İrəvanda Serj Sarkisyanın hakimiyyəti zəbt etməsinə - baş nazir seçilməsinə qarşı davam edən etiraz aksiyaları Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə də sıçrayıb.
Publika.az xəbər verir ki, Xankəndində bir qrup insan İrəvanda “Elk” fraksiyasının rəhbəri Nikol Paşinyanın liderliyi ilə aparılan etirazlara dəstək verib.Xankəndi küçələrinə çıxan insanlar “Sarkisyan çıx get!” şüarlarını səsləndiriblər. Etirazların Qarabağa sıçraması İrəvanda ciddi narahatlıq yaradıb. Bu narahatlığın arxasında iki amil var:
Birincisi, İrəvan Azərbaycanın yaranmış situasiyadan yararlanaraq, Qarabağın azad edilməsi hərəkatına başlayacağından ehtiyat edir.
İkincisi, Qarabağdakı ermənilərin könüllü şəkildə Ermənistandan imtina etməsi qorxusu var.
Hər iki vəziyyət Azərbaycanın əlinə oynayır. Erməni ekspertlər hesab edirlər ki, Sarkisyan rejimi İrəvandakı aksiya ilə yanaşı, Qarabağdakı etirazları da susdurmaq üçün güc yoluna əl atacaq.