2014-cü il iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Rusiya vətəndaşı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov evlənib.
Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərov Moderator.az -a açıqlamasında kövrəlib. S.Əsgərov deyib ki, Kürdoğlu toysuz-düyünsüz ailə qurdu:“Bəli, Kürdoğlu təxminən bir ay olar ki, ailə qurdu. Atasına görə hər şeydən imtina etdi. Nə olacaq toysuz-düyünsüz ailə qurdu. Yəqin ki, atası gələndən sonra toy edəcək. Çox sağ olun”.
Qeyd edək ki, K.Əsgərov evlənməsi haqda Facebook səhifəsində yazıb:
"Subaylığa əlvida. Söz vermişdim ki, atam gələndə toy edəcəm. Ancaq atamdan 8 aydır məktub gəlməməsi məni çox narahat edir və qərara gəldim ki, gələn dəfə atama məktubumda qeyd edim ki, evləndim. O birisini, bu birisini bilmirəm. Mən nəinki toyu dədə-baba adəti ilə, adi bir qazan asılmasına da icazə vermədim.
Mən Dilqəmin oğluyam. Allahın köməkliyi ilə toy da, bayram da atam azad olunub gələndə olacaq .
Xatırladaq ki, işğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.