bir neçə hərbçisi məhv edilsə də həmin vaxt binanın içərisində olan general Movses və digər yüksək rütbəlilər sağ qalıb. Görünür ona görə ki, qərargaha cəmi 3 raket zərbəsi endirilmişdi və bu zərbələrin hədəfi tam məhv etmək üçün kifayət etdiyi hesablanmışdı. Amma “Solntsepyok” odsaçanının üç termobarik raketi qərargah binasını məhv etmək üçün kifayət etməyib və Movsesin bəxti gətirib.