Bu gün 21 il öncə düşmən arxasına keçərək kəşfiyyat əməliyyatı aparan zaman mühasirəyə düşən, ancaq təslim olmayıb sona qədər döyüşüb şəhid olan yeddi döyüşçümüz yad edilib.
QAZİLER.AZ saytı xəbər verir ki, döyüş yoldaşları, ailə üzvləri, yaxınları şəhidlərimizin xatirəsini anmaq üçün Şəhidlər Xiyabanına gedərək onların məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar.Xatırladaq ki, 1997-ci il aprelin 7-də iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa göndərilib. Qruplar düşmənin arxasına keçərək tapşırığı yerinə yetirib. Bir qrup sağ-salamat geri dönsə də, ikinci qrup düşmənlə qarşılaşıb və bu zaman qeyri-bərabər döyüş başlayıb. Ermənilər kəşfiyyat qrupunu mühasirəyə alaraq təslim olmalarını tələb ediblər. Lakin döyüşçülərimiz təslim olmayaraq sona qədər döyüşüblər.
Şiddətli döyüşdə kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edib. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladıblar. 8 nəfər heyətdən ibarət olan qrupun 7 üzvü şəhid olub, onlardan yalnız biri - Əhmədov Aqil Mürsəl oğlu ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşüb. Erməni məhkəməsi Aqilə güllələnmə hökmü də kəsib. Ancaq uzun sürən danışıqlardan sonra Aqili dəyişmək mümkün olub.
Şəhidlərimizin nəşi həmin il oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin səyi nəticəsində erməni cəsədləri ilə dəyişdirilərək, iki gün sonra 16 oktyabrda Bakıda II Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhid kəşfiyyatçıların hər birini mərhum prezident Heydər Əliyev Azərbaycan Bayrağı ordeni ilə təltif edib:
Leytenant Ağayev Elxan Ataxan oğlu:
Leytenant Yarəhmədov Vüqar Rzaxan oğlu:
Çavuş Rzayev Anar Üzeyir oğlu;
Çavuş Mustafayev Dinar İbrahim oğlu;
Çavuş Həsənov Aqşin Əli oğlu;
Çavuş Ələkbərov Nizami Səfi oğlu;
Çavuş Cavadov Fariz Şamil oğlu;
Çavuş Əhmədov Aqil Mürsəl oğlu. (Sağdır)