Rusiya 8 il öncənin Qarabağ danışıqlarına qayıdır?

Rusiya 8 il öncənin Qarabağ danışıqlarına qayıdır? backend

Politoloq: “Rusiya anlayır ki, Azərbaycanda prezident seçkisindən sonra yenə prioritet məsələ Qarabağ olacaq”

Ötən ilin yanvarında Dağlıq Qarabağ məsələsinin “Azərbaycanın daxili işi olmadığını” iddia etməklə tərəfsizlik prinsipini kobud şəkildə pozan Rusiyanın xarici işlər naziri Sergey Lavrov növbəti dəfə sükutu pozaraq Qarabağdan danışıb. Rusiyalı nazir deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda irəliləyişə nail olmaq üçün tərəflər 2011-ci il tarixli Kazan sammitindəki razılaşmalara əsaslanaraq, bir-birinə inamsızlıqdan imtina etməlidirlər.

“Ən əsası, hələ də danışıqlarda müşahidə olunan inamsızlıqdan imtina etmək və fikri kifayət qədər çox olan real, praqmatik ideyalar üzərində cəmləşdirmək gərəkdir”, - deyə Lavrov Ermənistan telekanallına müsahibəsində qeyd edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiya XİN rəhbərinin sözlərinə görə, həmin ideyalar “kağızda öz əksini” tapmalıdır. Lavrov qeyd edib ki, 2011-ci il tarixli Kazan sammitinə hazırlıq işləri çox intensiv aparılıb, xüsusilə də Minsk Qrupu həmsədrləri tərəfindən. “Lakin artıq sammit vaxtı əlavə sual və şərhlər yarandı. Belə olur. Biz bundan faciə etmirik. İş davam etdiriləcək. Əminəm ki, ”Kazan sənədi"ndə yer almış müddəaların əksəriyyəti bu gün də aktualdır", - deyə o qeyd edib.

Lavrov Minsk Qrupu həmsədrlərinin guya hansısa bir fəaliyyətlə məşğul olduğu görüntüsünü yaratmağa da çalışıb: “Düşünürəm ki, o illər əldə olunan nəticələrin heç biri itməyib. Sözsüz, bu illər ərzində yeni ideyalar yarandı, həmsədrlər hazırda münaqişə tərəfləri ilə həmin təklifləri müzakirə etməkdədir”.

V.Putin növbəti dönəm üçün prezident seçildikdən sonra həm Azərbaycan ictimai rəyində etimadını itirmiş, həm də Moskvanın xarici ölkələrlə bağlı siyasətində konfrantasiya yolunu tutmaqla ölkəsinin dalana dirənməsinə “nail olmuş” erməni əsilli rusiyalı nazirin yenilənəcəyi barədə fikirlər səslənir. Hesab olunur ki, Rusiya prezidenti Qərbin sərt siyasəti qarşılığında ən azı özünə yardımçı olmaqdan ötrü xarici siyasət idarəsinin başçısını əvəzləyəcək. Sanki S.Lavrov bu məqamda “mən də varam” deməkdən ötrü Qarabağla bağlı illər öncə özünün moderatorluğu ilə Kazanda aparılmış danışıqları xatırladıb və tərəflərə mesajlar verib.

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında da təsdiqlədi ki, S.Lavrovun əbəs yerə ötən illərə ekskurs etməyib: “Zənnimcə, Lavrovun bu məsələni yenidən gündəmə gətirməsi Rusiyanın bu prosesdə nüfuzunu bərpa etmək istəyindən irəli gəlir. Bu bəyanatlar yenə də danışıqların davam etdirilməsi üçün bir zəmin yaradır. İstər Kazan, istərsə də Madrid prinsiplərində əsas məsələ Azərbaycanın suverenliyi və ərazi bütövlüyüdür. Bundan sonra artıq digər məsələlər, o cümlədən işğal olunan ərazilərin boşaldılması və təbii ki, status məsələsi gəlir. Rusiya başa düşür ki, Azərbaycanda prezident seçkisindən sonra yenə prioritet məsələ Qarabağ olacaq. Eyni zamanda Azərbaycan öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun təmin etməkdə israrlıdır. Burada hərbi yol da istisna olunmur. İstər Rusiya, istərsə də digər həmsədr dövlətlər bunu başa düşür və təbii ki, açar fiqur olan Rusiya bunu bəyanat kimi çatdırmalıdır”.

