25 ildir qəbri ziyarət olunmayan şəhid komandirin şərəfli döyüş yolu
Övlad itkisi ata-ananın ürəyində əbədi yaradır. O yara ki, sağalmır. Günün üstünə gün gəldikcə, illər ötdükcə yara daha da dərinləşir, qan çanağına dönür. Övladının adı hər çəkildikcə, xatirəsi yad olduqca yaranın qaysağı qopur, qanayır. Musavat.com-un müsahibi ürəyi övlad acısıyla qovrulan Hacı Əkbər Rüstəmovdur. Şəhid Sənan Rüstəmovun atası.Arayış
Sənan Rüstəmov 1973-cü il yanvarın 11-də Ağdamda dünyaya gəlib. 1980-ci ildə Ağdam şəhər 2 saylı orta məktəbə gedib. Sənan 3-cü sinifdə oxuyanda Qurban Priyev adına 2 saylı musiqi məktəbinin tar sinfinə gedib. Musiqi ilə yanaşı idmana da həvəs göstərib. Atası Əkbər Rüstəmovun sərbəst güləş bölməsində məşq edib. 1984-cü ildə “Qarabağ bülbülləri” ansamblının üvzü olub. 4 il sonra ansamblla birgə konsertlərdə və dövlət televiziyasında çıxışlar edib.
1989-cu ildə Ağdamın TİK ?? kollecindən məzun olur. Elə həmin ildə kişilər arasında sambo üzrə respublika çempionu olur. Sənədlərini Azərbaycan Bədən Tərbiyəsi İnstitutuna versə də, müsabiqədən keçə bilmir. Ağdama dönüb 50 saylı Texniki-peşə məktəbinin 1 illik mühasibat şöbəsində təhsil alır.
Hərbi xidmətə gedənə qədər Ağdam “Uşaq gənclər sambo” məktəbində sambo üzrə məşqşi-müəllim kimi çalışır.
1988-ci ildə milli-azadlıq hərəkatı başlayanda 15 yaşı olmasına baxmayaraq hərəkata qoşulur və hamı kimi gecələr qonşu kəndlərimizi qoruyur. 1991-ci ildə Sənan sovet ordusunun əsgəri kimi Qusarda həqiqi hərbi xidmətə başlayır.
Qarabağda müharibə başlayanda rus ordusunda xidmət etməkdən imtina edir və 60 gənclə Bakıya – Müdafiə Nazirliyinə gəlir. Qarabağa getmək üçün müraciət edirlər. Müraciətlərinə 3 gün ərzində cavab gəlmədiyini görən Sənan 17 nəfərlə birlikdə Ağdama - Xaçınstroyda yerləşən Şirin Mirzəyevin batalyonuna qoşulur.
Bu arada, Sənanın atası - Əkbər Rüstəmov evdəki digər iki oğluyla birgə səngərdə - düşmənlə üz-üzə döyüşlərdə idi. Böyük oğlu Sərvan sovet ordusunda hərbi xidmətini başa vurub Ağdama qayıtmışdı. Kiçik oğlu Kənanın yaşı isə orduya düşmürdü. Ortancıl oğlu Sənanın Qusarda olduğunu düşünürdü ki, Şirin Mirzəyev ona Sənanın yanına gəldiyini xəbərini verir.
-Şirin Mirzəyev xəbər göndərmişdi ki, Sənan yanındadır. Getdim görüşməyə. Dedi, bəs bağışla, sənə deməmiş gəlmişəm. Dedim, düz eləmisən, mən də olsam gələrdim. Vətənə xidmət lazımdır!
1992-ci ilin yanvarında qanlı döyüşlərin birində Sənan ayağından yaralanır. Buna baxmayaraq o, döyüşdən geri çəkilmir. Düşməni geri çəkilməyə məcbur edənə qədər silahdaşları ilə çiyin-çiyinə döyüşü davam etdirir, xeyli sayda düşməni məhv edir. Müalicə üçün Sənan vertolyotla Tərtərə, oradan da Ağdam xəstəxanasına göndərilir. Xocalı faciəsi haqda eşidəndə Sənanı saxlamaq olmur. Yarası tam sağalmadan cəbhəyə qayıdır.
-O zaman mən də ayağımdan yaralanmışdım. Ayağım gipsdə idi. Sənan elə hey, “ata, çıxart məni burdan”, deyirdi. Yoldaşlarının yanına dönmək istəyirdi. “Vətən əldən gedir, yatmaq vaxtı deyil”, deyirdi. Bir gün gəldim ki, Sənan palatada yoxdu. Soruşdum, dedilər, getdi.
