Qarabağ separatçıları ilə Ermənistan hakimiyyəti arasında münasibətlər gərginləşməyə başlayıb.
Axar.az xəbər verir ki, Azərbaycanın işğal edilmiş Xankəndi şəhərində ermənilərin etirazlara başlaması separatçı rejimin liderlərinin İrəvana müraciətlərini artırıb. Bu müraciətlərdən biri separatçı rejimin liderinin müşaviri Artur Ağabekyan tərəfindən edilib. Ağabekyan müraciətində İrəvanı “özünə gəlməyə” səsləyib.Ağabekyan qondarma rejimin “təhlükəsizlik xidmətinin rəhbəri” olan Arşavir Kərəmyanın istefasının qəbuledilməz olduğunu və guya məhz onun aprel müharibəsindən sonra Xankəndinin “özünə gəlməsində” mühüm rol oynadığını bildirib. Digər önəmli məqam isə müraciətdə Xankəndinin Ermənistan hökumətindən aksiyalarla bağlı mövqeyini dilə gətirməsi və Qarabağa nümayəndə heyətini göndərməsi tələbinin yer alması olub.
Ermənistanın hökumətə yaxın olan saytları da artıq Qarabağdakı hadisələrə reaksiya veriblər. Onlar Levon Ter-Petrosyanın Qarabağla bağlı mövqeyini kəskin tənqid ediblər. “Lragir.am” saytının yazarı Naira Ayrumyan Petrosyanın İrəvandakı hadisələrin Qarabağda təkrarlanmaması ilə bağlı çağırışını müəmmalı adlandırıb. O, Petrosyanın Qarabağ məsələsini bir zamanlar hakimiyyətini gücləndirmək üçün vasitə kimi istifadə etdiyini bildirib.
Ayrumyan dolayı yolla Petrosyanı Robert Köçəryanın hakimiyyətə gəlməsində vasitəçi olmaqda ittiham edib.
Qeyd edək ki, Qarabağda iyunun 1-dən etiraz aksiyaları keçirilir. Etirazçılar separatçı rejimin güc strukturlarının istefasını tələb edirlər. Hələlik İrəvan baş verənlərlə bağlı mövqe ortaya qoymayıb.