Erməni cərrahın aprel XATİRƏLƏRİ: “Yaralıların çoxunu xilas edə bilmədik”

Erməni cərrahın aprel XATİRƏLƏRİ: “Yaralıların çoxunu xilas edə bilmədik” backend

Ermənistan ordusunun cərrahı Qor Qeqamyan 2016-cı ilin aprel döyüşləri ilə bağlı xatirələrini bölüşüb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qeqamyan həmin hadisələr vaxtı bir çox yaralı hərbçinin həyatını xilas edə bilmədiklərini deyib.

“2016-cı ilin aprelinə qədər müəyyən əməliyyat təcrübəm var idi. Aprelin 2-si səhər həyəcan siqnalı verildi. Xankəndində kirayə qaldığım evdən təcili hospital gəldim. İlkin olaraq, Cəbrayıldan 12 ağır yaralının gətirildiyi deyilirdi”.

Qor Qeqamyan təcrübəli həkim Arşak Qasparyanla təcili olaraq Ağdərədə yerləşən hospital ezam olunduqlarını, orada yaralı əsgərləri müayinə etdikdən sonra Xankəndi, sonra isə Gorus və Yerevan hospitallarına göndərdiklərini deyib.

“İlk yaralı üzərində cərrah briqadası 8 saat əməliyyat apardı. Amma onu xilas etmək mümkün olmadı. Həmin günlər əməliyyat masasında 3 əsgər öldü. İkinci ölən əsgər aprelin sonlarında gətirilmişdi və ürəyində 3 yara var idi. Sonuncu ölən əsgər isə dron hücumunda yaralanmışdı. Ayağını amputasiya etsək də, ürəyi dözmədi”-deyə cərrah 2 il əvvəlki döyüşləri xatırlayır.

Qor Qeqamyan Ermənistandan gələn könüllüləri müalicə etməyin çətinliklərindən danışıb. Onun sözlərinə görə, onların arasında ürəyinə 4 stend qoyulmuş, şəkərli diabetdən əziyyət çəkən və insult keçirmiş insanlara rast gəlib.

“Qorxu var idi və ən çox mən səhv əməliyyat keçirməkdən qorxurdum. Mülki həyatda hər şeyi tələsmədən etmək, kimdənsə soruşmaq olur, amma hərbidə hər şeyi tez etmək lazımdır. Bəzən yaralının taleyi ilə bağlı qərarı əməliyyat masasında verirdik. Çünki yaralıların sayı durmadan artırdı”.

Qor Qeqamyan aprel döyüşlərindən sonra ordudan təxris olunub və hadisələrin psixoloji şokundan hələ də özünə gələ bilmədiyini deyir.
Diaspora