26 illik Daşaltı faciəsi- Şahidlərin dili ilə

26 illik Daşaltı faciəsi- Şahidlərin dili ilə backend

Yanvar ayı xalqımızın tarixinə qara hərflərlə həkk olunub.

6 yanvar 1992-ci il də Azərbaycan torpaqlarının işğalı hesabına qondarma "Dağlıq-Qarabağ Respublikası"nın yaradıldığı elan edilb , 8 yanvar 1992-ci il də ermənilərin Krasnovodsk - Bakı sərnişin bərəsində terror aktı törətməsi nəticəsində 25 nəfər həlak olub, 88 nəfər ağır yaralanıb, 9 yanvar 1991-ci ildə ermənilər tərəfindən Salatın Əsgərova qətlə yetirilib, 19-25 yanvar 1990-cı ildə 20 yanvar faciəsi , 26 yanvar 1992-ci ildə Daşaltı əməliyyatı uğursuzluqla sona yetib, 28 yanvar 1992-ci il. "Ağdam-Şuşa" marşrutu ilə uçan Mİ-8 mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vuruldu. Nəticədə çoxu qadın və uşaq olan 44 nəfər həlak oldu. ...Və qəribəsidə odur ki, bu faciələri törədənlərin heç biri layiqli cəzasını almayıb.

Uğursuz Daşaltı əməliyyatı

Azərbaycan xalqı daha bir ağır günün ildönümünü qeyd edir, şəhidlərini anır. Yanvarın 26-da böyük uğursuzluqla nəticələnən “Daşaltı əməliyyatı”nın 26-ci ildönümü tamam olur və hər il bu əməliyyatın qurbanı olmuş insanların yaxınları, döyüş yoldaşları Şəhidlər Xiyabanında anım mərasimi keçirirlər. Ancaq üstündən on illər keçsə də, indiyə qədər Daşaltı sirləri hələ də açılmayıb, Azərbaycan ordusunun ağır məğlubiyyətinin səbəbkarları qanun qarşısında cavab verməyib. Xatırladaq ki, Şuşa yaxınlığında yerləşən, Əsgəran rayonunun Daşaltı kəndinin erməni yaraqlılarından azad edilməsi məqsədilə keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev birbaşa rəhbərlik edib.

Əməliyyatda yeni yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak ediblər.

Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltına daxil olan Azərbaycan əsgərləri düşmənin pusqusuna düşərək tamamilə məhv edilib.

Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır.

O vaxt Daşaltı əməliyyatına cavabdeh olan məsul şəxslərin sonralar verdiyi müsahibələrdən,danışdığı söhbətlərdən bu uğursuzluğun mənzərəsi gözlər önünə sərilir.

1992-ci ildə Azərbaycanın Müdafiə naziri Tacəddin Mehdiyev:

