Qarabağ düyünü kəsiləcək, yoxsa açılacaq?

Qarabağ düyünü kəsiləcək, yoxsa açılacaq? backend

24 illik atəşkəs dövrünün əsas sualı açıq qalır; siyasi şərhçilərdən aprel proqnozları; Moskva ermənilərə dərs vermək üçün Qarabağda yenidən savaş başlatmaq istəyir?..

Aprel döyüşlərinin ikinci ildönüm günlərini yaşayırıq. İki il öncəki hadisələr, Azərbaycanın blits-hərbi qələbəsi bir daha ötən zaman kəsiyinin prizmasından analiz edilərək nəticə və dərs çıxarılır. Diqqət yönəldilən məsələlərdən biri də niyə Azərbaycan ordusunun o vaxt hücumu davam etdirərək daha çox ərazini işğaldan azad etməməsi ətrafındadır.

Əlbəttə ki, göz önünə ilk olaraq, Rusiya faktoru gəlir. Azərbaycan hələ ki bu faktoru ciddiyə almaq zorundadır. Bunda şübhə yox ki, 2016-cı ilin aprelindən sonra sülh danışıqlarında ciddi dönüş yaranmamasının əsas səbəbkarı yenə Moskva oldu. Çünki işğalçı ölkəyə ciddi təzyiq rıçaqları olan Moskva istəsəydi, erməni tərəfinə təsir edib onu asanca konstruktiv mövqe tutmağa vadar edə, bununla da indi böyük müharibə ehtimalı xeyli dərəcədə gündəmdən çıxmış olardı. Lakin Rusiya yekün etibarilə köhnə status-kvonun saxlanmasını üstün tutdu.

*****

Ancaq bəzi iddialara görə, Moskva o vaxt Azərbaycanın xeyrinə mövqe tutmağa çalışıb. Məsələn, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayza mətbuata açıqlamasında Rusiya prezidenti Vladimir Putinin apreldən sonra Azərbaycanın əleyhinə olmayan konstruktiv təkliflər verdiyini, lakin Ermənistanın bunu qəbul etməkdən boyun qaçırdığını söyləyib.

“Azərbaycan Dağlıq Qarabağ məsələsində Ermənistana ediləcək güzəştlər barədə Rusiya ilə müxtəlif polemikalar aparıb”. Bu sözləri axar.az-a Metyu Brayzanın həmin açıqlamasını şərh edən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib. Politoloq sözügedən polemikaların zaman-zaman Azərbaycan prezidenti tərəfindən bu və ya digər formada dilə gətirildiyini bildirib.


“Söhbət Azərbaycanın ərazi bütövlüyü pozulmamaq şərtilə Dağlıq Qarabağa ən yüksək muxtar respublika statusunun verilməsindən gedir. Yəni Dağlıq Qarabağa özünü idarəetmə, büdcəsini formaqlaşdırmaq və onu müstəqil surətdə xərcləmək, eyni zamanda daxili asayişi qoruyacaq polis qüvvələrini yaratmaq statusu verilir. Ancaq xarici siyasət və ordu bilavasitə Azərbaycanın sərəncamında qalırdı. Beləliklə, Dağlıq Qarabağa mərkəzdən asılılığı minimuma endirilmiş və demək olar ki, müstəqilliyə yaxın bir respublika statusunun verilməsi nəzərdə tutulurdu. Putin də təxminən bu təkliflərlə razılaşmışdı” - Qabil Hüseynli bildirib. Onun sözlərinə görə, razılıq əldə ediləcəyi təqdirdə Laçın dəhlizi işə salınır, Ermənistanla əlaqələr yüksək səviyyədə saxlanılır, Dağlıq Qarabağın tabeçiliyi isə Azərbaycanın ərazi bütövlüyü daxilində Bakıya verilirdi: “Putin şəxsən bütün bunları ermənilərə söyləmişdi”.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov öz növbəsində hesab edir ki, Rusiya üçün ən böyük təhlükə postsovet məkanının hansısa nöqtəsində müharibənin yenidən alovlanması olardı (Teleqraf.com): “Onlar bilirlər ki, Suriyada, Ukraynada olan gərginlik nöqtələrinə Dağlıq Qarabağ da əlavə olunsa, sözsüz ki, bunun nəticələrindən biri Rusiyanın regionda nüfuzunun azalması olacaq. Bunu onlar başa düşürlər. Buna görə də çalışacaqlar ki, nəsə etsinlər. Açığı, Lavrov faktoru danışıqlarda müsbət nəticəyə əngəl olur. Əgər bu faktor aradan qaldırılsa, mümkündür ki, rus siyasəti çalışacaq ki, hansısa uğurlara nail olunsun. Əlbəttə, Azərbaycanın əsas tələbi ərazilərimizin işğaldan azad edilməsidir. Mən bu ərazilərin erməni işğalı altında qalmasında Rusiyanın marağının olduğunu görmürəm. İstisna etmirəm ki, bu danışıqlarda mövzulardan biri ola bilər. Bilmirəm, danışıqlar prosesi nə zaman başlayacaq. İndi rus siyasətində bir nömrəli məsələ Qərblə olan böhranı yoluna qoymaqdır. Bəlkə də payıza yaxın biz danışıqlar prosesini müşahidə edə bilərik”.

*****

Bu arada işğalçı Ermənistanda da aprel döyüşlərinin ildönümü və müharibə mövzusu yenidən siyasi gündəmi zəbt edib. Məsələ ən müxtəlif səviyyələrdə və rakurslardan müzakirə edilməkdədir. Eyni zamanda münaqişədə Rusiyanın rolu və mümkün gedişləri təhlil edilməkdədir.

“Moskva Qarabağda yenidən aprel savaşını başlatmaq istəyir”. Bunu Ermənistanın Gömrük Xidmətinin keçmiş rəisi Yerdcanik Abqaryan deyib. “Məncə, üçtərəfli razılaşma var. Razılaşmaya əsasən, Azərbaycana yenidən imkan veriləcək ki, erməni ordusunu sınasın və Dağlıq Qarabağ əhalisini kütləvi şəkildə geri çəkilməyə məcbur etsin. Uğur qazanılacağı halda aydındır ki, Ermənistanda hakimiyyətdə olan ”Qarabağ klanı" təhdid altına düşəcək. Bu təhdidin aradan qaldırılması üçün Rusiya hərbi polisinin gücündən istifadə ediləcək", - deyə o qeyd edib.


Abqaryan digər tərəfdən, ölkədən əhalinin köçünə diqqət yönəldib: “Erməni əhalisinin emiqrasiyası dayanmır. Onlar əsasən Rusiyaya köçürlər. Rusiya bu məsələdə keçən əsrdən maraqlıdır. Bu gün biz görürük ki, ermənilərin emiqrasiyasına paralel olaraq Ermənistana artıq rus miqrasiyası başlayıb. İrəvanın küçələrində bunun nəticələri xüsusi olaraq görünür. Ermənistandakı rus zabitlərinin və ailələrinin hesabına Rusiya həmçinin öz vətəndaşlarının ölkədəki sayını artırır. Ruslar və onların satqın, kriminal ”Qarabağ klanı"nın hədəfləri bunlardır".

Yad salaq ki, ötən həftə Rusiyanın Ermənistanda hərbi polis qüvvələri yaratmağa başladığı və bu qüvvələrin Gümrüdəki 102-ci rus bazasına yerləşdiriləcəyi haqda informasiya yayılıb. Ermənistanın müxalifəti və bir sıra yerli ekspertlər bu xəbərə sərt reaksiya verib və onu Kremlin Ermənistanın müstəqilliyi və suverenliyi ilə hesablaşmadığının növbəti təzahürü, ölkənin daxili işlərinə kobud şəkildə qarışmaq cəhdi kimi qiymətləndirib.

*****

Lakin ermənilərin təlaşı əbəsdir. Daha doğrusu, məntiqsizdir. Çünki könüllü şəkildə Rusiyanın vassalı və forpostu olmağa razı olmuş bir ölkədə belə giley-güzara yer qalmır. Rusiya aydın məsələdir ki, vassal ölkə ilə öz bildiyi kimi davranacaq. Əsas da o səbəbə ki, Ermənistan adında formal dövlət müstəsna olaraq Rusiyanın, onun qayğısı hesabına, hərbi və iqtisadi, maliyyə dəstəyi, kreditləri hesabına mövcuddur. Azərbaycan torpaqlarının işğalının bunca uzanması da yenə ermənilərə Rusiya qayğısı hesabınadır.

Bu gün Ermənistanın Türkiyə və İranla xarici sərhədlərini belə ermənilərin özləri yox, rus hərbçiləri (Rusiya FTX-si) qoruyursa, artıq şərhə ehtiyac qalmır. İstənilən halda, əsas sual bu gün də öz aktuallığını saxlayır: Qarabağ düyünü kəsiləcək, yoxsa açılacaq, Rusiya regionda yeni müharibə istəyirmi?
musavat.com
Diaspora