Bəzən adam öz-özünə sual verir: Vətənim üçün nə etmişəm? Bu mənada talelərini hərb sənətinə bağlayanlar xoşbəxtdirlər, çünki bizim hər birimiz Vətən adlı ömür yaşayırıq, elə seçdiyimiz peşənin də əsl mahiyyəti Vətəni qorumaqdır.
Müddətli hərbi xidmətim ön xətdə keçib və məhz həmin dövrdə hərbi peşəyə sonsuz marağım yaranıb. Taleyimi orduya həsr etdim, məşğələlərdə, təlimlərdə döyüşçü kimi formalaşdım və bir gün eşitdim ki, bizə döyüşə atılmaq əmri verilib. O vaxt 2016-cı ilin ilk aprel gecəsi idi.Bu sözləri AZƏRTAC-a müsahibəsində Aprel döyüşlərinin iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli gizir Tahir Misirxanov deyib.
Gizir bildirib ki, hər kəs bir nəfər kimi silahlanıb mühüm əhəmiyyətli yüksəkliyi düşməndən azad etmək üçün döyüşə atılıb. O deyib: “Ermənilər nəyin hesabına olursa-olsun, öz mövqelərindən geri çəkilmək istəmirdilər. Amma ordumuzun bir gecədə qətiyyətli əks-hücumu onları vahiməyə saldı və düşmən silah-sursatlarını döyüş meydanında atıb geri çəkildilər. Hər şey elə bil bircə anın içərisində baş verdi. Top-mərmi səsindən çaş-baş qalan düşmən əsgərləri hara gəldi atəş açırdılar. Lələtəpə yüksəkliyini azad edəndə bəlkə də həyatımın ən gözəl, ən qiymətli bir anını yaşadım. Axı qələbə bizim idi, indi bu vacib mövqelərə bizimkilər nəzarət edir. Dayandığım zirvədən arxaya, yaxınlıqdakı kəndlərimizə baxanda qürurdan gözlərim doldu. Gör nə qədər adamı təhlükədən xilas etmişdik?!
Aprel döyüşləri barədə düşünəndə mən də neçə şəhid silahdaşımı xatırlayıram. Onlar Vətən naminə canlarını əsirgəmədilər, torpaq uğrunda şəhid oldular və ən uca, ali zirvəyə yüksəldilər. Doğru deyiblər ki, torpaq onda Vətəndir ki, onun uğrunda can əsirgəməyən oğulları var. Biz Azərbaycanımızın ərazi bütövlüyünü təmin etmək üçün hər an döyüşə atılmağa hazırıq. İnşallah, Aprel savaşında olduğu kimi, bütün torpaqlarımızı azad edəcəyik. Bu gün bütün silahdaşlarım Ali Baş Komandanın “İrəli!” əmrini səbirsizliklə gözləyir. Tezliklə işğaldan azad edəcəyimiz ərazilərimizdə üçrəngli bayrağımız qürurla ucalanda şəhid dostlarımızın ruhu şad olacaq. Onda Elnurun da, Xocalıdan olan şəhid əsgərimiz Sarvanın da, şəhid tabor komandiri Rasim Məmmədovun da, tanıdığım və tanımadığım neçə-neçə şəhidimizin ruhu göylərə ucalacaq. Mən də həmin günün - Böyük Qələbə günümüzün həsrəti ilə yaşayıram.