Qarabağ “düyünü”nü Rusiya açmasa, Azərbaycan kəsəcək - ilin gözləntisi

Qarabağ “düyünü”nü Rusiya açmasa, Azərbaycan kəsəcək - ilin gözləntisi backend

Nə hərb, nə də sülh vəziyyəti sonsuzadək sürməyəcək; əcnəbi ekspertlər sülh və müharibə perspektivləri haqda...

Xəbər verildiyi kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu günlərdə Ermənistan mediasına verdiyi müsahibəsində Qarabağ məsələsindən də danışıb. Rusiya baş diplomatı konfliktin həlli üçün münaqişə tərəfləri arasında inamın bərpa olunmasının vacibliyini qeyd edib, faktiki, 8 il öncəki danışıqlara qayıtmağı təklif edib. Ancaq bunun mexanizmini izah etməyib.

Yəni işğal rejimi, status-kvo qala-qala işğalçı ilə işğala məruz qalan Azərbaycan arasında necə inam atmosferi, etimad formalaşa bilər? Bu mümkünmü? Mümkün deyil.

Əslində Rusiya XİN başçısı bir daha məsələni başından edib, Kremlin bu konfliktin həllində maraqlı olmadığını, ən azı, buna hazır olmadığını nümayiş etdirib. Çünki Lavrov bilməmiş deyil ki, haqqında danışdığı inam indiki şərtlər daxilində heç vaxt olmayacaq. Nədəni bəlli: Azərbaycanla Ermənistanın statusları tam fərqlidir. İşğalçı tərəflə işğala məruz qalan tərəf arasında etimadı əngəlləyən məhz işğal faktının özüdür. Üstəlik, Ermənistan Rusiyanın satelliti kimi, konfliktdə söz sahibi deyil.

Yaxşı olardı ki, Lavrov inam-etimad kimi sentimental məsələdənsə, reallaşması mümkün işlərdən danışaydı. Söhbət konfliktin həllinə beynəlxalq hüququn tətbiqi və Qarabağ dair 4 BMT qətnaməsinin qeyd-şərtsiz yerinə yetirilməsindən, Moskvanın münaqişənin həllinə verə biləcəyi real töhfədən gedir. Bu töhfə olarsa, o zaman Bakı ilə İrəvan arasında inam-etimada heç lüzum da qalmaz.

*****

Əcnəbi siyasi təhlilçilərin bu yöndə fikirləri qənaətimizi təsdiqləyir. Məsələn, tanınmış amerikalı politoloq, ABŞ Atlantik Şurasının aparıcı eksperti Ariel Koen bildirib ki, Rusiya istəsə, Qarabağ münaqişəsini sülh yolu ilə həll edə bilər (APA). O, konfliktin nizamlanması prosesini 1994-cü ildən müşahidə etdiyini söyləyib.

“Etiraf etməliyəm ki, mən artıq nikbinliyimi itirmişəm. Ermənistan tərəfinin münaqişənin sülh yolu ilə nizamlanması yönündə ciddi addımlar atmağa hazır olduğuna inanmıram. Çox ümid edirəm ki, səhv düşünürəm. Azərbaycan isə ildən-ilə güclənir, ordusunu gücləndirir. Müasir silahlar alır, ordusuna təlimlər keçir. Biz iki il öncə aprel müharibəsi vaxtı bunun şahidi olduq. Ona görə də hesab edirəm ki, gec-tez qanlı toqquşmalar olacaq və bu, çox böyük təəssüf doğurur. Bu toqquşmalardan sonra tərəflər qərara gələcək ki, münaqişəni həll etmək, ən əsas da BMT Təhlükəsizlik Şurasının qərarları əsasında həll etmək lazımdır” - ekspert söyləyib.

Politoloq münaqişəsinin nizamlanmasında Minsk Qrupu həmsədr ölkələrinin roluna da toxunaraq deyib: “Burada əsas və vacib rol Rusiyanın üzərinə düşür. ABŞ-ın bu prosesdən bir qədər uzaqlaşdığı müşahidə olunur. Avropa geosiyasi nöqteyi-nəzərdən böhran içindədir, başı öz problemlərinə qarışıb. Bir sözlə, Avropa Qarabağ problemini həll edə biləcək gücdə deyil. Regionda nəsə edə biləcək qüvvə ancaq Rusiyadır. Əgər Rusiya Qarabağ münaqişəsini həll etmək istəsə, Ermənistan tərəfi də buna hazır olsa, hesab edirəm ki, Azərbaycan uzun müddətdir, irəli sürdüyü şərtlər çərçivəsində münaqişənin sülh yolu həllinə razılaşar”.

