“İrəvan qarışanda ona görə müharibə etmədik ki... ”- səbəblər

“İrəvan qarışanda ona görə müharibə etmədik ki... ”- səbəblər backend

Müharibə başlayacağı təqdirdə, Ermənistanın bundan ölkəmizin əleyhinə istifadə edəcəkdi

Ermənistanda Nikol Paşinyanın baş nazir seçilməsi ilə 1 aya yaxındır davam edən gərginlik yəqin ki, tədricən aradan qalxacaq. Ən azından insanların küçələrdən yığışacağı gözləniləndir. Bir çox siyasi, hərbi ekspertlər aprelin 13-də Ermənistanda xalq etirazlarının ölkəni bürüməsindən sonra və faktiki olaraq hakimiyyət böhranı yaşandığı günlərdə Azərbaycan hakimiyyətinə bu fürsətdən istifadə edib torpaqlarımızın azad edilməsi üçün hərbi əməliyyatlara başlamaq çağırışı etdilər. Lakin məlumdur ki, Azərbaycan bu müddətdə hərbi əməliyyatlara başlamadı.

Odur ki, ortaya belə bir sual çıxır ki, biz bu bir ayda Ermənistandakı vəziyyətdən, xaosdan, hökumətsizlikdən hansı səbəblərə görə istifadə etmədik? Bəlkə doğru etdik bu cür davranmaqla? Bəlkə çox böyük səhvə yol verib tarixi şansı əldən vermiş olduq?

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın Ermənistandakı proseslərdən fürsət olaraq istifadə etməməsinin səbəbləri var: “20 ilə yaxın müddətdə Ermənistanda separatçı Dağlıq Qarabağ rejiminin nümayəndələri hakimiyyətdə idi. Robert Köçəryanla Serj Sərkisyan Xocalı soyqırımında, Azərbaycan ərazilərinin işğal edilməsində əllərində silah şəxsən iştirak ediblər. Onlarla sülh anlaşması mümkün deyildi. İndi Ermənistanda hakimiyyət dəyişir və Azərbaycan torpaqlarının işğalında, azərbaycanlıların soyqırımında şəxsən iştirak etməyən, Ermənistan doğumlu Nikol Paşinyan hakimiyyətə gəldi. Bu yeni vəziyyət yaradır. Bu bizə şərait yaradır ki, yeni hakimiyyətlə bir dialoq mühiti yaradıb onlara anladaq ki, müharibə onlara zərərdir. Ermənistanda hərbi xuntanın hakimiyyətdən uzaqlaşdırılması üçün proseslərin getdiyi vaxtda bizim seyrçi mövqeyində dayanmağımız doğru idi. Biz bu ərəfədə müharibəyə başlaya bilməzdik. Hücuma keçsəydik, zəif duruma düşə bilərdik. Birincisi, müharibə şəraitində Ermənistan cəmiyyəti birləşəcəkdi. İkincisi, bizi beynəlxalq aləmdə doğru anlamayacaqdılar ki, Azərbaycan Ermənistandakı qarışıqlıqdan istifadə edib bölgədə müharibəni alovlandırdı”.

Politoloq hesab edir ki, bununla bərabər istər indi olsun, istər bundan sonrakı dövrdə, Ermənistana hərbi təzyiqi biz davam etdirməliyik. Hücuma başlamasaq belə, hərbi gücümüzü artırmalı, hərbi texnikanın dislokasiyasını daim aparmalıyıq. Yeni hakimiyyət anlamalıdır ki, onlar konstruktiv mövqeyə gəlməyincə, Azərbaycan hərbi təzyiqdən əl çəkən deyil:

“Əgər Paşinyan Serj Sərkisyanın siyasətini davam etdirəcəksə, Ermənistan uçuruma yuvarlanmaqda davam edəcək, Paşinyan özü isə Sərkisyanın taleyini yaşayacaq. Küçə etirazları ilə hakimiyyətə gələn adamın özünə də qarşı küçə etirazları olacaq. Biz hazırda əlimizdə olan siyasi və iqtisadi amillərdən ciddi istifadə etməliyik. Rusiya ilə danışıqlarımızı intensivləşdirməliyik, Gürcüstanla da iş aparmalıyıq. Rusiya hələ Paşinyana münasibətində qərarlı deyil. Bu situasiya bizə bir qədər üstünlük qazandırır”.

Politoloq Natiq Miri isə bildirdi ki, Azərbaycanın son bir ayda işğalçı ölkənin daxilindəki vəziyyətdən istifadə etməməsi başa düşüləndir: “Azərbaycan bilirdi ki, hərbi əməliyyatlara başlasaq, bu, Ermənistanda hakimiyyətdən qovulmaq üzrə olan hərbi xuntanın əlinə fürsət verəcək. Azərbaycan rəhbərliyi çox gözəl anlayır ki, aprelin 13-dən sonrakı dövrdə dünyanın diqqət mərkəzində olan regionlardan biri də məhz Ermənistandır. Belə bir zamanda hərbi əməliyyatlara başlasaydıq həm Rusiya, həm də Qərb tərəfindən çox ciddi təpkilərlə qarşılana bilərdi. İkincisi, Azərbaycan maraqlı idi ki, Ermənistanda etiraz dalğası öz məntiqi nəticəsinə çatsın. Yəni Serj Sərkisyan rejiminin, Qarabağ klanının devrilməsində, tamamilə hakimiyyətdən uzaqlaşdırılmasında Azərbaycan hakimiyyəti maraqlıdır. Məhz bütün bunları nəzərə alaraq, Azərbaycan cəbhə xəttində müəyyən hərbi texnika və canlı qüvvə baxımından cəmləşsə də hər hansı bir hərbi hərəkətlənməyə yol vermədi”.

Politoloqun sözlərinə görə, Nikol Paşinyan Qarabağ məsələsində konstruktivlik göstərməsə, bu problem həll edilməsə və nəticədə Ermənistan iqtisadi blokadadan xilas olmasa, xalqın etirazları ilə üz-üzə qalacaq. Paşinyan xalqı Qarabağ klanı kimi uzun müddət qorxu altında, müharibə xofu altında saxlaya bilməz: “Azərbaycan çox gözəl bilir ki, əgər Nikol Paşinyan həqiqətən də xalqın çiynində hakimiyyətə gəlibsə və Ermənistanın iqtisadiyyatının önünü açmaq istəyirsə, bu yol yalnız regionda mühüm dövlətlər olan Azərbaycan və Türkiyə ilə münasibətlərin düzəlməsindən keçir. Bu olmadan Ermənistan iqtisadiyyatının inkişafı mümkün deyil. Artıq sübut edilib ki, Rusiya və İranla əlaqələr Ermənistan iqtisadiyyatını heç də inkişaf etdirə bilməyib. Ermənistan bütün enerji və qlobal layihələrdən məhrum vəziyyətə düşmüş dövlətdir. Bu vəziyyətdən o, yalnız Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqla çıxa bilər. Azərbaycan və Türkiyə ilə anlaşma isə Dağlıq Qarabağ probleminin həllindən keçir. Nikol Paşinyan bu reallığı qəbul edib buna uyğun konstruktiv addımlar atmayacağı halda onun da Ermənistandakı vəziyyəti düzəltməsi mümkün olmayacaq”.

“Yeni Müsavat”
Diaspora