Bakıdakı paraddan sonra Azərbaycan növbəti hərbi təlimlərə qərar verdi; erməni ekspertləri həyəcan təbili çalır; politoloq: “Silah və hərbi texnika arsenalımızla bağlı informasiyalar Ermənistan cəmiyyətində ciddi narahatlıq yaradıb...”
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən iyulun 2-dən 6-dək Azərbaycan ordusunun müxtəlif qoşun növləri, qisimləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri keçiriləcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Təlimlərə 20 min nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq. Təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi üzrə tapşırıqları yerinə yetirəcək. Kəskin kəsişən ərazi və mürəkkəb dağlıq relyef, həmçinin radioelektron mübarizə şəraitində keçiriləcək təlimlərdə birləşmə və hərbi hissələrin qarşılıqlı fəaliyyəti, qoşunların və atəş vasitələrinin idarə olunması, eləcə də şərti düşmənin müxtəlif diversiya fəaliyyətlərinə qarşı taktiki epizodlar icra ediləcək. Məlumatda o da deyilir ki, təlimlərdə Azərbaycan ordusunun silahlanmasına yeni qəbul edilmiş ən müasir silah növlərinin və hərbi texnikanın tətbiqi ilə müxtəlif poliqonlarda döyüş atışlarının keçirilməsi nəzərdə tutulub.
İyunun 26-da keçirilən möhtəşəm hərbi paraddan sonra genişmiqyaslı hərbi təlimlərin keçirilməsi işğalçı Ermənistanı vahiməyə salıb. Əslində bu vahimə Nikol Paşinyan hökumətində hərbi parad hazırlığı dövründə yaranmışdı. Hökumətə rəhbərliyi ələ aldığı ilk günlərdə Qarabağa səfərlər edən, hətta oğlunu işğal altındakı torpaqlarda hərbi xidmətə yollayan Paşinyan çox keçmədi ki, səhvini anladı və çəkingən mövqe nümayiş etdirməyə başladı. Paşinyan onu da deyib ki, Ermənistan müharibəyə ilk başlayan tərəf olmayacaq.
Təbii ki, status-kvonun saxlanılması Ermənistan üçün ideal vəziyyət vəd edir. Ancaq Azərbaycan torpaqlarının əbədi olaraq işğalda qalması ilə razılaşa bilməz və odur ki, bir gün hərbi əməliyyat qərarının veriləcəyi şübhəsizdir. Azərbaycan ordusunun yaranmasının 100 illiyi münasibətilə Bakıda iyunun 26-da keçirilmiş hərbi parad Ermənistanın ekspert çevrələrində ciddi təşviş yaradıb. Virtualaz.org xəbər verir ki, erməni ekspertlər üçün xüsusən SOM-1 qanadlı raketi xoşagəlməz sürpriz olub. “Ermənistanın hərbi sənaye kompleksi” bloqunun aparıcısı Samvel Aqbabyan deyib ki, Azərbaycan milyardlarla dolları müasir silahlara və hərbi texnikaya parad üçün xərcləmir. Bu silahlar Qarabağ probleminin hərbi yolla həll edilməsi üçün alınır. Aqbabyana görə, Azərbaycanın operativ-taktiki və tank əleyhinə raket kompleksləri, raket-artilleriya silahları və zərbə dronları Ermənistan və Dağlıq Qarabağ üçün xüsusi təhlükəsizlik təhdidi yaradır. “Bu silahlar yüksək texnologiyalara əsaslandığına və uzaq məsafədən hədəfləri vurduğuna görə Azərbaycan silahlı qüvvələrinə imkan verəcək ki, birbaşa atəş təmasına girmədən effektiv hərbi əməliyyatlar aparsın” - Aqbabyan “Kavkazskiy uzel” portalına açıqlamasında deyib.