Arzu Nağıyev ile ilgili görsel sonucu

Diqqətçəkən budur ki, Kreml İrəvanın Qərbə inteqrasiya mesajları verməsinin, separatçı Bako Saakyanın ABŞ Konqresində görüşlər keçirməsinin ardınca yenidən fəallaşıb. Bu fəallıq təkcə S.Lavrovun bəyanatında özünü təcəssüm etdirmir. Belə ki, Rusiyanın Ermənistandakı hərbi qüvvələrinin son həftələrdə həyata keçirdikləri təlimlər, Qarabağ müharibəsinin başlanacağı halında Ermənistanın yalqız qalmayacağı ilə bağlı mesajlar da bu dövrə təsadüf edib. Üstəlik, ABŞ prezidentinin Ermənistan üçün ayrılması nəzərdə tutulan maliyyə yardımı ilə bağlı təşəbbüsü dəstəkləməməsi Rusiyanın əlinə işləyib və Moskva yenə də ona ümid edən ermənilərə silah-sursat vədi verməyə başlayıb.

A.Nağıyev qeyd etdi ki, Rusiyadan Ermənistana 100 milyon dollarlıq müqavilə əsasında bu ilin sonuna qədər “İsgəndər” raket komplekslərinin də daxil olduğu silahların ixracı yerinə yetirilməlidir: “Bu haqda artıq erməni məmurları anons verib və İrəvanda keçirilən ArmHiTech-2018 sərgisində Rusiya tərəfi də məlumatı təsdiqləyib. Bu, elə bir vaxtda baş verir ki, ABŞ tərəfindən bu müqavilələrə görə Ermənistana sanksiyalar tətbiq edilə bilər. Təbii ki, Ermənistan tərəfi bunun məsuliyyətini başa düşməyə bilməz, sadəcə olaraq, təhlükəsziliyə təhdidlərin qarşısının alınmasını bəhanə gətirsələr də Rusiyanın bunu məcburi etdirdiyi faktını gizlətməyə məcburdular. Digər tərəfdən, Rusiya bunu öz hərbi bazası üçün etdiyini də bəyan edə bilərdi, lakin ermənilər bunu daha da şişirtməkdə əsas məqsədlərinin guya Azərbaycana qarşı silahlanmaya məcbur olduqlarını deyirlər. Bu, artıq Rusiyanın Ermənistana silah alınması üçün üçüncü maliyyə kreditidir. Əvvəlki 200 milyon dollarlıq kredit müqaviləsi başa çatıb. Bu məsələlərdə Azərbaycan üçün gözlənilməz bir şey baş vermədi. Azərbaycan dövləti bilirdi ki, Rusiya öz vassalı olan Ermənistana hər hansı bir yolla bu silahları çatdıracaq və bir müddətdən sonra həmin silahlar müxtəlif yollarla işğal olunmuş ərazilərimizə daşınacaq”.

Ekspertin sözlərinə görə, Rusiya bunu birbaşa edə bilmir və müxtəlif kredit oyunları həyata keçirir: “Ermənilərin iqtisadi cəhətdən bu kreditləri qaytarmağa imkanı belə yoxdur, məhz ona görə də uznmüddətli və ya ”faizsiz" adı ilə bunu göstərməyə çalışırlar. Eyni zamanda bu məsələlər Ermənistandakı qeyri-sabitliyi bərpa etmək və sosial partlayışın qarşısını almaq üçün edilir. Zənnimcə, bu proseslər həm də Ermənistanda hakimiyyət dəyişikliyinə zəmin üçün məhz indi həyata keçirilir".

Ancaq A.Nağıyev bir məsələ ilə bağlı əminliyini ifadə etdi: “Erməni tərəf Rusiyaya arxalanaraq yenə də status-kvonun saxlanması üçün manevrlər edir və çox təəssüf ki, Moskva da onu dəstəkləyir. Zənnimcə, Türkiyə-Rusiya yaxınlaşması da erməni tərəfini razı salmır. Çünki Türkiyə Azərbaycanın ən mühüm tərəfdaşıdır və münaqişənin həllində maraqlıdır. Ermənistan isə ”müstəqillik" deyərək, Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq istəyir, bunun üçün Rusiyaya güvənir. Bir sözlə, Rusiyanın ortada heç bir dəqiq planı yoxdur, sadəcə, bunlar siyasi manevrlərdir".
musavat.com
Diaspora