Qarabağ danışıqlarında yeni dönəm: zaman kimə işləyir?

Qarabağ danışıqlarında yeni dönəm: zaman kimə işləyir? backend

Ermənistandakı siyasi böhranın nəticələri sülh prosesində özünəməxsus izlər qoyacaq; politoloqlardan maraqlı şərhlər...

2018-ci ilin daha bir ayı arxada qaldı. Qarabağ məsələsi isə, hələ ki, Ermənistandakı daxili siyasi durumdan, daha dəqiqi, hakimiyyət böhranından asılı olaraq qalır. Aydın məsələdir ki, işğalçı ölkədə yeni baş nazirin seçilməsi də tezliklə sülh danışıqlarının bərpası anlamına gəlməyəcək. Çünki adətən təzəcə hakimiyyətə gələn siyasilər “problemə girmək”, komanda formalaşdırmaq bəhanəsi ilə müəyyən zaman istəyirlər.

Zaman isə gedir və hər itirilmiş ay, sözsüz ki, sülh anlaşmasını deyil, müharibəni yaxınlaşdırır. Bəs düşmən ölkədə daxili siyasi təlatümlər Qarabağ danışıqlarına müsbət və ya mənfi planda nə vəd edir?

Hələlik suala birmənalı cavab vermək mümkün olmasa da, iki amilin prosesə öz real təsirini saxlayacağını əminliklə söyləmək olar: onlardan biri Rusiya faktorudursa, digəri erməni ictimai şüurunda son hadisələrdən dolayı Dağlıq Qarabağ konflikti ilə bağlı yaşana biləcək dəyişiklikdir.

Ancaq belə görünür ki, ermənilərin yeni hökuməti də Moskvadan möhkəm yapışmaq niyyətindədir. Eyni zamanda düşmən toplumun Qarabağ məsələsinə yanaşmasında ənənəvi maksimalist mövqeyindən uzaqlaşacağı inandırıcı görünmür. Xüsusən də son hadisələrdən sonra erməni cəmiyyətində sanki Qarabağla bağlı da eyforiya artıb. Hərçənd, politoloqların bu xüsusda gözləntiləri elə də üst-üstə düşmür. O sırada erməni təhlilçilər proseslərin bundan sonrakı inkişafını Rusiyasız təsəvvür etməyə ehtiyatlanırlar.

*****

“Hərbi-strateji planda Ermənistanda heç kim alternativ fikir söyləmir - hamı eyni fikirdədir. İqtisadi planda isə, əlbəttə ki, problemlər var. Ermənistan Avrasiya Birliyi ölkələri ilə əlaqələri inkişaf etdirməyə çalışır. Rusiya ilə ümumi sərhədin olmaması üzündən biz iqtisadiyyatımızı şaxələndirməliyik. Məhz buna görə də keçən il Ermənistan Avropa Birliyi ilı saziş imzaladı. Biz həmçinin hazırda problemlər yaşadığımız qonşularla əlaqələrimizi inkişaf etdirməliyik. Bu bizim ölkəmizin inkişafına kömək edərdi”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu “Vestnik Kavkaza” nəşrinə açıqlamasında erməni iqtisadçısı, Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri Baqrat Asatryan işğalçı ölkədəki son hadisələrin səbəb-nəticələrindən danışarkən bildirib. Onun sözlərinə görə, artıq hakimiyyətdən getməkdə olan Sərkisyan rejiminin idarəçiliyi dövründə situasiya acınacaqlı olub. “Hazırda Ermənistan regionda ən kasıb ölkədir. Ermənilər öz tarixləri boyu heç vaxt belə kasıb olmayıblar. Bu adamlar ölkəni gör hansı vəziyyətə gətirdilər”, - deyə o, acı təəssüf hissi ilə əlavə edib.

*****

Ancaq ermənilərin regionda ən kasıb ölkə olmasının tək səbəbi Sərkisyan rejimi deyil. Daha önəmlisi 30 ildir həll olunmayan Qarabağ münaqişəsidir - hansı ki, yüzdə yüz yeni hökumətin də əsas problemi olaraq qalacaq. Çünki bu problem yoluna qoyulmadan Ermənistan qarşısında duran ağır iqtisadi-sosial problemlər aradan qalxa bilməz. Bunu kim bilməsə də, erməni iqtisadçı-ekspert, keçmiş bankir Asatryan yaxşı bilməlidir. Onu da bilməmiş deyil ki, iki mühüm qonşu - Azərbaycan və Türkiyə ilə əlaqələrin inkişafı üçün də Qarabağ ixtilafının çözülməsi şərtdir. Öncə rəsmi İrəvan Ankara və Bakı ilə münasibətləri normala salmaq, sərhədlərin açılması, blokadanın götürülməsi barədə düşünməlidir. Düşünəcəkmi?

“Türkiyə və Ermənistanın əlaqələri əsas etibarilə əvvəlki kimi davam edəcək”. “Yeni Müsavat” xəbər verir ki, bunu Türkiyədə yaşayan azərbaycanlı ekspert Toğrul İsmayıl axar.az-a açıqlamasında işğalçı ölkənin Türkiyə ilə münasibətlərinin perspektivinə toxunarkən deyib.