Erməni ekspert xüsusən diqqəti Bakıdakı paradda ilk dəfə nümayiş etdirilmiş SOM-B1 aviasiya operativ-taktiki raketinə cəlb edib. “Hələlik bu raketin Azərbaycan HHQ-nin hansı aviasiya platformasından tətbiq ediləcəyi aydın deyil. MiQ-29 və Su-25 qrıcıları, döyüş təyyarələri mənə məlum olduğu qədər SOM-B1 raketləri üçün uyğunlaşdırılmayıb. Amma belə hesab etməyə əsas var ki, Azərbaycanın Su-25 döyüş təyyarələri Türkiyədə SOM-B1 qanadlı raketlərini daşımaq üçün modernləşdirilib” - erməni ekspert deyib. Samvel Aqbabyana görə, Qarabağda erməni qüvvələri optik videomüşahidə sistemləri ilə təmin olunduğu üçün 2016-cı ilin aprelində olduğu kimi qəfil hərbi əməliyyatlar ehtimalı azdır. Ona görə də demək olar ki, irimiqyaslı müharibə yetişir və bu müharibə kütləvi raket-artilleriya, aviasiya zərbələri ilə müşayiət olunacaq.
Digər hərbi analitik Leonid Nersisyan isə deyib ki, Bakıda SOM-1B raketinin nümayiş etdirilməsi Ermənistan üçün “xoşagəlməz xəbər” oldu. Çünki bütün qalan silahlar paraddan əvvəl nümayiş etdirilmişdi: "250 kilometr mənzilli qanadlı raket, üstəlik, olduqca aşağı hündürlükdən uçan raket Ermənistan üçün xoşagəlməz xəbər oldu".
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, N.Paşinyan Azərbaycanın hərbi əməliyyatlara başlayacağından və bu əməliyyatların onun siyasi ölümünü yaxınlaşdıracağından narahatdır: “Azərbaycan ordusunun Naxçıvanda həyata keçirdiyi hərbi əməliyyatdan sonra yaranmış vəziyyətlə bağlı yayımlanan videomateriallar, hərbi parada hazırlıq öncəsi silah və hərbi texnika arsenalımızla bağlı informasiyalar Ermənistan cəmiyyətində ciddi narahatlıq yaradıb. Digər tərəfdən, Paşinyan ordunu Qarabağ klanından təmizləmək və özünə tabe etdirmək üçün hərəkətə keçib. Baş verənlər Paşinyana siyasi divident gətirmək üçün düşünülsə də, orduya olan etimadı daha da azaldıb. Klanlararası mübarizə ordu müstəvisinə keçib. Belə bir vəziyyətdə istənilən lokal hərbi əməliyyat Ermənistanı çıxılmaz vəziyyətdə qoya, ordudakı düşkün əhval-ruhiyyəni, ziddiyyətləri daha qabarıq şəkildə ortaya çıxara bilər. Paşinyanın vurnuxmasının səbəbi də budur”.
E.Mirzəbəylinin qənaətincə, mövcud vəziyyətdə Ermənistana savaş heç bir halda sərf etmir: “Bunun nəticəsi kapitulyasiya ola bilər. Rusiyaya gəldikdə isə Moskvanın bu məsələ ilə bağlı mövqeyi açıq deyil. Görünən odur ki, Moskvanın məqsədi münaqişəni həll etməkdən daha çox Paşinyanı ram etmək, yaxud onu və Ermənistan cəmiyyətini cəzalandırmaqdan ibarətdir. Bu cəzanın sərhədlərinin isə hara qədər ola biləcəyini söyləmək çox çətindir. Amma bütün hallarda Rusiyanın məqsədi problemin tam və ədalətli həlli deyil. Moskvanın davranışlarından onun Cənubi Qafqazdakı təsir və təzyiq mexanizmlərini təhvil verməyə hazırlaşdığı sezilmir”.
“Hər an döyüş başlana bilər. Nəinki Ermənistan, hətta başqa dövlətlər də bilməlidir ki, Azərbaycan həm Dağlıq Qarabağ ərazisini, həm də Qərbi Azərbaycanı qısa müddətdə işğaldan azad etməyə hazırdır. Yəni uzun-uzadı döyüş əməliyyatları olmayacaq. Sadəcə, iki tabor o vaxt 2016-cı ildə əks həmlə edərək düşməni sarsıtmağı bacardı. Buna görə düşmən ordusunda çox sayda vəzifəli şəxs vəzifəsindən azad olundu, kəşfiyyat pis günə düşdü, rabitə heçə endi. Azərbaycan birləşmələri faha böyük qüvvə ilə əks-hücuma keçsə, Ermənistan ciddi sarsılacaq. İrəvan üçün bu, fəlakət olacaq”.
