18 İyun Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin şəhid olduğu gündür
Əslən Şuşanın Mirzələr kəndindən olan Şirin Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndində dünyaya göz açmışdır. Nizami adına beynəlmiləl orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşmüşdür. Bir müddət Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmət etdikdən sonra 1967-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olmuş və 1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurub təyinatla İrəvana göndərilib. Beş il orada xidmət etdikdən sonra isə Bakıya qayıtmışdır. 1988-ci ildə Hərbi Siyasi Akademiyada təhsil alaraq, Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçmişdir.1991-ci ildə qəlbində alovlanan Vətən məhəbbəti, vətənə xidmət arzusu onu Ağdama çəkib gətirdi. Onun kimi peşəkar hərbçilərə vətənin böyük ehtiyacı var idi. 1991-ci ilin oktyabr ayında bütün maneələrə və təqiblərə baxmayaraq, polkovnik-leytenant Şirin Mirzəyev respublikamızda ilk nizami özünümüdafiə taborunu yaratdı. 1992-ci ilin may ayında isə bu taborun bazası əsasında üç tabordan ibarət alay yaradıldı.
Onun komandirliyilə bir sıra uğurlu döyüş əməliyyatları reallaşdırıldı. Təəssüf ki, Şirin Mirzəyev 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək həlak oldu.
Şirin Mirzəyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı ilə təltif edilib.
Döyüş dostları Karabakh.tv-də Milli Qəhrəmanın xatirəsini ehtiramla yad etdilər.