Ermənilər Qafqazda “İkinci Qarabağ”a cəhd edir - Açıqlama

Ermənilər Qafqazda “İkinci Qarabağ”a cəhd edir - Açıqlama backend

Ermənilər harada cəm halda yaşayırlarsa, orada mütləq separatizm meyilləri, milli üstünlük prinsipləri qabarıq şəkildə özünü göstərir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, əgər Sovet vaxtında Cavaxetiyaya muxtariyyət verilsəydi, bu ərazi də indi Cənubi Osetiya və Abxaziya kimi qondarma quruma çevriləcəkdi:

“Ancaq Cavaxetiyaya heç vaxt muxtariyyət statusu verilməyib. Bu böyük bir nailiyyətdir. Bu gün ermənilər açıq, yaxud da gizli təkliflər irəli sürür ki, Cavaxetiyada erməni dili lokal dil kimi istifadə olunsun. Saakaşvilinin vaxtında da bu cür diskussiyalar aparılırdı. Amma bu təşəbbüs Gürcüstan parlamentində dəstəklənmirdi. Çünki gürcülər yaxşı başa düşür ki, bundan sonrakı addım həmin bölgəyə muxtariyyət statusunun verilməsidir. Amma bu regionda erməni dilində qəzetlər çap olunur, yaxud da Ermənistanda çap olunan qəzetlər Cavaxetiyada yayılır. Ara-sıra Ermənistanın deputatları bu ərazidə peyda olur. Doğrudur, bu görüşləri müxtəlif adlarla qələmə verirlər. Gürcüstan tərəfi isə belə görüşləri diqqətlə izləyir. Ermənistan nümayəndələrinin belə səfərlər çərçivəsində erməni əhalisi ilə söhbətləri Gürcüstan rəhbərliyi tərəfindən nəzarətə alınır”.

Politoloqun sözlərinə görə, hazırda Ermənistan Gürcüstanla münasibətləri korlamaq istəməz:

“Buna görə də onlar Cavaxetiyada həyata keçirməyə çalışdıqları prosesləri açıq şəkildə etmirlər. Çünki bu ərazidə etnik münaqişə baş verərsə, Ermənistanın şimal ilə sərhədləri tamamilə bağlanmış olur. Hazırda Ermənistan onsuz da blokada vəziyyətindədir. Onun Gürcüstanla münasibətlərinin pisləşməsi ilk növbədə Rusiya ilə əlaqələrinə ziyan vurar. Çünki Rusiyadan Gürcüstan vasitəsilə Ermənistana xeyli miqdarda mal göndərilir. Bunlar olmazsa, Ermənistan dövlətinin mövcudluğunun çox çəkəcəyini düşünmürəm".

Politoloq vurğulayıb ki, buna baxmayaraq, ermənilər heç vaxt öz məqsədlərindən də əl çəkməyəcəklər:

“Çünki bu artıq Ermənistanın siyasətidir. Erməni separatizmi hər yerdə eynidir. Ermənistanın özündə dərc olunan tarix kitablarında Cavaxetiya Javax kimi göstərilir. Ermənilər bu regionu, Qarabağı və Türkiyənin bəzi vilayətlərini “Böyük Ermənistan” xəritəsinin tərkibi kimi görürlər. Bu siyasət hər zaman davam edəcək. Sadəcə olaraq, bu siyasət müxtəlif ölkələrdə müxtəlif forma alır. Azərbaycanla bu açıq işğal, Türkiyə ilə soyqırım iddiasını tanıtdırmaq olduğu halda, ermənilər Gürcüstanla bu siyasəti qapalı, kölgəli şəkildə həyata keçirir. Yəni onlar Cavaxetiyada olan ermənilərə qapalı formada maliyyə, informasiya dəstəyi verməkdən çəkinmirlər”.

Qeyd edək ki, Gürcüstan Təhlükəsizlik Xidməti parlamentə hesabat verib. Hesabatda bildirilir ki, xarici ölkələrin kəşfiyyatı ölkə ərazisində etnik və dini konfliktləri qızışdırmaq üçün müxtəlif vasitələrdən istifadə edir.
Diaspora