Karneqi Fondunun analitiki, britaniyalı jurnalist, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında “Qara Bağ” kitabının müəllifi Tomas de Vaal “Carnegie Europe” nəşrində “Ermənistan inqilabı və Qarabağ münaqişəsi” başlıqlı məqalə dərc edib
AzVision.az-ın məlumatına görə, müəllif yazır ki, Ermənistandakı etiraz aksiyaları Serj Sarkisyanın baş nazir postundan istefasına, müxalifətçi Nikol Paşinyanı isə hakimiyyətə gətirdi. Lakin ölkədəki inqilab hələ tam başa çatmayıb.Tomas de Vaalın fikrincə, Paşinyan baş nazir olandan sonra ölkənin gələcək inkişafı ilə bağlı xalqa yeni ümidlər və vədlər versə də, Ermənistanın yeni hökumətinin bütün işləri bir məsələdəki səhv addımı ilə sovurula bilər. Bu məsələ 30 ildir ki, həll olunmamış Dağlıq Qarabağ münaqişəsinə yanaşmadır.
“Yorğun danışıqlar prosesinə bir az silkələnmə lazımdır – amma çox da yox. Və Dağlıq Qarabağ münaqişəsinə dair ilk davranış və şərhləri ilə Paşinyan, əlbəttə ki, mövcud vəziyyəti silkələdi. Lakin Qarabağ Ermənistanın “ayrılmaz hissəsi”dir deməklə, o, diplomatdan çox, kütlənin üzvü kimi danışıb”.
Müəllif hesab edir ki, Paşinyanın baş nazir seçildikdən bir gün sonra - 9 may qələbə tədbirinə qatılmaq üçün Qarabağa gedərək, orada "Qarabağ erməniləri münaqişənin nizamlanması üzrə danışıqlarda birbaşa iştirak etməli və danışıqlar masasına əyləşməlidir” kimi sərt mövqe sərgiləməsi daha çox daxili auditoriyaya yönələn siyasətdir.
“Paşinyan 1990-cı illərdə Qarabağ müharibəsində savaşan və son 20 ildə Ermənistanı idarə edən 2 Qarabağ ermənisinin yolu ilə gedir. Aydındır ki, bununla o, milli təhlükəsizlik məsələlərinin ona etibar edilə biləcəyini təsdiqləmək istəyir və Qarabağ ermənilərini də əmin edir ki, onların tərəfindədir.
Təhlükə ondadır ki, əgər Ermənistan lideri açıq şəkildə Dağlıq Qarabağın suverenliyinə iddia edirsə və 1993-94-cü illərdə Ermənistan silahlı qüvvələrinin Qarabağ ətrafında zəbt etdikləri Azərbaycan torpaqları qaytarılmayacaq deyirsə, Bakı ilə danışıqlar aparmaq üçün heç nə qalmır və tərəflər yenidən müharibəyə doğru yol almış olurlar. 200-dək can alan 2016-cı ilin dördgünlük müharibəsi bunun baha başa gələcəyinə dair xəbərdarlıqdır. Mayın 20-də Azərbaycan əsgərinin öldürülməsi ilə atəşkəs hələ də pozulur” – deyə Tomas de Vaal yazıb.
O, hesab edir ki, münaqişəni kənardan izləyənlər üçün ATƏT-in Minsk qrupunun hazırladığı baza prinsipləri sənədində Qarabağ münaqişəsi üzrə sülh razılaşmasının konturları aydın şəkildə göstərilib: “Münaqişənin nizamlanmasında iki mühüm element var: Azərbaycan Qarabağ ermənilərinin özünüidarə hüququnu tanıyır və Ermənistan isə Qarabağ ətrafında işğal etdiyi əraziləri geri qaytarır, amma Ermənistanla quru dəhlizi istisna olmaqla. Tərəflərin digər məsələlər üzrə razılığa gəlməsi üçün Dağlıq Qarabağın statusunun – hansı ki, 1988-ci ildə münaqişə bu amilə görə başlamışdı - kifayət qədər qeyri-müəyyən qalması da faydalıdır".
Müəllifin fikrincə, münaqişənin nizamlanması istiqamətində ideyalar səslənir, amma regionda çox az adam hələ də bu ideyalara inanır. Çünki son 15 ildə Qarabağ üzrə danışıqlar prosesi “kabuki danışıqları”na çevrilib.
Müəllif qeyd edib ki, Ermənistanın yeni baş nazirinin münaqişə ilə bağlı bu cür aqressiv mövqeyinə Azərbaycanda müdafiə naziri döyüşkən şərhlər verib, Xarici İşlər Nazirliyinin sözçüsü isə daha diplomatik qaydada etirazını bildirib.
Tomas de Vaal onu da vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyev indiyədək hələ ki, sakitliyini qorumaqla düzgün hərəkət edib: “Lakin Azərbaycan prezidenti bu sakitliyini uzun müddətə qoruyub saxlayacaqmı? Çünki vətənpərvər etimadlarının sarsılmasından qorxan Paşinyan və silahdaşları, münaqişə ilə bağlı tezliklə barışdırıcı bəyanat verənə oxşamırlar. Münaqişənin həllinə dair Ermənistanda yeni, effektiv siyasətin ortaya qoyulması bir neçə ay çəkə bilər.”
Paşinyanın “Dağlıq Qarabağ müstəqil tərəf kimi danışıqlar masasında oturmalıdır” bəyanatına münasibət bildirən Vaal vurğulayıb ki, Qarabağ ermənilərinin, eləcə də, oradan qovularaq köçkünə çevrilmiş Qarabağ azərbaycanlılarının səsi eşidilməlidir. Hətta onları danışıqlara daxil etməklə nəsə konstruktiv töhfə verib-verməyəcəklərini sınamaq da olar.
Britaniyalı analitik əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi ABŞ-ın gündəliyindən çoxdan düşüb. Lakin Avropa İttifaqı danışıqlar prosesinə yeni nəfəs verə, həmçinin Minsk qrupunu dəstəkləməkdə daha fəal rol oynaya bilər.
Sonda Tomas de Vaal yazıb: “Can verən sülh prosesinin canlanmaya ehtiyacı var, amma Ermənistanın yeni liderləri küçədə qazandıqları legitimlikdən necə istifadə edəcəkləri barədə ehtiyatlı olmalıdırlar. Qarabağ üzrə danışıqlar prosesi həssas struktura malikdir. Danışıqların iflası yalnız bir yola - yeni münaqişəyə apara bilər.”