Ermənistan Qarabağla bağlı mövqeyini dəyişir? – Gözlənilməz bəyanat

Ermənistan Qarabağla bağlı mövqeyini dəyişir? – Gözlənilməz bəyanat backend

ATƏT-in Lissabon sammitinin Ermənistan – Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin həll edilməsi ilə bağlı konkret qərarı var.

Sammitin qəbul etdiyi qərarda göstərilir ki, Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Digər tərəfdən, burada Qarabağ ermənilərinə öz müqəddaratlarını təyin etmək hüququnun tanındığı məsələsi də yer alır. Bu, ATƏT-in məsələyə ikili standartlarla yanaşdığını göstərir.

Bunu Teleqraf.com-a erməni deputat Armen Aşotyanın fikrini şərh edərkən, politoloq Elşən Manafov deyib.

Ermənistandan verilən son açıqlamalara gəlincə, politoloq hesab edir ki, işğalçı tərəf bununla ikili gedişlər edərək çaşqınlıq yaratmağa çalışır:

“Ermənistan tərəfinin münaqişəyə yanaşmasında ciddi dəyişiklik yoxdur. Onlar qeyri-konstruktiv və qeyri-müəyyən mövqeyindən geri çəkilməyib. Bu açıqlamalar imitasiya xarakterlidir və nəticəsiz danışıqların davam etdirilməsi naminə səsləndirilib. Bu, həm də onu göstərir ki, Nikol Paşinyan iqtidarının da, Serj Sərkisyan kimi Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı konkret mövqeyi yoxdur.

Soçi görüşündən sonra bir daha məlum oldu ki, Paşinyan iqtidarı da Qarabağ və digər məsələlərdə Rusiyadan asılıdır. Rusiyanın mövqeyi isə ATƏT-in mövqeyinə uyğun gəlmir. ATƏT-in qərarı budur ki, münaqişə tərəfləri hansı razılaşmanı əldə edəcəklərsə, proses o istiqamətdə dəstəklənəcək. Bu baxımdan sual yaranır ki, ATƏT-in bu problemin tənzimlənməsində vasitəçilik missiyasını həyata keçirməsi nə dərəcədə məntiqlidir? Buna görə də hesab edirəm ki, Ermənistandan verilən son açıqlamalar imitasiya xarakterlidir. Çünki Ermənistan müstəqil siyasət yürütmək itidarında deyil və onun verəcəyi qərarlar Rusiyanın iradəsindən asılıdır”.

Qeyd edək ki, Ermənistan parlamentinin beynəlxalq münasibətlər komitəsinin sədri, Avronestdəki erməni heyətinin başçısı Armen Aşotyan Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həllinin ən doğru variant olduğunu bildirib.
Diaspora