“Mənə elə gəlir ki, 70 təvəllüddən geriyə - 69, 68, 67... illərdə doğulanlar tamam başqa havanın, başqa dünyanın insanlarıdır.
Odur ki, indiki dünyada, real zəmanədə xoşbəxt ola bilmir. Çox fikirləşdim, görəsən niyə? Gözümü açandan yaşadığım həyat, gördüyüm insanlar, xüsusən insanlığı qarşısında baş əydiyim və hələ indiyə qədər də məni heyrətdə qoyan şəxsiyyətlər, münasibətlər, aşıladığım bir sıra xüsusiyyətlər suallarıma cavab verdi. Bizlərin ruhuna hakim kəsilən o saflıq, o saflıqdan gələn məziyyətlərdən sıyrılıb çıxa bilmərik. Elə ona görə də göstərdiyim yaş kateqoriyasının insanları xoşbəxt olmamaq məcburiyyətindədirlər“.Müsahibim Rauf Şirin oğlu Qəmbərovdur. Bu sözləri də o, deyir. Tanışlıq üçün bildirim ki, Rauf 1970-ci ildə Laçın rayonunun Zabux kəndində anadan olub. Orta məktəbi bitirib, həqiqi hərbi xidmətə yollanıb, tay-tuşları kimi. Volqoqrad daxili qoşunlarında qulluq edib.
Amma 1990-cı ildə əsgərlikdən geri dönəndə hamı kimi dinc əməklə məşğul olmadı. İçindəki qeyrət, vətənpərvərlik hissləri onu başqa səmtə yönəltdi. 1990-cı il - o vaxtlar idi ki, Rusiya imperializmi böyük gücə malik idi və Ermənistan bu gücdən mayalanaraq torpaq iddiasına, Azərbaycan ərazilərinə sahiblik arzusuna düşmüşdü. Qarabağdakı ermənilər yerə-göyə sığmırdı, hər gün haqsızlıq edirdi. Laçın isə Ermənistanla həmsərhəddə olduğuna görə vəziyyət burda daha gərgin idi. Azərbaycanın ovcunun içində sakit durmayan erməni sərhəddən o tərəfdə sakit durardımı? Hər gün Qafandan, Gorusdan sərhədyanı bölgələrdən basqınlar edilir, günahsız insanların qanı tökülürdü. Müqavimət isə yox idi. Çünki, Rus ordusu azərbaycanlılarda nəinki ov tüfəngi, heç cib bıçağı da qoymamışdı, hamısının yığmışdı. Laçın polis şöbəsi bütün gücü ilə ərazisini vəhşilərdən qorumaq asayişini təmin etmək məqsədilə müxtəlif işlər görürdü. Həmin vaxtda dövlət səviyyəsində post-patrul xidməti rotası yaradıldı. Bundan yararlanan LPŞ el-obadan 80 igid yığdı. Onları avtomat silahlarla təmin etdi. Hər kəs səmimi qəlbdən vətəni qorumağa səfərbər olundu. Bax o 80 igidin içində Rauf da vardı, əsgərlikdən gəldiyinin üçüncü günü artıq o, polis nəfəri idi.
Sizə Laçından, onun gözəlliklərindən, dağından, daşından danışmayacam. 24 ildir bu haqda yazırıq, deyirik. Amma Raufun Zabuxu həm kövrələ-kövrələ, həm o kövrəkliyin içindən qopan, bəlkə də hansısa xatirələrin təsiri altında gülümsəyə-gülümsəyə anlatması o yerlər haqqında az da olsa oxucularımızı məlumatlandırmaq məcburiyyəti yaratdı. Zabux sıldırım qayaların, qarlı zirvəli dağların arasında iki çayın qovşağında yerləşir. Soltan bəyin ermənilərin anasını ağlatdığı Zabux dərəsi də burdadı. Meşəsi, gülü-çiçəyindən də yazmıram, onu özünüz təsəvvür edin, bir də bulaqlarını - xüsusən Bəylər dayının çəkdirdiyi “Ceyran” qızlar bulağının adını söyləyəcəyəm. Əgər hardasa qarşınıza bir zabuxlu çıxsa, o yerlərin təsvirini ondan soruşun. Əgər o zabuxlu danışa bilsə... qəhərdən.
Elə Rauf da danışa bilmirdi. Az qalmışdı hönkür vurub ağlasın. Dedi ki, bizim ellərin bir şair oğlu var - İlham Qəhrəman. Mənim bu dəqiqə demək istədiklərimi, amma deyə bilmədiklərimi o, yaxşı deyib:
Nə vaxtdı sayırıq günləri, ayı,
Nə vaxtdı sağ gözüm Zabux çayıdı,
Nə vaxtdı sol gözüm Həkəri çayı.
