Kuznetsovun ssenarisi: Qarabağ bu tarixdə azad edilir? - Şərh

Kuznetsovun ssenarisi: Qarabağ bu tarixdə azad edilir? - Şərh backend

Rusiyalı tanınmış tarixçi alim və analitik Oleq Kuznetsov rusdilli minval.az saytına müsahibəsində Qarabağ probleminin həlli üçün bəzi maraqlı iddialar səsləndirib.

Kuznetsov bildirib ki, 2019-cu ildə Türkiyədə prezident seçkilərindən sonra Rusiya-Türkiyə əməkdaşlığı genişlənəcək. Rusiya-Türkiyə-Azərbaycan timsalında Qara dəniz-Qafqaz təhlükəsizlik üçbucağı yaranacaq. Bu da Dağlıq Qarabağ məsələsinin həll perspektivinə təsirsiz ötüşməyəcək. O, 2020-ci ilə qədər Qarabağ probleminin həllinin real olduğunu qeyd edib.

Bu iddialarla bağlı analitik Elçin Mirzəbəylinin Axar.az saytına müsahibəsini təqdim edirik:

- Türkiyə-Rusiya əməkdaşlığının genişlənməsi Qarabağın həlli imkanlarını artıracaqmı? Sizcə bu mümkündürmü?

- Əksər Rusiya analitiklərində olduğu kimi, Kuznetsovun da yanaşması birtərəflidir və o, proseslərin gedişində geosiyasi proseslərin digər oyunçularının iştirakını nəzərə almır. Oleq Kuznetsovun təqdim etdiyi “ssenari” o zaman gerçəkləşə bilər ki, ABŞ, Avropa İttifaqı və Çin kimi qlobal oyunçular proseslərə müşahidəçi kimi yanaşsınlar. “Qara dəniz – Qafqaz təhlükəsizlik ücbucağı” maraqlı səslənir. Onu da qeyd edim ki, XXI əsrin əvvəllərində formalaşmağa başlayan rus geosiyasi nəzəriyyələrində “təhlükəsizlik üçbucağı” anlayışı ön planda dayanır. Bu anlayış Duqinin geosiyasi nəzəriyyəsində özünü daha qabarıq şəkildə büruzə verir. Amma bütün bunlar yalnız Rusiyanın geosiyasi maraqlarını ifadə edən nəzəri baxışlardır. Təcrübədə isə tamamilə fərqli reallıqlar var.

Qara dənizdə 4 sahilyanı NATO dövləti yerləşir. Bununla yanaşı, Ukrayna və Gürtcüstanın da NATO ilə sıx əlaqədə olduğunu nəzərə almaq lazımdır. Hər iki ölkənin ərazisi Rusiya tərəfindən işğal olunduğu üçün rəsmi Kiyev və Tiflisin Moskva ilə münasibətlərinin işğal faktı aradan qalxmadan normallaşacağı inandırıcı görünmür. Kuznetsovun “Qara dəniz-Qafqaz bölgəsi” adlandırdığı məkan əslində Qara dəniz hövzəsidir. Bu hövzə isə dünyanın münaqişələrlə zəngin bölgəsi hesab olunur. Ermənistan Rusiyanın dəstəyi ilə Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlayır, Rusiya Krımı ilhaq edib və Ukraynada separatçı bölgələri dəstəkləyir, Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri də Rusiyanın nəzarətindədir, Moskva digər hövzə dövlətinin – Moldovanın da ərazi bütövlünü təhdid edir, Dnestryanı separatçıları açıq şəkildə dəstəkləyir və bu proses hələ də davam edir. Göründüyü kimi, 4 hövzə dövləti Rusiyanın birbaşa və dolayısıyla yaratdığı münaqişələrlə qarşı-qarşıya qalıb. Bu münaqişələr həll olunmadan bölgədə nəinki “təhlükəsizlik üçbucağı”na, heç “təhlükəsiz düz xətti”nə də nail olmaq mümkün deyil. Bu baxımdan da Kuznetsov nəzərə təhlükəsizlik formatları haqqında danışmazdan öncə hövzənin xəritəsinə və ölkəsinin yaratdığı münaqişələrdən qaynaqlanan problemlərə diqqətlə nəzər salmalıdır. Qara dəniz hövzəsində sabitliyin və təhlükəsizliyin yeganə yolu Rusiyanın işğaldan, işğalçı və separatçı rejimlərə dəstək verməkdən əl çəkməsindən keçir.

- Moskvanın Ankara ilə bu qədər yaxınlaşması Bakı üçün hansı şansları yaradır? Burada hər hansı bir təhdid ola bilərmi? Çünki 1920-ci ildə Rusiya və Türkiyə yaxınlaşdığı zaman Azərbaycan üçün müəyyən təhdidlər yaranmışdı.

