Qarabağ qazisi, Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvü Kamran Qüdrət oğlu Məlikov ağır xəstəlikdən sonra dünyasını dəyişib.
QAT-dan Qaziler.az-a verilən xəbərə görə, Kamran Məlikov Qarabağ müharibəsində şücaətlə vuruşub, qəhrəmanlıqla ad çıxarıb, dəfələrlə yaralanıb, gözünün birini itirib. Son illərdə qaraciyər xəstəliyindən əziyyət çəkirdi.“O, hələ yenə də yaşaya bilərdi, onu bəzi məmurların biganəliyi, qeyri-insani münasibəti öldürdü. Ölümündən sonra onun 6 nəfərdən ibarət ailəsi evsiz-eşiksiz qalıb. Həyat yoldaşı Azərbaycan Respublikasının prezidenti Ilham Əliyevə, birinci xanım, millət vəkili Mehriban Əliyevaya müraciət edib, indi onlardan cavab gözləyir. İnanırıq ki, ölkə rəhbərliyi şəhid ailəsinin küçədə qalmasına razı olmayacaq, bu ailəyə yardım edəcək, mənzillə təmin olunmasına kömək edəcək.
Şəhid qardaşımız Kamran Məlikova bir daha Allahdan rəhmət diləyitik. O, Vətən qarşısında öz borcunu ləyaqətlə yerinə yetirdi, biz onun qarşısında borclu qaldıq”-deyə QAT sədri Akif Nağı bildirib.
Xatırladaq ki, “Qazilər.az” saytı bir müddət öncə Kamran Məlikovun problemini əhatə edən yazı ilə çıxış etmişdir. (http://qaziler.az/news.php?id=3249#.VVrby_Ttmkp)
Azərbaycanın bütün Qarabağ qaziləri daından Qarabağ Qazilər Birliyi Kamran Məlikovun vəfatı ilə əlaqədar mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir!