Bu xəbərdarlıqların əsas ünvanı bəlli - ədalətli sülhdən qaçan işğalçı ölkə; alman telekanalı ZDF: “Ermənistanın gələcəyi yoxdur...”
Bu gün “4 günlük” aprel savaşının başlanmasından iki il ötür. İki il öncə işğalçı qüvvələrə ağrılı bir qulaqburması verilməsinə rəğmən, təəssüf ki, keçən iki illik zaman kəsiyində unikal fürsət ola-ola Qarabağ konfliktinin həlli yerindən tərpənmədi. “Qarabağ yükü” 2016-cı ildə harada idisə, yenə də ordadır - təbii ki, ən çox vasitəçi dövlətlərin apreldən sonra da məsələyə ciddi yanaşmaması, işğalçını öz adı ilə çağırmaq istəməməsi nəticəsində.Nəticə etibarilə iki il öncəki kimi, indi də müharibə riski böyük olaraq qalır. Hər necə olmasa, Azərbaycan sonsuzadək statu-kvo ilə, yəni işğal rejimi ilə barışmaq niyyətində deyil. İşğal rejimi ilə, status-kvo ilə barışmaq işğalla barışmaq deməkdir.
****
“Əgər danışıqlara ciddi şəkildə getməsə və Ermənistan qısa müddət ərzində ərazilərimizi boşaltmasa, müharibə qaçılmaz olacaq”. Bu sözləri Azərbaycanın keçmiş xarici işlər naziri, uzun müddət sülh danışıqlarının içində olmuş Tofiq Zülfüqarov deyib (Axar.az). Onun sözlərinə görə, Azərbaycan artıq bu yanaşmasını gizlətmək də istəmir. “Keçirilən genişmiqyaslı hərbi təlimlər və son zamanlar alınan müasir silahlar məhz Azərbaycanın müdafiə imkanlarının daha da genişlənməsinə hesablanıb... İki il öncə problemin sülh yolu ilə həllinə ümidlər var idi. Məqsəd itki vermədən həqiqəti və ədaləti bərpa etmək idi. Ancaq ermənilərin siyasəti buna imkan yaratmır. Azərbaycanın Dağlıq Qarabağı yaddan çıxaracağını və ya torpaqlarını kiməsə bağışlayacağını gözləyənlər yanılır. Azərbaycan güclənib, yeri, zamanı gələndə və əlverişli şərait yarananda güc tətbiq edərək ərazi bütövlüyünü təmin edəcək”, - deyə eks-nazir qeyd edib.
Bu arada, daha doğrusu, ötən həftəsonu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov qardaş Türkiyəyə çoxgünlük səfər edib. Xəbər verdiyimiz kimi, Ankarada Zakir Həsənovu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edib. Bu, şəksiz ki, iki qardaş ölkə arasında həbi sahədə əməkdaşlığa, Azərbaycanın hərbi cəhətcə daha da qüdrətlənməsinə Türkiyə dövləti və rəhbərliyinin verdiyi böyük önəmin təzahürüdür.
Azərbaycanın müdafiə naziri həmçinin, Türkiyədə baş tutan Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edib. Sözsüz ki, səfər ən əvvəl Türkiyə və Azərbaycan arasında hərbi sferada əlaqələri daha da sıxlaşdırmaq məqsədi güdüb. Məsələn, səfər çərçivəsində Zakir Həsənov həmçinin, pilotsuz uçuş aparatları istehsal edən “Baykar Makina” şirkətində olub, müəssisənin rəhbərliyi ilə görüşərək hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib və şirkət tərəfindən istehsal olunan hərbi təyinatlı döyüş vasitələrinə baxış keçirib. Azərbaycanın aprel blits-hərbi zəfərinin ikinci ildönümü ərəfəsində Azərbaycan müdafiə nazirinin son səfərin həm də simvolik əhəmiyyət daşıyır.