1992-ci il mart ayında Malıbəyli-Quşçular istiqamətində Sənan, Əliabbas, Aydın və komandirləri Əkbər Məmmədovla birgə kəşfiyyata gedirlər. Oradan da Xankəndinə keçirlər. 4 saylı orta məktəbdə yerləşən düşmənin hərbi hissəsindən hərbi əməliyyat xəritəsini ələ keçirirlər. Bu və digər şücayətlərinə görə əfsanəvi komadir Şirin Mirzəyev Sənanı III batalyonun II rotasına komandir təyin edir.
Sənan mayın 9-dan 11-dək Daşbaşı istiqamətinə kəşfiyyata çıxır. Ulubab yüksəkliyində düşmənin iki postunu dağıdır, xeyli düşmən məhv edir. Qənimət kimi 7 avtomat və bir ədəd rabitə aparatı götürür.
-Bizdə silah az idi. Əlimizdə tir və ov tüfəngləri vardı. Avtomat tək-tək tapılanda sevinirdik. Posta duran əsgərin yanında 10 nəfər gözləyirdi ki, yaralansa, silahını götürsün. Bu vəziyyətdə 7 avtomat, təsəvvür edirsiniz, nə demək idi?!
Mayın 15-də erməni-rus birləşmiş ordusu güclü hücuma keçərək Ağdamın Abdal və Gülablı kəndlərini işğal edir. Sənan öz dəstəsi ilə əks hücuma keçib xeyli silah, bir ədəd videokamera, bir ədəd rabitə qovşağı ələ keçirir. Ağır döyüşlər gedir. Sənanla çiyin-çiyinə döyüşmüş kəşfiyyatçı Rey Kərimoğlu döyüş yoldaşı ilə bağlı xatirələrində yazır:
“Döyüşün qızğın vaxtında qəflətən səmada “krokodil” markalı hərbi vertolyot göründü. Ağdam tərəfdən gəldiyindən bizim olduğunu müəyyənləşdirdik. Yəqin briqadadan bizə kömək üçün göndərmişdilər. Amma vertolyot ermənilərin yox, Şirin Mirzəyevin olduğu dəstənin mövqeyini vuranda çaşıb qaldıq. Elə bildik, Şirin Mirzəyev qarışıq uşaqlar həlak oldu. Vertolyot növbəti dövrələrinin birində ermənilər tərəfindən vuruldu...
Biz Ağbulağın fermasının yanında mövqelərimizi möhkəmlədib Abdal Gülablıya tərəf qayıtdıq. Vurulan vertolyotun iki pilotundan biri - azərbaycanlı (Vaqif Qurbanovun sonrakı taleyi barədə məlumatımız yoxdur. R.K.) bizim əsgərlərin nəzarətində olan əraziyə, ikincisi, polkovnik leytenant Şuvaryov isə ermənilərin nəzarətində olan əraziyə düşdü. Özü də ağır yaralı halda. Ermənilər onu əsir götürdülər. Amma əsgərlərimiz buna mane olmağa çalışırdılar.
Əsgərlərimiz artıq sol cinahda bayaqdan bizə göz açmağa imkan verməyən BMP-nin yaxınlığına çatmışdılar. Artıq sözün əsl mənasında ölüm-dirim savaşı gedirdi. Əvvəllər kəşfiyyat dəstəsinin, indi isə 3-cü (Salahlı) batalyonunun komandiri olan Əkbər Məmmədov, həmin batalyonun 2-ci rotasının komandiri Sənan Rüstəmov, 1-ci batalyonun kəşfiyyatçısı Ziyad Əliyev, minaatanlar dəstəsindən Şamil Əbilov və digər dəstələrdən olan əsgərlərimiz var qüvvələriylə döyüşürdülər.
Ermənilər tərəfə düşən və yaralı halda əsir götürülən polkovnik-leytenant Şuvaryovu azad etmək üçün hücuma keçdik. Bu elə surətlə baş verdi ki, ermənilər geri qaçmağa başladılar. Sənan Rüstəmov Şuvaryovu çıxararaq nisbətən təhlükəsiz yerə gətirdi.
Sonra bəlli oldu ki, Şuvaryovun sənədləri, əməliyyat xəritəsi və çox vacib hərbi sirlər olan videolent ermənilər tərəfdə qalıb.
Sənan heç kəsi gözləmədən yenidən düşmən tərəfə qayıdır, Şuvaryovun sənədləri, əməliyyat xəritəsi və çox vacib hərbi sirlər olan videolenti götürüb, geri dönür. Bu zaman BMP-nin üstündəki iri çaplı pulemyotdan atılan atəşlə Sənan vurulur.
Əynində döyüşün ağır keçdiyini nişan verən, didik-didik əsgər mundiri olan on doqquz yaşlı bir gənc. Başı dizlərimin üstündə sakitcə uzanıb. Mundirinin yaxası deşik-deşik, sinəsi aramla qalxıb-enir. Bir neçə pulemyot gülləsi onun sinə qabırğalarını qırıb dağıtdığından ürəyinin çırpındığı aydınca görünür. Tozla qan qarışıq “palçığa” bulaşmış ürəyi hələ də döyünür...