- Mən Moskvanın Ankara ilə strateji yaxınlığını hiss etmirəm. Sədəcə, regionda yaranmış vəziyyət Türkiyə və Rusiyanı müəyyən məsələlərdə qarşılıqlı güzəştə getməyə və əməkdaşlıq etməyə məcbur edir. Türkiyə Rusiya ilə münasibətlərdən heç nə itirmir. Rusiyanın zəngin təbii resursları var və bu amil ön planda dayanır. Türkiyə üçün son 100 ildə iqtisadi və ticari maraqlar bütün digər amillərdən öndə dayanıb. Bu gün də belədir və bu da təbii qəbul olunmalıdır. Amma mən Ankara-Moskva münasibətlərinin avrasiyaçılıq geosiyasi nəzəriyyəsinin üzərindən inkişaf etdirilərək strateji hədəflərə varacağını inandırıcı hesab etmirəm. Rusiyaya qarşı tətbiq olunan sanksiyaların sərtləşməsi Türkiyənin iqtisadi maraqlarına cavab verir və müəyyən bir mərhələdən, yəni siyasi ziddiyyətlər iqtisadi maraqların yolunu kəsdikdən sonra bu proses dayanacaq. Azərbaycan 1920-ci ilin Azərbaycanı deyil. Ölkəmizin təhlükəsizliyinə zəmanət verən və onu ayrı-ayrı regional güclərin “süfrəsindən” çıxaran qlobal və regional amillər kifayət qədər güclüdür. Digər tərəfdən, Türkiyədəki siyasi qüvvələrin, o cümlədən mövcud iqtidarın da baxışları fərqlidir. Mən bu baxışların siyahısında Azərbaycanın maraqlarına ciddi zərbə vura biləcək məqamların olduğuna inanmaq istəməzdim.

- ABŞ SSRİ dağıldıqdan sonra əvvəlcə Baltikyanı bölgədə, daha sonra Baltik-Qara dəniz arası məsafədə öz hökmranlığını bərpa etməyə başladı. Növbəti mərhələ kimi Qara dəniz-Xəzər dənizi arasındakı bölgədə də bu cür addımların atılması nəzərdə tutulur. Kuznetsov isə Qara dəniz-Qafqaz təhlükəzilik üçbucağının yaradılması ilə bağlı Rusiyanın ideyası olduğunu bildirdi. Biz bu bölgədə yaxın zamanlarda ABŞ-Rusiya arasında aktiv mübarizənin şahidi ola bilərikmi?

- ABŞ və müttəfiqləri üçün Cənubi Qafqazdan daha öndə dayanan prioritetlər var. Bu prioritetlər siyasında şübhəsiz ki, Qara dəniz də var. Amma hövzə olaraq yox, dəniz olaraq. Bu səbəbdən də ilkin mərhələdə biz Qara dənizin Avropa sahillərinin təhlükəsizliyinin gücləndirilməsi istiqamətində daha intensiv addımların atıldığının şahidi ola bilərik. Növbəti mərhələdə isə bu proses bütövlükdə hövzəni əhatə edə bilər.

- Rus ekspertləri iddia edir ki, son 5-6 ildə Rusiya rəhbərliyinin siyasi şüurunda Cənubi Qafqaz və bütün ön Asiya ilə bağlı ciddi formatlanma baş verib. Bu nə dərəcədə həqiqətdir? Moskvanın siyasətində dəyişiklik həqiqətən müşahidə edilirmi?

- Moskvanın siyasətində heç bir dəyişiklik yoxdur və olması da mümkün deyil. Belə bir dəyişikliyin baş verməsi üçün Rusiyada siyasi sistem, bu ölkənin regional və qlobal proseslərə yanaşması dəyişməli, Rusiya yumşaq gücə çevrilməlidir. Yumşaq gücə çevrilmək üçün isə siyasi sistemdə köklü islahatlar aparılmalı, iqtisadiyyat xammal müstəvisindən istehsal müstəvisinə keçməli, elm və texniki tərəqqinin inkişafı müasir çağırışlara cavab verməli, iqtisadi potensial öz şərtlərini diqtə etmək gücündə olmalıdır. Bunun üçün isə çox ciddi və sistemli islahatlar və onillər lazımdır.

- 2020-ci ilə qədər Qarabağ probleminin həll ediləcəyi nə qədər realdırmı?

- Mən belə bir həssas mövzuda falçılıq etmək istəmirəm. Qarabağ münaqişəsinin həlli ilə bağlı insanlara hansısa hədəflər göstərmək və daha sonra onları bu hədəflərin özünü necə doğrultmadığının şahidi etmək mənəvi-psixoloji sarsıntılara, ümidsizliyə yol aça bilər. Azərbaycanın potensialı, Silahlı Qüvvələrimizin gücü ərazilərimizin işğaldan azad olunmasına tamamilə imkan verir. Bunun üçün isə əlverişli məqam seçmək siyasi hakimiyyətdən asılıdır. Düşünürəm ki, Azərbaycan dövləti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün bütün mümkün vasitələrdən istifadə edir və bizi Qarabağdan ayıran zaman kəsiyinin daha da qısaldılmasına çalışır.
Diaspora