- Bir gün Riad Əhmədovu və döyüşçü dostlarını çağırıb dedim ki, biz Daşaltını erməni qüvvələrindən təmizləyə bilərikmi? Dedilər ki, bir ay əvvəl orada olmuşuq, əməliyyatımız uğurla keçib, o zaman elə güclü silahımız yox idi, indi yaxşı silahlarımız var, Daşaltıda çox uğurlu əməliyyat keçirə bilərik. Tapşırıq verdim ki, əməliyyat planı hazırlayın. Qısa zamanda Nurəddin Abdullayev əməliyyatı hazırlayıb mənə təqdim etdi. Dağ şəraitində döyüş şərtlərini nəzərə alaraq əməliyyat xəritəsinə qısa bir düzəliş etdim və dedim ki, döyüş qruplar şəklində aparılmalıdır. Qərara gəldik ki, 5 bölük birbaşa əməliyyatda iştirak etməli, 1 bölük ehtiyat qrupu olmalı, 1 bölük isə Üçmıx dağında yerləşməlidir ki, ermənilər pulemyotla atəş açanda onu dağın başından vursunlar. Yanvarın 19-da Şuşada idik, Rayon rəhbərliyini, polis rəisini, Şuşa özünümüdafiə batalyonunun rəhbərliyini yığıb planı bərabər müzakirə etdik. Şuşanın polis rəisi Vahid Bayramov dedi ki, bizim də 350 nəfərlik yerli batalyonumuz var, onlar da ehtiyat qüvvəsi kimi hazır vəziyyətdə olsunlar. Sonra xahiş etdi ki, Şuşa rayon polis idarəsində Fərman Xəlilovun başçılıq etdiyi “Speznaz” qrupu da sizin dəstə ilə döyüşə girsin. Yerli özünümüdafiə batalyonundan isə hər bölüyə bir bələdçi verilsin. Bizə söz verdi ki, toplardan atəş açmaq üçün 150 mərmi döyüş mövqeyinə göndərəcək. Beləcə, qısa zamanda 150 nəfərlik maskalat da hazırlandı. Döyüşün başlayacağı tarixi məndən başqa heç kim bilmirdi. Kəşfiyat aparmaq üçün Nəbilər kəndində post qoymuşduq. Qruplar həmin postdan keçib Daşaltıya enməli idilər. Bütün qruplar o postdan keçmişdi, təkcə Fərman Xəlilovun “Spesznaz”ından başqa. Amma onlar haradansa döyüş bölgəsinə girmişdilər. Plana görə yanvarın 25-i səhər saatlarında biz topdan ilk atəş açmalıydıq və yarım saat ərzində onlar yavaş-yavaş Daşaltıya girməliydilər. Vahid
Bayramovdan bir dənə də olsun mərmi gəlmədi. Sonra dedilər ki, prezident Rəhim Qazıyevə xüsusi səlahiyyətlər verib Şuşaya göndərir. Mən də əməliyyatı dayandırdım.

90-cı illərin əvvəllərində Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Qarabağ bölgəsi üzrə Şöbəsinin məsul əməkdaşı olmuş Ağalar Əliyev:

- Daşaltı əməliyyatının ağır itkilərlə, uğursuzluqla nəticələnməsinin əsas səbəblərindən biri əməliyyatın qeyri-peşəkar hazırlanmasıdır. Coğrafi mövqeyinə görə, 60-dan artıq evi olan kiçik bir kənddə general - nazir səviyyəsində əməliyyat keçirilməz. Şuşadan baxanda kənd ovuc içi kimi görünür. Ora heç bələdçi də lazım deyildi. Sonra da deyirlər ki, bələdçilər bizi aldatdılar. Şuşa şəhərində rayon partiya komitəsində yaradılan qərargah otağında əməliyyatla bağlı keçirilmiş müşavirə bitdikdən sonra əməliyyatın xəritəsi otaqda stolun üzərində qalmışdı. Bunun ciddi səhv olduğunu qeyd edən A.Əliyev deyir ki, ən xırda, adi görünən belə diqqətsizlik sonradan ciddi, ağır nəticələrə gətirib çıxarır.
Mayor rütbəli hərbçinin rəhbərliyi ilə maksimum 2 batalyonla yerinə yetiriləcək bir əməliyyat idi bu. 1992-ci ilə Daşaltı əməliyyatında yaşanmış faciədən xeyli əvvəl - 1991-ci ilin aprel ayında yerli qüvvələrlə, polislə birlikdə Daşaltı kəndində pasport rejiminin yoxlanılması ilə bağlı uğurlu əməliyyat keçirilib. İştirakçılardan heç birinin burnu da qanamamışdı. Neçə nəfər erməni ölmüşdü. Səhərisi gün isə birbaşa kəndin içərisinə girdik və Daşaltıda nə qədər əli silah tutan başıpapaqlı erməni vardı, hamısını tutub gətirdik. Sonra da bizə təzyiqlər oldu ki, onları buraxın. Bu əməliyyatda ən böyük silahımız pulemyot idi.