Bu fikirləri isə ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov axar.az-a deyib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda qardaş Türkiyənin həm qırıcıları, həm də 100 nəfərlik xüsusi təyinatlı əsgərinin iştirakı sosial şəbəkədə maraqlı müzakirənin səbəbinə çevrilib. Paraddan sonra iki ölkənin ittifaq dövləti yaratması ilə bağlı təkliflər səsləndirilib. Məsələ ilə bağlı danışan Yaşar Aydəmirov bildirib ki, Türkiyənin həm qırıcılarının, həm də hərbçilərinin paradda iştirakını çox yüksək qiymətləndirir: “1918-20-ci illərdə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa idi. Orada Azərbaycan diviziyaları da var idi. Onlar birlikdə daşnak-bolşeviklərə qarşı vuruşub Bakını azad etdilər. Türkiyə parada qatılması ilə göstərdi ki, biz yenə də birlikdəyik və bir yerdə vuruşmağa hazırıq”.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Xətai Baxışov isə Ali Baş Komandan İlham Əliyevin Ulu öndərin “bir millət, iki dövlət” ifadəsini Türkiyə ilə bağlı siyasətində əsas prioritet istiqamət kimi götürdüyünü bildirib: “Bunun nəticəsidir ki, türk qırıcıları və əsgərləri Bakıdakı paradda Azərbaycan əsgəri ilə birgə iştirak edir”. Ekspert vurğulayıb ki, Türkiyə bu paradda yüksək səviyyədə iştirakı ilə dünyaya bir mesaj verdi: “Türkiyə Azərbaycana qardaş dövlət olduğunu bir daha nümayiş etdirdi”.
Türkiyə və Azərbaycan hərbçilərinin hərbi paradda birgə iştirak etməsi işğalçıya ciddi mesajdır. Bu, həm də o anlamı verir ki, günün birində torpaqlarımızı düşmən tapdağından birgə əməliyyatlar nəticəsində azad edə bilərik.
“Azərbaycan Türkiyə ilə birgə Dağlıq Qarabağda əməliyyat keçirməyə razıdır”. Bunu isə Türkiyənin təqaüddə olan general-polkovniki İhsan Başbozkurt açıqlamasında deyib (“A24.az”). O, Türkiyənin müdafiə sənayesindən danışan zaman yeni istehsal olunan ATAK helikoperinin Pakistanla yanaşı qardaş ölkə Azərbaycana da satılacağını qeyd edib. Azərbaycanın adını çəkərkən general-polkovnik daha bir məlumatı diqqətə çatdırıb: “Qardaş Azərbaycanla bağlı bu gün çox gözəl bir xəbər oxudum. Bilirsiniz ki, terror təşkilatı PKK hazırda Ermənistanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yerləşdirilir. Qardaş ölkə bu bölgədə terror təşkilatlarını yox etmək üçün birgə əməliyyat keçirə bilərik deyir. İnşallah, o günlər yaxındır, o günləri də görəcəyik”.
Hər halda, Türkiyə Azərbaycan ərazilərinin işğaldan azad edilməsini prioritetləri sırasına daxil edib. Üstəlik, Suriya və İraqdan sıxışdırılan PKK-nın Qarabağa sığınması ərazilərimizdə birgə antiterror əməliyyatlarının aparılmasını qaçılmaz edə bilər.
Bu ilin yazında Bakıdakı VI Qlobal Bakı Forumunda iştirak edən Türkiyənin baş naziri Binəli Yıldırım “Yeni Müsavat”ın əməkdaşının “Afrin əməliyyatından sonra qardaş ölkənin hərbi qüvvələrinin Azərbaycan ordusu ilə birlikdə işğal altındakı Qarabağ torpaqlarında erməni işğalçılarına və nəzarətsiz ərazidə yerləşdirilmiş PKK-çılara qarşı birgə hərbi əməliyyat keçirilə bilərmi” sualına cavabında belə demişdi: “Əgər dost və qardaş Azərbaycana buradan başqa bir təhdid yönələrsə, yaxud Türkiyəyə bu ərazilərdən bir terror təhdidi yönələrsə, qarşılığı mütləq olacaq”. Proseslər cənab Yıldırımın dediyi hədəfə aparır. Ermənistan həm də bundan narahatdır...
"Yeni Müsavat"