Parçalanmış ürəyindən axan qıpqırmızı qan toza qarışıb, rəngini dəyişir. Lakin Sənan nə ağlayır, nə də danışır. Eləcə baxır, düz gözlərimin içinə. Nəsə demək istəyir, amma nə? Kim bilir, onun parçalanmış ürəyindən nələr keçir? Özümü elə aparıram ki, guya nə demək istədiyini anlayıram. Cəmi bir gün əvvəl sevdiyi qızın adını mənə deyəcəyinə söz vermişdi. Bəlkə onu demək istəyir, nə bilmək olar? Gecdi, çox gec. Gərək dünən təkid edəydim. Artıq nə mənası var...
Çox gənc olmasına baxmayaraq, Sənanla dəfələrlə dərdləşmişdim. Keçmişindən çox danışmışdı. On doqquz yaşlı gəncin keçmişindən nə qədər danışmaq olarsa... Həzin və şirin səsi vardı Sənanın. Təbi gələndə bir də görürdün, avtomatını tar kimi sinəsinə çarpazlayıb oxuyur... Ən çox da “Qarabağın maralı”nı oxuyurdu. Bilirdim ki, sevdiyi var. Hərdən özü söz salardı ondan, arada soruşurdum ki, kimdir sevdiyin? Cavab verməzdi, yayınardı cavabdan. Cəmi bir gün əvvəl bunları demişdi mənə: “Qaqa, saa deyəjəm! Amma heç kimə demə ha! Papam bilsə...”. Amma yenə demədi. Vədinə əməl etmək qismət olmadı.
İndi gözəl bir yaz günündə, təbiətin ən füsunkar çağında, insanın qanının qaynadığı, yaşamaq eşqinin artdığı bir vaxtda bu sevdalı gənc oğlan qollarım arasında can verir. Gözlərindən yaş axmağa başladı. Göz yaşları barıt tüstüsünə, palçığa və qana batmış sifətindən çənəsinə doğru iki çığır açdı...
Sənanın vurulduğunu görən döyüş yoldaşlarımız növbəti həmlə ilə irəli atıldılar. Ermənilər bu qəfil və olduqca cəsarətli həmlədən özlərini itirib, qaçmağa başladılar. O qədər çaşdılar ki, təptəzə BMP-ni də işlək vəziyyətdə döyüş meydanında qoyub qaçdılar. Hamısı qaçsa da, BMP-nin pulemyotçusu, Sənanı vuran erməni ələ keçdi”.
Həlak olandan sonra Sənanın əsgər paltarının cibindən Şuvaryovun sənədi çıxır. Şirin Mirzəyevin tapşırığı ilə Rauf Fərəcov bu sənədi Bakıda hərbi hospitalda yatan yaralı Şuvaryova verir. Şuvaryov Raufdan xahiş edir, onu və vacib sənədləri xilas edən əsgərə təşəkkür edərsən. Rauf ona o əsgərin şəhid olduğunu deyəndə, Şuvaryov ağlayır.
Sənanın ölüm xəbərini atasına Rəşid kişi verir.
-Dəllək Rəşid ağsaqqal adam idi. Gəldi yanıma, dedi, Əkbər, gedək. Soruşdum, hara? Dedi, Sənan xəstələnib, gedək məscidə. Başa düşdüm ki, oğlum şəhid olub. Müharibənin qaydası belədi.
Susur. Nəsə demək istəyir, sözlər boğazında düyünlənir…
-Rəhmətlik Allahverdi gəldi ki, Sənanı birinci sıradan dəfn edək. Dedim, Allahverdi, o uşaqların hamısı birincidir, hamısı balamızdır. Sonra təklif etdilər, Sənanı Bakıda dəfn edək. Ona da etiraz etdim. Sənanı Ağdamda dəfn etdik. Sən demə Allahverdi Sənan üçün birinci sıradan qəbir qazdırıbmış. İyunun 12-də özü də şəhid oldu, elə həmin yerdə dəfn olundu. Bu, çox ağır gəldi mənə… Heyf, gözəl insan idi.
Yaşasaydı, 1992-ci il iyunun 1-də Sənan sambo güləşi üzrə Avropa birinciliyində iştirak edəcəkdi. Yaşasaydı, o da sevdiyinə qovuşacaqdı. Anası Sənan üçün elçi düşəcək, atası el adəti ilə sevdiyi qızı Sənana gəlin gətirəcəkdi. Yaşasaydı, gələn il 45 yaşı olacaqdı. Yaşasaydı, çox şey fərqli olacaqdı...
Bu gün Sənanın şəhadətinin 25-ci ildönümüdür. 25 ildir düşmən əlində olan Sənan daxil minlərlə şəhidin qəbri doğmaları tərəfindən ziyarət olunmur. Dərd budur...