Torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil; ermənilərin müharibə təlaşı artır, erməni QHT rəhbəri: “Azərbaycan hücuma keçmək üçün Rusiyadakı çempionatın bitməsini gözləyir...”
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümüdür. Bu münasibətlə Bakıda son on illiklərin ən möhtəşəm hərbi paradı keçiriləcək. Parada Türkiyədən də hərbçilərin qatılması iki qardaş ölkənin sarsılmaz birliyinin, siyasi və hərbi müttəfiqliyinin parlaq nümayişi olacaq. Bu, təbii ki, hər şeydən öncə işğalçı Ermənistana xəbərdarlıq mesajı olacaq. O anlamda ki, nə Azərbaycan, nə də Türkiyə ərazilərimizin işğalı ilə sonsuzadək barışmayacaq.Söz yox ki, ordumuz qardaş ölkənin hərbi dəstəyi olmadan da torpaqlarımızı işğaldan qısa zamanda azad eləmək gücündədir. Yetər ki, Ermənistana Rusiya hərbi yardım göstərməsin, onun arxasında durmasın. İnanırıq ki, bu gün uzaqda deyil. Azərbaycanın şanlı ordusu Qarabağla bağlı missiyanı da şərəflə yerinə yetirəcək. Necə ki, təxminən 100 il öncə də Azərbaycan ordusu Dağlıq Qarabağ uğrunda ermənilərin silahlı müqavimətini qırmış, separatçıları darmadağın eləmişdi.
Əfsus ki, 20-ci ilin bolşevik işğalı vəziyyəti təzədən ermənilərin xeyrinə dəyişdi: Azərbaycan SSR tərkibində heç bir əsas olmadan bir ovuc erməniyə DQMV şəklində muxtariyyət statusu verildi, faktiki Azərbaycan dövlətinin altına “gec partlayan mina” qoyuldu - halbuki Ermənistan SSR adlı tarixi yurd yerimizdə kompakt şəkildə yaşayan yüz minlərlə azərbaycanlıya eyn haqq tanınmadı. Bu harasıdır, 40-50-ci illərdə onların böyük bir hissəsi Stalin-Mikoyan cütlüyünün məkrli planı əsasında öz yurd yerlərindən Azərbaycan və Orta Asiyaya deportasiya edildi.
*****
Tarix sanki təkrarlanır. Demək, ondan ciddi nəticə çıxarmaq lazımdır ki, əvvəlki səhvlər təkrarlanmasın. Sözsüz ki, bu nəticələr çıxarılıb. Qalır torpaqları azad eləmək üçün əlverişli siyasi şəraitin, məqamın yetişməsi. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun da ötən həftə bəyan elədiyi kimi, məhz belə bir şərait yetişən anda orduya hücum əmri veriləcək.
Bu da tamamilə məntiqlidir. Azərbaycan dövləti dünyadan təcrid olunmuş şəkildə yaşamır, regiondakı və dünyadakı reallıqları, dünyanın “yazılmamış qanunları”nı, xüsusən də böyük şimal qonşumuz Rusiyanın Qarabağ məsələsində maraq və hədəflərini ciddiyə almaya bilməz. Nə yaxşı ki, populist Nikol Paşinyanın hakimiyyətə gəlişi Qarabağda qısamüddətli də olsa, antiterror əməliyyatı aparmaq üçün Kremlin Bakıya “dobro” verməsi ehtimalını artırıb. Bunu, deyəsən, erməni tərəfi də anlamağa və ciddi təlaş keçirməyə başlayıb.
*****
“Azərbaycan Rusiyadakı çempionatın başa çatmasını gözləyir”. “Yeni Müsavat”ın məlumatına görə, bunu aravot.am nəşrindəki məqaləsində erməni publisist, “Helsinki təşəbbüsü-92" Dağlıq Qarabağ komitəsinin sədri Karen Ohancanyan yazıb.
“Artıq iki aydır ki, ürəyim narahatdır. Hətta hərbi əməliyyatlar zamanı da belə narahatlıq hiss eləməmişdim. Panika yaratmaq istəmirəm, belə niyyətlərdən uzağam. Ancaq düşünürəm ki, öz xalqımızın diqqətinə bütün təmas xətti boyu yaşanan proseslərin mənzərəsini çatdırmağa borcluyam”, - deyə o qeyd edib.