“Zakir Həsənovun Azərbaycanın əsas siyasi, iqtisadi, təhlükəsizlik tərəfdaşı olan qardaş ölkəyə səfəri çox vacib bir hadisədir. Azərbaycan müdafiə sahəsində Türkiyə ilə əməkdaşlıq üçün bütün imkanlarını istifadə etmək niyyətindədir ki, öz təhlükəsizlik və müdafiə imkanlarını, potensialını artırsın. Türkiyə bu proseslərdə hər zaman Azərbaycanın yanındadır. Bu baxımdan sözügedən əməkdaşlıq təbii prosesdir. O ki qaldı Türkiyənin Ermənistan-Azərbaycan konflikti ilə bağlı mövqeyinə, son zamanlar çox faydalı, əsaslı və qəti bəyanatlar səslənir. Bu, Azərbaycan və dünya ictimaiyyəti üçün bir siqnaldır. Ona görə də bu səfəri çox müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu səfərin yüksək dəyərini hamı yekdilliklə anlayır”. Bunu da səfəri şərh edən Tofiq Zülfüqarov mətbuata açıqlamasında deyib.
*****
Əlbəttə, böyük Qarabağ müharibəsi olmaya da bilər, əgər işğalçı tərəf, nəhayət, “daşı ətəyindən töksə”, Qarabağ məsələsində ədalətli mövqe tutsa. Bunu ən əvvəl elə Ermənistanın daxili durumu, ağır iqtisadi vəziyyəti və blokada rejimi, ölkədən davam edən kütləvi köç diktə edir.
Bu arada Almaniyanın nüfuzlu ZDF İctimai Televiziyası Ermənistanla bağlı sərt reallıqlar haqda reportaj yayımlayıb. “Genosid, Dağlıq Qarabağ müharibəsi - bu, adamların Ermənistanla əlaqələndirdikləri mövzulardır. Ancaq gündəlik həyat hər şeyə dominantlıq edir: korrupsiyalaşmış həyat, tam yoxsulluq. Gənclər kütləvi şəkildə ölkədən qaçır”. “Yeni Müsavat”ın məlumatına görə, bu haqda Volfqanq Tsimmermanın işğalçı ölkədən hazırladığı reportajda deyilir.
Alman televiziyası Ermənistandakı korrupsiya və seçkilərin saxtalaşdırılması kimi aktual mövzulardan da yan keçməyib. “Transparensy İnternational”ın indeksində Ermənistan Efiopiya, Makedoniya və Vyetnamla birgə 107-ci yerdə qərarlaşıb. Ölkənin iqtisadiyyatı cəmi bir neçə oliqarxın əlindədir. Kimlər ki, hakim elitanın nümayəndələrinin qohumu və ya dostu deyil, o, çətin ki, biznesdə şanslı olsun. Üstəlik, ölkədə məhkəmə sistemi müstəqil deyil, asılıdır. Dövlət özbaşınalığı ilə çulğalaşıan perspektivsizlik nəticəsində gənclər kütləvi şəkildə ölkədən qaçır. Nə qədər adam çıxıb gedir, bunu yalnız təxmini bilmək olar: hökumət bu rəqəmin ildə 30-40 min olduğunu deyir. Əsas kütlə Rusiyaya üz tutur. SSRİ-nin çöküşündən sonra Ermənistan 16-30 yaş arası 1 milyondan çox sakinini (əhalisinin 1/3-ni), demək həm də gələcəyini itirib" - müəllif qeyd edir.
Daha sonra telekanal qeyd edir ki, bütün bunlar erməni hökumətini, belə görünür ki, qayğılandırmır. “Ola bilsin kütləvi köç hətta hakimiyyətin əlinə işləyir - axı, yaxşı təhsil almış gənclərin simasında ölkədən həm də potensial inqilabçılar yoxa çıxır. Kim ki, etiraz edir - belə görünür ki, etiraz nümayişinə çıxmır, sadəcə, ölkəni tərk edib gedir” - reportajda vurğulanır.
ZDF həmçinin, Türkiyə və Azərbaycanla sərhədlərinin bağlı olması üzündən Ermənistanın geostrateji vəziyyətini “dəhşətli yuxu” adlandırıb.