Hələ sovet dönəmiydi, hələ gözümüz önündə böyüyən, yaxınlarımız, doğmalarımız olan kənd oğlanlarının hamısını adi bir insan kimi görürdük.
Kicik vaxtı nadinc, davakar, zaman kecdikcə samballı, zəhmətsevər, istiqanlı.... bir sözlə, hamısı bir-birinə bənzəyirdi. 1988-ci il gəldi. Dünyamız calxalandı, Qarabağın, Azərbaycanın üzərini qara buludlar aldı. Münaqişə-müharibə qacılmaz oldu. Ölüm, qan, dağıntı, fəlakət, göz yaşları qoxuyan o müharibənin bəlkədə yeğanə xeyri o oldu ki, eyni gözdə gördüyümüz , eyni tərəzidə ölcdüyümüz o oğlanlar bir-birindən secilməyə başladılar. İclərindəki, ruhlarındakı kəşf edə bilmədiyimiz o fərqlilik üzə cıxdı. Bəzən hec fərqində olmadığımız bir oğul ölcümüzdəki o adi-sadə oğlanların coxundan ucada durdu, hörmətimizi qazandı, sevgimizə layiq oldu.Və düşünürük ki, bu gün belə bir fərqli insanla oturub söhbətləşmək bizə maraqlı olduğu qədər siz oxucularımıza da maraqlı olacaq. Həmsöhbətim Qarabağ müharibəsində II qrup əlil olmuş mayor Bakir Abdullayevdi. Qeyd edim ki, 1973-cü il 26 mart ayında Ağdam rayonunun Baş Qərvənd kəndində doğulan Abdullayev Bakir Allahqulu oğlu çoxuşaqlı ailənin sonuncu övladı olub. Sərbəst düşüncəli, təhlükələri saymayan, üzdən sərt görünən bu uşaq, təbiətcə çox mərhəmətliydi. Xüsusən, xırda ”məktəb davalarında” döyülənin yanında, döyənin qarşısında olub. Boyu balaca, çəlimsiz uşaqlar Bakirə “xilaskar” kimi yanaşıblar. Axı, 6-cı sinifdə oxuyanda boy-buxununa, qamətinə görə onu onuncu sinif şagirdlərinin də qarşısına çıxarda bilirdilər. Bax beləcə, Bakirin özündən asılı olmadan ətrafı onu lider kimi yetişdirirdi...
Bakirin peşə secmək istəyinə evdən hec kim etiraz etmədi. Ən çətin və məsuliyyətli peşəni seçdi, həm də dünyanın ən qarışıq zamanında. O hərbi təhsilinə 1991-ci ildə Rusiyada-Vladiqafqaz Ümumqoşun Ali Komandirlər Məktəbində başladı. Bir ildən sonra “Bakı Soveti” adına Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə köçürüldü. 3-cü kursda oxuyurdu. Gözü təlimlərdə, kitablarda olsa da, fikri-zikri ancaq canlı döyüş gedən ərazilərdə qalmışdı.Bir gün isə artıq dözə bilmədi. 1993-cü ilin 13 fevralında 62 nəfər kursant yoldaşı ilə cəbhənin ən qaynar nöqtəsinə-Ağdərəyə yollandı.
-Cənab mayor, bizə gənc kursant, döyüşü yalnız kinolardan və təlimlərdən tanıyan əsgərin döyüş yolundan danışmağınızı xahiş edirik.
-Hərbçi peşəsi bəlkədə yeganə peşədir ki, ölümlə göz-gözə, nəfəs-nəfəsə qədər yaxın olursan. Bunu bilə-bilə bu peşənin dalınca getdim. Peşəkar dərslər, təlimlər bizi auditoriyaya sığmaz edirdi. Çünki artıq nələrisə bilirdik və bu bildiklərimizi xalqımızın o ağır, məşəqqətli günlərində ortaya qoymaq arzusundaydıq. Yalçın, Elçin, İsrafil, Elşad, Bayram və adını çəkə bilmədiyim kursan yoldaşlarımla 14 fevralda artıq Aterk, İmarət Qərvənd kəndləri uğrunda qanlı döyüşə atılmışdıq. İmarət Qərvənd kəndində olanlar bilir, kəndin bir tərəfi uca dağlar, sıx meşələr, şərqə tərəf hissəsi isə qismən dağlıq ərazi idi.