Ohancanyanın sözlərinə görə, aprelin 12-dən bu günədək münaqişə zonasında gərginlik azalmır, üstəlik, Azərbaycan zirehli texnika və artilleriya da daxil, bütün növ silahları bilavasitə cəbhəyə yaxın bölgəyə cəmləşdirməkdədir: “Canlı qüvvə və texnikanın cəmləşdirilməsi görünməmiş miqyasdadır və yalnız bir məntiqdən qaynaqlanır: suveren ”artsax respublikası"na (dırnaqlar bizimdir - red.) geniş hərbi əməliyyatlara hazırlıq. “artsax ordusu” tərəfindən artıq Azərbaycanın bir neçə diversiyasının qarşısı alınıb. Azərbaycan öz ordusunun hazırlığı üçün nəhəng vəsait xərcləyir, bu ordunun gündəlik xərcləri bizim ordunun təxminən bir aylıq xərclərinə bərabərdir. Əlbəttə ki, Azərbaycan Rusiyanı qəzəbləndirməmək üçün futbol üzrə dünya çempionatının bitməsini gözləyir".
Ohancanyan bununla bağlı Bakının Moskva ilə məsləhətləşmələr apardığına əmindir: “Bunu ən azından yüksək çinli Rusiya məmurlarının Bakıya, müvafiq surətdə azərbaycanlı məmurların Moskvaya səfərlərindən görmək olar. İstisna deyil ki, Moskva Bakıya ”dobro" verəcək ki, Ermənistanın yeni rəhbərliyini bir qədər “ayıltsın” - hansı rəhbərliyə ki, o, hər halda, etimad bəsləmir, hərçənd rəsmi şəkildə dostluq jestləri nümayiş etdirir".
Erməni publisist həyəcanlı fikirlərinə davam edərək yazır: “Məni başqa bir şey - erməni rəhbərliyinin, xüsusən də Ermənistanın Müdafiə Nazirliyinin real faktlara münasibətdə özünü bivec aparması daha çox qorxudur - hansı faktlar ki, ”artsax" və Ermənistan vətəndaşlarının fiziki təhlükəsizliyini təhdid edir. Və düşmən tərəfdən genişmiqyaslı hərbi əməliyyatlar zamanı mümkün fiziki və material itkilərini azaltmaq üçün heç bir tədbirin görülməməsi məni, sadəcə, hiddətləndirir".
Müəllifi qəzəbləndirən həm də Ermənistanın diplomatik strukturlarının vəziyyətlə bağlı hərəkətsizliyidir: “Ermənistan Azərbaycanın real niyyəti barədə dünya ictimaiyyətini məlumatlandırmır. Mənim fikrimcə, ”artsax"ın və Ermənistanın müvafiq idarələri arasında qarşılıqlı əlaqələrin koordinasiyası da itirilib. Bütün bunlar məni çox narahat edir. Və mən - öz ölkəmin, bütün erməniliyin vətəndaşı və patriotu kimi bütün erməni xalqının milli təhlükəsizliyinə təhlükəni görməyənlərin hamısının gözünü açmağa çalışmalı və onları öz funksional öhdəliklərinıə uyğun olaraq hərbi konfrontasiyanın qarşısını almaq üçün təsirli addımlar atmağa çağırmalıyam".
*****
Erməni QHT sədrinin təlaşı əslində əsaslıdır. Moskva doğrudan da gizli qərbçi Nikol Paşinyana etibar eləmir, onun Rusiyaya sədaqət andının ciddiliyinə inanmır. İkinci yandan, Paşinyan özünün Qarabağla bağlı yersiz tələbləri ilə Kremli də rahatsız edib. Nəhayət, üçüncüsü, Azərbaycan sonsuzadək işğal rejiminə dözmək fikrində deyil.
Əlbəttə ki, Moskva ilə cari maraqlar üst-üstə düşən kimi Bakı ən azından növbəti uğurlu lokal əməliyyat keçirəcək. Ancaq Ohacanyanın doğru vurğuladığı kimi, ən azından, futbol üzrə dünya çempionatı bitəndən sonra. Maraqlıdır ki, həmin vaxt - iyulun 11-12-də erməni baş nazir Nikol Paşinyan Brüsselə - NATO-nun sammitinə yollanmaq niyyətindədir. Bu da Rusiya üçün növbəti, qıcıq rolu oynayacaq fakt...
musvat.com