O vaxtdan boğazım çayqovuşandır
Bu da bir gecədi, belə yaşandı,
Bu gecə evimiz yadıma düşdü.
Gəzdim dağlarını cığırınacan,
Üzdüm yollarında çarığımacan,
Qara danamızın axurunacan.
Bu gecə evimiz yadıma düşdü,
Bu gecə gözümdən getmədi Laçın...
...Zabuxa üç yerdən yol var. Hər yolun sonunda bir döngə, o döngəni dönməyincə Zabux görünmür. Yuxularımda dağları aşıram, dərələrdən keçirəm, yolları, izləri adlayıram, gəlib döngəmizə çatıram. Ordan o tərəfə keçə bilmirəm. Düz 24 ildir Laçın yuxumdan çıxmır. Düz 24 ildir Zabux yuxularıma gəlmir. Eləcə döngədə qalıram.
Bunu bilməyən yoxdur. Torpaq xəyanətin qurbanı oldu. Ağdamda, Kəlbəcərdə, Laçında, bütün işğal olunan ərazilər hamısı. İgidlərimiz döyüşdü, minlərlə şəhid verdik. Onlara qalsaydı bir qarış torpaq da erməniyə verilməzdi. Xəyanətin zərbəsi bıçaq kimi arxadan kürəyimizə saplandı.
Rauf: - Mayda Laçın alındı. Amma həm Laçın polis şöbəsinin əməkdaşları, həm də Laçın özünümüdafiə batalyonunun əsgərləri 1992-ci ilin sentyabr-oktyabr aylarında Kəlbəcər tərəfdən hücuma keçdi. Strateji əhəmiyyətii mövqe və zirvələrin hamısını ermənilərdən geri aldıq. Hoçaz, Mərkiz dağı, Tığik, Ağanus bizdə idi. Buraları alandan sonra aşağı enib Sus kəndində mövqelərimizi bərkitdik. Laçına girməyə bir-iki kilometr qalmış hücuma keçmək, Bəylik deyilən yerdə erməni qoşununa layiqli cavab verməyi planlaşdırmışdıq. Onsuz da onlardan Laçının az bir hissəsi qalmışdı. Erməni tankları Bəylik körpüsündən keçib mövqelərimizə yaxınlaşırdı. Avtomatdan başqa silahımızın olmamasına baxmayaraq körpünü partladıb onların gəlişinə mane ola bilərdik. Hamımız böyük ruh yüksəkliyi ilə hər şeyi ən xırda detallarına qədər hesablamışdıq. Hücuma hazırdı. Komandirimiz Milli Qəhrəman Oqtay Güləliyev ətrafı nəzarətdən keçirəndə azad etdiyimiz, arxada qoyub gəldiyimiz mövqelərdən Azərbaycan ordusu nun geri çəkildiyini söylədi. Bizi ordan atəşə tuturdular. Artıq həqiqət özünü göstərirdi. Mühasirədə qalmamaq üçün biz 60 nəfər polis geri çəkilməli olduq. Bəlkə də laçınlı yox, başqa rayondan olsaydıq, 60 nəfərimizdən biri də oradan sağ çıxmazdı. O cığırların, yolların doğmalığı, tanışlığı bizi qorudu. Birtəhər mühasirədən çıxıb yenidən döyüşə atılmaq üçün cəmləşdik. Komandirimiz Oqtay Güləliyevlə bərabər neçə-neçə döyüşlərdə, uğurlu əməliyyatlarda birgə olmuşduq. O insan həm peşəkarlığı, həm də insanlığı ilə hamımızı hər zaman heyrətdə saxlayırdı. Səngərdə əyilib gəzdiyini, qorxub çəkindiyini görən olmamışdı. Hamımıza elə gəlirdi ki, Oqtaya güllə dəyməz, erməninin “duxu” çatmaz onu öldürsün. Odur ki, yenidən onun başına cəmləşdik. Çox əsəbi idi. Çırtma vursaydın qanı damardı. Ordu əziyyətimizi heçə endirmişdi. Bir qərara gəlmək lazım idi. Hamımız ondan əmr, cavab gözləyirdik. Qəflətən o, bir-bir üzümüzə baxdı. Ucadan: “əşi, uzaqlaşanda bir az məndən, qoyun görüm nə fikirləşirəm”.