1992-ci ildə MN-nin tabor komandiri müavini Möhtəşəm Məhərrəmov :

- Şuşada camaat hər gün Mədəniyyət evinin qarşısına yığışırdı. Hamı danışırdı ki, Tacəddin müəllim orda camaatla görüşəndə deyib ki, 3 günə Daşaltı götürüləcək. Yanvarın 24-də axşamüstü Tacəddin müəllim Nurəddin Abdullayevlə gəldi bizim batalyona. Dedi ki, mən sabah 11 manqa ilə Daşaltıya hücum edəcəm, mənə hər manqaya 1 bələdçi verməlisiniz. Dedim ki, Tacəddin müəllim, gəlin, bizim batalyonla bərabər hərəkət edək. Çünki Bakıdan gələn “Şıxov” batalyonunun uşaqları hamısı mülki vətəndaşlar idilər, bəlkə ilk dəfə idi ki, silah, hərbi geyim görürdülər. Bir də ki, Şuşa ilə Bakının iqlimi, relyefi çox fərqlidir və burada qışdır, qardır, hava çox sərtdir. Tacəddin müəllim təklifimi rədd etdi və dedi ki, bu əməliyyat bizimdir, siz qarışmayın, sadəcə, hər manqaya bir bələdçi verin. Onu da deyim ki, Bakıdan gələn uşaqlara Şuşada heç bir hərbi təlim keçilməmişdi. Gəldiklərindən 2-3 gün sonra Daşaltı əməliyyatına aparıldılar. Hansı ki, dediyim kimi heç biri hərbçi deyildi. Mən də etiraz elədim, dedim ki, mən sizə bələdçi vermirəm və bu əməliyyatda məsuliyyət daşımıram.

1992-ci ildə Şuşa özünümüdafiə batalyonunun komandiri Fəxrəddin Səfərov:


-slində Daşaltı əməliyyatında mənim taborum birbaşa iştirak etməli idi. Hər bir döyüşçü kəndə bələd idi, iqlimə uyğun idi, burada doğulub böyümüş vətəndaş idi. Şuşa yerli özünüidarə batalyonu niyə bu əməliyyatdan kənarda qalmalı idi? Bu iqlimi bilməyən, ömründə bir dəfə də olsun Şuşanı, Daşaltını görməyən uşaqları Bakıdan gətirib əməliyyata aparınca bizim öz batalyonumuzu aparmalı idilər. Mən birinci əməliyyatda iştirak etmirdim, başqa əraziyə təyinatlandırılmışdım. Mənim batalyonumda iriçaplı pulemyot olduğu üçün ikinci əməliyyata çağırdılar ki, pulemyotu gətirməlisən. Mən gəldim, təəssüf ki, gec idi, yalnız döyüşçülərimizin meyidlərini çıxarda bildik.

1992-ci ildə MN-in bölmə komandiri Sovet Əsədov: : Bölmələr əməliyyata girəndə mən orada iştirak etdim. Orada şuşalı bələdçiyox idi. Laçından gəlmiş uşaqlar deyirdilər ki, biz Daşaltıya bələdik. Mən Tacəddin müəllimə dedim ki, bu uşaqlar şuşalı deyil, onlar döyüşçüləri Daşaltıya apara bilməyəcəklər.

P.S Daşaltı əməliyyatının qurbanlarından biridə 1961-ci ildə Ağdam rayon Baş Qərvənd kəndində anadan olan Məhərrəm Abbas oğlu Abbasovdur. Məhərrəmin anası Hamar xala, atası Abbas kişi bu dünyadan oğul dərdiylə köçdülər. Təəssüf ki, onların övladı haqqında bu günə qədər dəqiq bir məlumat əldə olunmayıb. Məhərrəmin, eləcədə onlarla igidlərin yaxınlarının-doğmalarının gözləri hələ də yollardadır.

Əntiqə Rəşid

Diaspora