Onun sözlərinə görə, Paşinyanın baş nazir seçilməsi ilə Türkiyədə 2009-cu ildə imzalanmış Sürix protokollarının yenidən müzakirəyə çıxarılması Ermənistan tərəfindən imkansızdır: “Çünki Ermənistanın Konstitusiya Məhkəməsi bu protokolların konstitusiyaya uyğun olmadığı üçün maddələrini dəyişib və dolayısı ilə ləğv edib. Yəni bu məsələ ona görə artıq bağlanıb. Ermənistan birtərəfli olaraq protokolların keçərli olmadığını bildirib. Bu protokollar hələ də Türkiyə Böyük Millət Məclisində gündəmdədir. Amma Ermənistan tərəfi ləğv etdiyi üçün bu gün bu, hər hansı əhəmiyyət daşımır. Ona görə də belə bir hadisənin baş verəcəyini düşünmürəm”.


Politoloq Ermənistan tərəfindən aparılan siyasətdə milliyyətçilik əsas aparıcı qüvvə olduğu üçün Paşinyanın Ermənistan siyasətinə yeni nəsə gətirəcəyini düşünmür. “Ermənistanın Konstitusiyasında hələ də Türkiyəyə qarşı ərazi iddiaları var. Bu məsələləri birmənalı şəkildə qeyd etməliyik ki, Ermənistan Türkiyəyə qarşı olan ərazi iddialarından əl çəkənə də oxşamır. Digər tərəfdən, İrəvan Qars və Moskva anlaşmalarını da rəsmi olaraq tanıdığını bəyan etməyib. Yəni Türkiyəyə qarşı ərazi iddiaları davam edir. Ermənistan həmçinin bu gün Azərbaycan torpaqlarının 20%-ni işğal edib və atəşkəs rejimi olmasına baxmayaraq, cəbhədə tez-tez gərginlik yaratmaqdan çəkinmir”, - deyə o qeyd edib.

Politoloq yeni dönəmdə Türkiyə və Azərbaycan arasında yaxın vaxtlarda hərbi-strateji müttəfiqliyin gündəmə gələ biləcəyini real sayır: “Əlbəttə ki, Azərbaycan və Türkiyə arasında hərbi sahədə də çox ciddi anlaşma lazımdır. Ermənistan ən yaxın müttəfiqi olan Rusiya ilə çox ciddi hərbi razılaşmalara imza atıb. Eyni zamanda KTMT çərçivəsində o, Rusiya ilə müttəfiqdir. Rusiya ayrıca bir anlaşma imzalayaraq, üçüncü ölkənin Ermənistana hücumu zamanı işbirliyi məsələsini də gündəmə gətirib. Düşünürəm ki, yeni prezidentlik dönəmlərində prezident Ərdoğan və prezident Əliyev bu məsələləri müzakirə edəcəklər”.

*****

“Ermənistanda hakimiyyətin dəyişməsi Qarabağ münaqişəsinin nizama salınması üzrə sülh prosesində irəliləyiş üçün imkanlar açır”. Bu fikri isə məşhur alman politoloqu Aleksandr Rar deyib (virtualaz.org). Politoloq daha sonra Qarabağ münaqişəsinin Serj Sərkisyan hakimiyyətinin siyasətinin əsasını təşkil etdiyini xatırladaraq deyib: “Sərkisyanın komandası hakimiyyətə Qarabağ dalğasında gəldi və əhaliyə ”Qarabağ bizimdir" deməkdən başqa heç nə təklif edə bilmədi. Ermənistanın yeni hakimiyyəti Avropa liberal dəyərlərini bu və ya digər dərəcədə irəli çəkməyə məcbur olacaq. Əks təqdirdə inqilabdan sonra Sərkisyanın istefası ilə Ermənistan əhalisinin həyatında, ümumiyyətlə, heç nə dəyişməyəcək. Yeni hakimiyyət xarici siyasət kursunu Qərbə tərəf dəyişdirməyi bacarmayacaq".

Ekspertə görə, Ermənistan bir neçə səbəbdən Rusiyanın hərbi və iqtisadi asılılığından çıxa bilmir: “Amma inqilabdan sonrakı dövrdə erməni xalqına dəyişikliklər lazımdır. Və belə dəyişikliklər daxili siyasətdə ola bilər. Məsələn, məhkəmə islahatı, işlərə müstəqil məhkəmələrdə baxılması təminatı, iqtisadiyyatın liberallaşdırılması və s. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında İrəvanın nisbətən praqmatik yanaşmasına gətirib çıxara bilər”.

Alman politoloq danışıqlar prosesi ilə bağlı proqnozlarında da optimistdir: “Əgər prezident İlham Əliyevin Ermənistanın yeni hakimiyyətinin rəhbərliyi ilə görüşündən sonra Qarabağ münaqişəsində sülhün əldə olunması yolunda görünməmiş irəliləyişə nail olunsa, təəccüblənmərəm”.

Onun sözlərinə görə, yaxın vaxtlarda Ermənistanda daxili siyasi vəziyyəti yeni hökumətin nə qədər möhkəm olacağından asılı olacaq. “Adətən rəngli inqilabların qələbəsindən sonra dünənki müttəfiqlər tezliklə düşmənlərə çevrilirlər və vətəndaş qarşıdurmasının növbəti burulğanı başlayır”, - deyə o sonda vurğulayıb.

*****

Bu, yerli və əcnəbi politoloqların proqnozlarıdır. Ən güclü politoloq isə, əlbəttə ki, zamanın özüdür. Artıq Ermənistanın xeyrinə işləməyən zaman...

Siyasət şöbəsi
Diaspora