2016-cı ilin aprelində cəbhədə baş verən aprel hadisələrinin 2-ci ildönümü tamam olur.
Aprel döyüşlərində işğalçı Ermənistan ordusu özgə torpaqlarında apardığı savaşın nəticəsi olaraq 320-dən çox hərbçisini itirdi. Azərbaycan ordusu isə işğal altında olan torpaqların azad edilməsi zamanı şəhidlər verib.Ötən iki il ərzində atəşkəs mütəmadi olaraq pozulub. Azərbaycan tərəfinin ərazilərimizin kiçik bir hissəsinin işğaldan azad edilməsi faktını qəbul etməyən düşmən tərəfi, cəbhə boyu gərginlik yaratmaqda davam edib.
Üstəlik, Ermənistan işğal etdiyi torpaqlarımızda tikinti işlərinin aparılması barədə mütəmadi olaraq informasiyalar yaymaqla məşğul olub.
Bəs 2016-cı ilin aprel hadisələri necə yadda qaldı?
Hərbi, siyasi iqtisadi cəhətdən üstünlüklərimiz nədən ibarət oldu?
Modern.az məsələyə münasibət öyrənməyə çalışıb.
Politoloq Arzu Nağıyevin sözlərinə görə,2016-cı ilin aprel hadisələrindən sonra Azərbaycan öz ərazi bütövlüyünə tam nəzarət edə biləcək imkanı olan dövlət kimi özünü dünyaya bəyan edə bildi.
Azərbaycanın siyasi, iqtisadi, hərbi üstünlükləri
“Siyasi cəhətdən üstünlüyümüz o oldu ki, öz ərazilərində antiterror əməliyyatları keçirməyə qadir olan dövlət kimi heç bir xarici dövlətin, antiazərbaycan qüvvələrin qınağına, tənqid atəşinə tuş gəlmədi. Hər kəs bilirdi ki, Azərbaycan ərazi bütövlüyü çərçivəsində belə bir antiterror əməliyyatları aparır.
İqtisadi üstünlüyümüz odur ki, azad olunmuş torpaqlarımızı kiçik vaxt kəsiyində yenidən düzəldə, orada tikinti quraşdırma işlərini apara bilirik. Bunun özü də dünyaya bir mesajdır.
Hərbi cəhətdən üstünlüyümüz odur ki, Azərbaycan ərazi bütövlüyünün qorunmasını təmin edə biləcək orduya malikdir. Bu da əsas məsələlərdən biridir. Düşünürəm ki, 2 il ərzində ermənilərin özləri barədə yaratdıqları mif dağıldı. Rusiya və onun hərbi bazaları olmasa Qarabağ problemi çoxdan həll olunmuşdu. Bunu Ermənistan da dərk elədi. 2 il ərzində Ermənistan rəhbərliyi generallarını, ordu rəhbərlərinin neçəsini işdən azad etdi. Bir daha bütün dünyaya bəyan oldu ki, düşmən tərəfin arxasında dayanan əsas güc məhz Rusiyadır. Ermənistan onların vassalıdır”.
Ermənilərin tikinti xəbərlərini tirajlamaqda məqsədləri nədir?
Arzu Nağıyev deyir ki, belə bir şey yoxdur.
“Ermənistan işğal etdiyi ərazilərdə heç bir tikinti işləri aparmır. Sadəcə reklam edirlər. Ermənistanın xaricdə olan bir sıra fondlarından ayrılan maddi vəsaitlərin hara xərclənəcəyinin sanki anonsunu verirlər. Onlar nə qədər bəyan etsələr ki, “işğal olunmuş torpaqlarda tikinti işləri aparırıq” bu inandırıcı görünmür”.
“Ordumuzun gücünü gördük”
Keçmiş döyüşçü Rey Kərimoğlu deyir ki, 2016-cı ilin aprelində cəbhədə baş verən döyüş gözlənilən idi.
“Azərbaycan Silahlı Qüvvələrinin baş komandanı cənab İlham Əliyev də dəfələrlə çıxışlarında stotus-kvo ilə barışmayacağımızı səsləndirmişdi. Üstəlik, ermənilərin hər gün atəşkəsi pozması və dinc sakinlərin itkilər verməsini qəbul etməyəcəyik. Müdafiə Naziri də bununla bağlı bəyanatlar vermişdi. Ermənilər yaşayış məntəqələrimizi ağır arteriyadan atəşə tuturdu. Kənd sakinləri arasında itkilər olurdu. 2016-cı ilin aprelin 1-dən 2-nə keçən gecə azğınlaşmış düşmən təxribat xarakterli addımlar atdı. Döyüş xəttində olan canlı qüvvələrimizə atəş açdı və sərhəd bölgəsində olan dinc əhali üçün təhlükə yarandı. Bu vaxt Azərbaycan ordusu düşmənə layiqli cavab verdi. Aprel döyüşləri həm də onu göstərdi ki, xalq öz torpaqlarının bir qarışını belə düşmənə vermək fikrində deyil. İstənilən an əməliyyatlar başlayarsa, xalq da öz döyüşçüsü ilə birgə cəbhəyə atılmağa hazırdır. Biz bunu gördük. Tale elə gətirdi ki, mən və digər keçmiş döyüşçülər, bir qrup QHT rəhbəri aprelin 2-si səhərdən başlayaraq cəbhə bölgələrinə ezam edildik və proseslərin şahidi olduq. Xalqımız ayaqda idi. Ordumuzun gücünü gördük. Düşünürəm ki, heç bir beynəlxalq təşkilatlara, hansısa dövlətlərə güvənmək lazım deyil. Yetər ki, xalq və ordu bir araya gələ bilsin”