"YAZDIĞIMIZ MƏKTUBU ATAMA ÇATDIRIBLAR, OXUYUB, AMMA..." - KÜRDOĞLU ƏSGƏROV

"YAZDIĞIMIZ MƏKTUBU ATAMA ÇATDIRIBLAR, OXUYUB, AMMA..." - KÜRDOĞLU ƏSGƏROV backend

"Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüb”.

Bu barədə "Sherg.az”a Erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.

Onun sözlərinə görə, girovların səhhəti normaldır:

"BQXK əməkdaşlarının sözlərinə görə, atam yenə də məktub yazmaq istəməyib. Bu səbəbdən nə video, nə də məktub gətirildi. Bizim yazdığımız məktubu atama çatdırıblar, oxuyub, amma özü bizə yazmayıb. Qurum işçiləri deyir ki, Dilqəm Əsgərov şifahi formada "ailəmə çatdırın, narahat olmasınlar, hər şey qaydasındadır”, - deyib. Noyabr ayından bu yana BQXK əməkdaşlarından eyni sözləri eşidirik, ortada isə nə məktub, nə də video var”.

K.Əsgərov bildirib ki, Dilqəm və Şahbazın səhhəti ağırlaşanda hospitala aparırlar:

"Həmin xəstəxanalarda 2-3 gün müayinə, müalicə edirlər, sonra yenidən həbsxanaya qaytarırlar. BQXK əməkdaşları mənə bu gün zəng etmişdi, qısaca məlumat verdilər, vəssalam”.

Kürdoğlu Əsgərov onu da əlavə edib ki, erməni girovluğunda saxlanan atasının və digər girovların taleyi ilə bağlı cənab prezidentə ümid bağlayır.

Qeyd edək ki, hazırda Dağlıq Qarabağda üç azərbaycanlı saxlanılır.

2014-cü il iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Üçüncü azərbaycanlı Elnur Hüseynzadə isə bu ilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.
Diaspora