Tərtər çayı məhz bu kəndin yaxınlığından keçdiyi üçün qışda da bura əsrarəngiz bir gözəlliyə bürünərdi.Bizim tabor kənddə döyüş əməliyyatlarında ciddi tapşırıqlar yerinə yetirir, qarşı tərəfin hücumlarının qarşısının alınmasında xüsusi rol oynayırdı. Döyüşün ən qızğın vaxtında qərargahla bütün əlaqələrimiz itdi. Eyni hərbi geyimlə təmin olunmuş erməni və azərbaycanlı əsgərləri bir-birindən ayırmaq cətinləşdi.. Haranı vurmaq, hansı tərəfi atəşi tutacağımızı bilmədik. Bizim əraziyə nəzarət etdiyimiz yüksəkliyin ətrafı hərbi transpartyorlarla, tank və PDM-lərlə mühasirəyə alındı. Elə bir kritik durum yaranmışdı ki, nə qərar verəcəyimizi də bilmirdik. Üstə gəl, mənfi 10-15 dərəcə şaxta, sıldırım qayalıqlar, gəldiyimiz yolda isə düzülmüş erməni əsgərləri...Anladıq ki, mühasirəyə düşmüşük və bu “ölüm-qalım” məngənəsindən çıxmaq hərbçi soyuqqanlığı tələb edir. Komandir kimi sözümü eşidən, mənə inanan kursantlara qurtulmağımızın yolunun ancaq dağlardan enib Tərtər çayı boyunca irəliyə-çayın axarı tərəfə getmək olduğunu bildirdim. 3 gün dağlarda həm üstümüzə hücuma kecən ermənilərlə döyüşdük , həm uşaqları sağ-salamat geri qayıtması üçün qarla-şaxta ilə, sıldırımlı yollarla mübarizə apardıq. Ayaqqabım ayağımdan cırılıb çıxmışdı. Sol ayağımı don vurmuşdu.
Gödəkçəmin qolunu cırıb ayağıma bağladım ki, şaxtada donub qalmayım, uşaqları mənzilbaşına sağ –salamat çatdırım. Düzdü həmin döyüşdə 8 kursantı itirdik. Amma ermənilərin gələcəkdə hərbi zabit kimi püxtələşəcək o kursantları tamamilə məhv eləmək planın baş tutmasına imkan vermədim. Mühasirədən çıxdıq.
-Sonra yenidən “Nasosnu”, Yaşma və Qusar rayonlarında hərbi təlimlərə qatıldınız...
- Bəli. Təlimlərdən sonra-1994-cü ildə vaxtından əvvəl kiçik leytenant rütbəsiverildi və mən yenidən Tərtərdəki hərbi-hissəmizə qayıtdım. Bölük komandiri kimi tabeliyimə 86 əsgər verildi. Bu dəfə müharibəyə elə bir vaxtda qatıldım ki, strateji yüksəkliklər, əhəmiyyətli mövqelər düşmən caynağına keçmişdi. Döyüşlər o qədər qızğın gedirdi ki,hər dəqiqə əsir düşə, məhv edilə bilərdik. Ən ağır Ağdam rayonunun Şotlanlı-Güllücə-İlxıçılar kəndləri uğrundakı döyüşümüz oldu. Düzü, bu döyüşdən kiminsə sağ çıxacağına inamımız yox idi. Ona görə, hər birimiz özümüz üçün son çarə olaraq cibimizdə qumbara saxlayırdıq. Erməni və rus əsgərləri bizim mövqeni 3 tərəfdən atəşə tuturdu. Bircə yolumuz qalmışdı, günortadan sonra həmin ərazini də əhatələrinə aldılar. Artıq mühasirə vəziyyəti yaranmışdı. Biz onların, onlar bizim səsimizi eşidir, bir-birimizi görürdük. Elçin (şəkili), Rafiq (ağsulu), Vüqar (xocavəndli), Elnur (bərdəli) və digər döyüşçülərimiz əsil qəhrəmanlıq nümunəsi göstərirdilər. Rafiqi də, Elçini də tankdan acılan atəşlə vurdular. O an anladım ki, o tank susdurulmasa qardaş hesab etdiyim əsgərlərim məhv ediləcək. Yerdə qumbaraatan silah vardı, götürmək istəyəndə baxdım ki, dəstəkdən bir qol, sahibsiz bir əl bərk-bərk yapışıb. Bir az kənarda qolu dibdən qopmuş əsgərin qışqıraraq: komandir, qoyma məni ölüm-harayını eşitdim. Şah damarından qan sanki fəvvarə kimi axırdı. Paltarından kəsib yarasının üstünə basdığım parça təbii ki, onu xilas edə bilməzdi.
Artıq gec idi. İndi qalırdı qumbaraatanın dəstəyinə möhkəmcə kilidlənmiş o əli- o sahibsiz qolu qoparmaq. Və nəhayət ,o əcəl tankı ilk atəşdən yayına bildisə də, ikincidən yayına bilmədi. Artıq canlı qüvvəni də aydın gördüyüm üçün, onları da atəşə tutmuşdum. Bu, hücuma kecən digər erməni tankının gözündən qacmadı. Lüləsini mənim istiqamətimə yönəldib atdı. Mərmi məni torpaq qarışıq götürüb atdı. İlk öncə nə baş verdiyini anlamadım. Sinəmin üstündən qanın süzülərək getdiyindən xəbərsiz idim, ilk gözumə görünən isə barmağımdakı yara idi. Tez cətinliklədə olsa da “aptecka” dan sarğı cıxartdım, yaramı bir təhər sarıdım. Necə deyərlər, yaralarım “isti-isti” olduğu üçün nə ağrı hiss edirdim, nədə yaxamdan axan qanı görürdüm. Amma hiss edirdim ki, getdikcə gücüm tükənir, ağırlaşıram, tərpənə bilmirəm..