Ondan belə münasibət görməmişdik. Onsuz da biz də hirsliydik. Belə münasibətdən sonra kənara çəkildik. Güləliyev, Ədalət, bir də Əşrəf qaldı. Aradan heç on dəqiqə keçməmişdi, ermənilərin atdığı top mərmisi düz Oqtayın üstünə düşdü. O da, Ədalət də, Əşrəf də şəhid oldu. O, bizi sağlığında gözü kimi qoruyurdu. Dəfələrlə şahidi olmuşduq ki, özünün ölümünə razı idi, polislərin birinin qaşlarının çatılmasına dözə bilmirdi. Həmin günü də qorudu. Bəlkə də bizi orada qoyub özü kənara çəkilsəydi, 60 nəfər həlak olardı. Ölümü ilə də bizi qorudu.
Yüz il keçəcək, çox illər dəyişəcək, ölsəm də həmin anları unutmayacağıma əminəm. Bütün şəhid olan silahdaşlarıma Allahdan rəhmət diləyirəm. Çox igidlərlə çiyin-çiyinə vuruşdum. Tələt, Əvəz, Cümü, Mübariz, Şərif, Ağalar, Vaqif, Şahverdiyev qardaşları - Rəsul və İsrafil... adını çəkə bilmədiyim yüzlərlə igidin hərəsinə bir dastan yazılsa da azdır. Nə tankları, nə topları vardı, bir avtomatdan başqa. Amma qeyrətlə, bütün ürəyi ilə döyüşürdülər.
- Rauf, hər il Laçının alınması ilə bağlı verilişiər efirə gedir. Bu verilişlərin bir çoxunda həqiqətin arxa plana keçdiyini bir jurnalist, eyni zamanda o illərin bir şahidi kimi çox aydın görürəm. Məsələn, əsgərlər geri qaçır, Laçın yağmalanır. Operator-jurnalist Cingiz Mustafayev kəskin sözlərlə onları tənqid edir və onların getməsinə əngəl olmağa çalışır. Bu kadrlar yəqin yadındadır?
- Təbii ki, mənim üçün ən sarsıdıcı kadrdı desəm inanın. O qaçanlar laçınlılar deyil. Başsız, komandansız qalmış Azərbaycan ordusunun əsgərləridir. Hərəsi bir rayondan, bir şəhərdən gəlib. Erməni hücum edib, Laçın alınıb, orduya “panika” düşüb, qoşun geri çəkilir. Amma o geri çəkilənlərin içərisində nə Laçın özünümüdafiə batalyonunun əsgərləri, nə də Laçın polis şöbəsinin əməkdaşları var. Həmin vaxt hamımız cəbhə xəttində idik. Şəxsən rəis Akif Səlimov da bizimlə idi. Təbii ki, Laçını geri qaytarmaq ümidimiz böyük idi. Odur ki, Kəlbəcərdən hücum planını hazırladıq. Amma sox təəssüf ki, o təhqirlər sanki laçınlılara ünvanlanmış kimi başa düşülür. Məncə hər şey öz adı ilə çağırılsa, daha yaxşı olar.
- Sən o vaxtlar yaralandın...
- Hə, kantuziya aldım. Həkimlərin rəyi ilə döyüşə yararlı olmadım. Odur ki, mənim işimi başqa yerə dəyişdilər, daha doğrusu Bakı şəhərinə. Uzun illər “Azərbaycan” Nəşriyyatında mühafizə polisi işlədim.
- İndi deyəsən polisdə deyilsən.
- 2008-ci ildə 18 illik əmək fəaliyyətindən sonra təqaüdə çıxdım. Arada mətbuat orqanlarında yazılarım çıxır.
- Bilmirəm, söhbətimizi necə bitirim. Nə arzulayım, nə söyləyim. Bəlkə ən böyük arzunu bildirəsən. Söhbəti bununla yekunlaşdıraq.
-Azərbaycanın bütün gözəl guşələrində olmuşam, gəzmişəm, görmüşəm. Yurdumun hər qarışı cənnətdi. Adətən insanlar təbiət qoynunda dincələr, yorğunluqları canlarından çıxar, əhval-ruhiyyələri düzələr.Amma məndə əksinə olur. Bir qayalı dağ, bir şırıltıyla axan çay, bir zümrüd meşə görəndə ruhuma çəkilməz bir kədər dolur, ürəyim parçalanır.Hayqıra-hayqıra ağlamaq istəyirəm. Beynimə həkk olmuş o yurd yerlərimizin qübarıdır o...Hər yerdə gözüm gözəl kəndimiz Zabuxu axtarır.
Susur, astadan İlhamın şeirindən bir parça söyləyir:
- Tanrı mənə möhlət verə
Qayıdam, yenə də çıxam dağlara.
Əllərimi qoyub qaşımın üstə,
Bir ürək dolusu baxam dağlara.
Bir könül taxtından enən şah kimi,
Görən, saxlayırma sular şəklimi.
Təklənib döyülən bir uşaq kimi,
Gözümün yaşını sıxam dağlara.
Əntiqə RƏŞİD