Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) 1 ildir Dilqəm Əsgərovdan məktub gətirmir, deyirlər, guya yazmaq istəmir.
Banqladeşli həkim isə söylədi ki, qardaşım şəkər xəstəliyi tapıb.Bu sözləri Teleqraf.com-a açıqlamasında Dağlıq Qarabağda girov saxlanılan Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərov deyib.
Onun sözlərinə görə, Dilqəm Əsgərov oğluna 7 ay qabaq məktub göndərib: “Mənə Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən axırıncı dəfə ötən il fevralın 27-də yazdığı məktub verilib. Bir neçə gün qabaq Beynəlxalq Qızıl Xaç Komitəsinin həkimi ilə görüşdüm. 3 aydan bir gedib qardaşımgilin vəziyyətini öyrənir. Banqladeşli həkimin dediyinə görə vəziyyəti normadır. Tutulan vaxtı ayağını zədələmişdilər deyə uzun müddət ayağında problem vardı, deyir, ayağındakı ağrılar səngiyib, ancaq təzyiqi yüksək olur deyə başağrısı verir. Qardaşım həmişə təzyiqdən əziyyət çəkirdi, amma şəkər xəstəliyi yox idi, həkim deyir, tez-tez şəkəri yüksəlir”.
Sahib Əsgərov qeyd edib ki, bir neçə video göndərsə də, heç birindən xəbər yoxdur: “Ay yarımdan bir BQXK onlara baş çəkir, 1 ay qabaq bağlama da göndərdim, ancaq heç bir məlumat verilmir. Əvvəllər bağlamanı qəbul elədiyi vaxt şəklini çəkib bizə göstərirdilər, indi foto çəkməyə də icazə vermirlər. Deyirlər, bağlamanı çatdırmışıq, lakin bunu təsdiq edəcək bir şey yoxdur.
Bağlamaya paxlava qoymaq istədik, razı olmadılar ki, təzyiqini qaldıracaq, şəkərbura, turş konfetlər, vafli qoyduq. Ailəsi Şəmkirdə yaşayır, onlar da nə isə göndərmək istəyəndə birgə bağlamaya qoyub göndəririk”.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.