Çox yaxından isə ermənilərin danışıq-söyüş səsləri gəlirdi. Fikirləşdim ki, artıq ermənilər mühasirəni yarıb bizi əsir götürməyə gəliblər. Bir nüansı qeyd edim..O vaxt Nasosnuda təlimlərdə fərqləndiyimə görə, Türkiyəli zabit elə əsgərlərin qarşısında mənə öz zabit paltarını bağışlamışdı. Mən də döyüşlərə o paltarla girirdim. Bu səbəbdən də ermənilərin mənə nələr edəcəyini təsəvvürümə gətirdim. Yenədə cox əziyyətlə əlimi atıb, şalvarımın cibindən qumbaranı cıxartdım. Heydən kəsilmiş,hərəkətini itirmək üzrə olan əllərimlə “kalso”dan yapışdım. Nə qədər dartdım, qumbara açılmadı. O arada huşumu itirdim və olanlardan xəbərsiz oldum.
-Bəs sizi ordan kim çıxartdı?
-Mənim ikinci dəfə dünyaya qayıtmağımın səbəbkarı Seyid Məhəmməd kişi olub. O Şotlanlı kəndindən idi. Kəndləri bombalanmasına, erməni əsgərlərinin əhatəsinə düşməsinə baxmayaraq kəndi tərk etməmişdi. Sağ qalan uşaqlarla birlikdə məni atının tərkinə uzadıb, səyyar tibb məntəqəsinə gətirə bilmişdi. Bu hadisə 1994-cü ilin 24 aprelində baş vermişdi. Orda ilkin yardım alandan sonra vəziyyətimin həddən artıq təhlükəli hesab olunduğu ücün vertalyotla Bakıya-hospitala aparıldım.
-Qonşunuz Sahib (Ağayev) danışır ki, ananız həmin gün sizdən xəbəri olmadığı halda ağlayırmış, haray qoparırmış ki, mən hiss edirəm, balama nəsə olub, Bakirə nəsə olub...heç kim onu sakitləşdirə bilmirmiş...
-(Gülür) Hə, ana ürəyidi də hiss edib...amma “ölüb” deməyə dili gəlməyib.12 saat reanimasiyada qaldım,ciyərimin 60 faizi kəsilərək götürüldü, ağır kəllə-beyin travması, gözlərimdə şiddətli ağrılarla gözümü açdım.Elə hesab edirdim ki, əzik-əzik olmuşam. Amma sağalan kimi ilk gedecəyim yer batalyonumuza olacağını rəhbərliyə bildirəndə heç kəs buna razı olmadı. Demək olar ki, çox isrardan sonra yenidən Tərtərə-batalyonumuza qayıtdım. Hərbi xidmətimi davam etdirdim. 2013-cü ildə aramsız baş və ciyər ağrıları səhhətimdə böyük problemlər yaratdı. Hospitalda müalicədən sonra bu dəfə komandanlığın israrı ilə məni orduya yararsız olduğuma görə ehtiyata buraxdılar.
-Eşitdiyimə görə, sağ gözünüz tamamilə görmür.
-2016-cı ilin aprel ayının məlum hadisələrində təcili olaraq Ağdam-Tərtər bölgəsinə yola düşdük. Döyüşləri Seysulan kəndi istiqamətindən müşahidə edirdik.
Bilmirəm bəlkə də elə möhtəşəm bir döyüşdə iştirak edə, əsgərlərimizə qoşulub düşmən üstünə yeriyə bilmədiyimə, bəlkə də həmin gün döyüşdə şəhid olanlarımıza sarsıldığıma görə çox həyəcan və stress keçirdim. Axı mən hərbçiyəm. Mən də onlarla birlikdə olmalıydım. 1 saatın içində sağ gözüm tamamilə qaraldı və heç yeri görə bilmədim. Yenidən hospital, yenidən müalicə və müayinələr... Məlum oldu ki, mənim sağ gözüm heç vaxt görməyəcək. Yeganə çıxış yolu İsraildə başımdan cərrahi əməliyyat olunmağımdı... Onada ki...
-Maliyyəniz çatmır. Amma inanıram ki, 22 il vətənə nöqsansız xidmət göstərdiyinizə görə, bu imkan sizə veriləcək, inşallah!Bakir müəllim, sizin simanızda bütün Azərbaycan hərbçilərinə bir arzum var. Gün o gün olsun ki, Xankəndinə zəfər bayrağı sancasınız! Cünki türk oğlu, türk əsgəri yalnız zəfər üçün doğulub!
P.S.Unutmadan onu da qeyd edim ki, mayor Bakir Abdullayevin bir xüsusiyyətini sizə çatdırmadım. O həm də vəfalı dost, etibarlı yoldaşdır. Cünki, kursant yoldaşı –şəhid Elşad Həmidov haqqında qısametrajlı filmin araya-ərsəyə gəlməsinin bütün maliyyə dəstəyini öz üzərinə götürüb.Təşəbbüskarıda özü olub. Bakirin və onun keçmiş əsgər dostlarını yaxından tanımaq istəsəniz mütləq “Ölümümə peşman deyiləm” filmini izləyin!
“Ölümümə peşman deyiləm”
Əntiqə RƏŞİD