Öz növbəsində Türkiyənin “Strategic Outlook” analitik mərkəzinin həmsədri, Cənubi Qafqaz üzrə ekspert Məhməd Fatih Öztarsu axar.az-a açıqlamasında deyib ki, Ermənistanın yeni prezidenti Armen Sərkisyanın Qərb dövlətlərini tanıyan və avropalılar tərəfindən tanınan bir siyasətçi kimi Qarabağ məsələsi ilə bağlı ölkəsinə yönələn yanaşmalara təsir edəcəyini düşünür: “Başqa sözlə desək, Ermənistan sanki daha mülayim bir görüntü yaratmaq istəyəcək”.

Politoloqun fikrincə, indiyədək Ermənistanın Qarabağdan olan hərbçilər tərəfindən idarə edilməsi ilə bağlı yaranmış mənzərə dəyişə bilər: “Əlbəttə ki, arxa planda əsl idarəçi güc eyni düymə olaraq qalacaq. Lakin dünyanın maraqlandığı əsas tərəf Ermənistanın xarici görünüşü və bu dövlətin sərgiləcəyi münasibət olacaq. Ermənistan bu yoldan istifadə edərək 2016-cı ilin aprel döyüşlərinə görə Azərbaycanı aqressiv tərəf kimi göstərməyə çalışacaq. Hesab edirəm ki, Bakı İrəvanın nümayiş etdirəcəyi yeni yanaşmaları yaxşı ölçüb biçərək, sərt ritorikadan geri çəkiləcək”.

Ekspert hesab edir ki, Ermənistan tanıdığımız Ermənistan olaraq qalacaq: “Ermənistandan Qarabağ məsələsində Şimali Koreyanın nüvə silahından imtina etməklə bağlı verdiyi radikal qərar kimi yanaşma gözləyə bilmərik. Bu dövlətin gerçək niyyəti olmasa da, dünyaya sülhsevər ölkə imici nümayiş etdirəcəyini gözləyə bilərik”.

*****

Qeyd edilənlərdən bir daha qənaət hasil olur ki, hərbi faktor bundan sonra da konfliktin həllinə təsir edən mühüm amil olaraq qalacaq. Demək, Azərbaycan özünün silahlı qüvvələrini daha yüksək döyüş hazırlığı vəziyyətinə gətirmək üçün gərəkən addımları atmaqda davam edəcək. Azərbaycan prezidenti İlham Əliyevin hökumətin ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında söylədiyi fikirlər buna şübhə yeri saxlamır.

“Hərbi amil əlbəttə ki, öz rolunu oynayır və oynayacaq. Ordu quruculuğu bu gün də bizim üçün prioritet məsələdir, sabah da prioritet məsələ olacaq. Biz son illər ərzində güclü hərbi potensial yarada bilmişik, o potensial ki, bu gün Azərbaycan ordusunu dünya miqyasında güclü ordular sırasına daxil edib. Bunu beynəlxalq məsələ ilə məşğul olan bütün qurumlar və reytinqlər təsdiqləyir. Biz bundan sonra da ən müasir silah, sursat, texnika alacağıq ki, daim hərbi üstünlük təmin edilsin, necə ki, bu gün bu, təmin edilir”, - deyə ölkə başçısı bildirib və 2018-ci ildə Azərbaycan ordusunun keçirdiyi genişmiqyaslı hərbi təlimləri yada salıb: “Bu təlimlər bir daha bizim gücümüzü göstərdi, düşməni qorxuya saldı. Bilirik ki, bir neçə gün ərzində onlar panika içində idilər, səbirsizliklə gözləyirdilər ki, bu təlimlər başa çatsın. Yəni bu, artıq reallıqdır, həqiqətdir. Hərbi amil münaqişənin ədalətli həlli üçün mühüm rol oynayır və biz bundan sonra da hərbi potensialımızı gücləndirəcəyik”.

Azərbaycan üçün ayrı yol əslində qalmayıb. Öz havadarlarına arxayın olan işğalçı Ermənistan mövcud status-kvonu süni şəkildə uzatmağa çalışsa da, aydındır ki, nə hərb, nə də sülh vəziyyəti sonsuzadək uzana bilməz. Qarabağ “düyünü” günün birində ya dinc üsulla Rusiyanın köməyi ilə açılacaq, ya da Azərbaycan hərbi yolla onu kəsəcək... (musavat.com)
Diaspora