Qarabağa sülhü vasitəçilər yox, müharibə gətirə bilər - mühüm gəlişmə

Qarabağa sülhü vasitəçilər yox, müharibə gətirə bilər - mühüm gəlişmə backend

Azərbaycan dialoq qapılarını sonsuzadək açıq saxlamayacaq; “beyin mərkəzləri”ndən savaş xəbərdarlıqları artır...

2016-cı ilin aprelində Azərbaycanın blits-hərbi zəfəri ilə bitən 4 günlük müharibənin ikinci ildönümü yaxınlaşır. Əfsus ki, həmin hadisələrdən sonra keçən müddətdə Qarabağ probleminin həllində nəinki ciddi irəliləyiş baş vermədi, əksinə, nə qədər paradoksal görünsə də işğalçı tərəfin daha radikal mövqeyə köklənməsi nəticəsində hazırda yeni və daha böyük hərbi toqquşma riski ilə üz-üzəyik.

Ötən zaman kəsiyində də Ermənistan Azərbaycanla hərbi balansı bərpa edə bilməyib. Bu, heç mümkün də deyildi. Elə isə məntiqlə rəsmi İrəvan sülh danışıqlarında bu iki ildə konstruktiv mövqe tutmalı, böyük anlaşmanı yaxınlaşdırmalı idi. Fəqət, işğalçı tərəf sülhü əlçatmaz edən təxribatçı siyasəti davam etdirir, status-kvonu saxlamağa çalışır. Görəsən, düşmən nəyə, kimə arxayındır, zaman doğrudanmı izolyasiya rejimində olan Ermənistana işləyir?

1 İin.am nəşrinin şərhçisi Sərkis Artsruni hesab edir ki, əgər ötən atəşkəs müddətdən Ermənistanda yeni keyfiyyətli dövlətin formalaşması üçün istifadə edilmiş olsaydı, Qarabağ münaqişəsində statusa-kvonun saxlanılması üzrə İrəvanın siyasətinə haqq qazandırıla bilərdi. Erməni ekspert Azərbaycanın beynəlxalq meydanlarda böyük uğurlar qazandığını və silahlanma sahəsində balansı dəyişdirdiyini qeyd edərək yazıb: “Ermənistanın birinci Qarabağ müharibəsində əldə etdiyi qələbənin siyasi və mənəvi effekti iki onillikdə dağıdıldı. Qələbə qanunsuz sərvətə sahib olan və saxta seçkilərlə yaradılan elita tərəfindən mənimsənildi. Ermənistan elitanın xəsisliyi və fərasətsizliyinə görə öz keyfiyyətlərini itirdi”.

*****

Bu, doğrudan da belədir. Artıq nə işğalçı ordunun “məğlubedilməzlik mifi” qalıb, nə də erməni toplumunda “böyük hərbi qələbə” eyforiyası və bu qələbənin maddiləşməsinə inam. Ağlı yerində olan ermənilər də çoxdan anlayıblar ki, kriminal Sərkisyan rejiminin, bütövlükdə “Qarabağ klanı”nın apardığı siyasət nəinki separatçı rejimin “müstəqilliyinin” tanınmasına və ya Dağlıq Qarabağın de-yure Ermənistana birləşdirilməsinə gətirməyəcək (gətirsəydi, bu, 25 ildə baş verərdi), üstəlik, erməni xalqı qat-qat ağır itkilərə və məşəqqətlərə tuş olacaq.

Bu, elə ermənilərin “Pirr qələbəsi”dir ki var. O üzdən ermənilər, xüsusən də gənc nəsil, əmək qabiliyyətli, çağırış yaşlı erməni kişilər bütün məqbul və qeyri-məqbul yolla ölkədən baş götürüb qaçır. Sosioloqlara və demoqrafiya mütəxəssislərinə görə, onların mütləq əksəriyyəti Ermənistanı geridönməz şəkildə tərk edib gedir. Bu isə o anlama gəlir ki, Ermənistan əhalisi azalmaqda, doğum faizi aşağı düşməkdə davam edəcək, Qarabağda yeni və böyük müharibə olacağı təqdirdə erməni tərəfi həm də ciddi canlı qüvvə böhranı yaşayacaq. Yekun etibarilə “qalib” Ermənistan bundan da acınacaqlı, erməni xalqı daha fəlakətli bir duruma düşəcək.

Belə aqibəti erməni rəsmilərinin və generallarının son vaxtlar verdikləri və cəmiyyəti sakitləşdirməyə yönəlik bəyanatları dəyişdirə bilməz. Dəyişməli bir şey varsa, o da avantürist erməni siyasi-hərbi rəhbərliyinin yanlış Qarabağ siyasəti ola bilər. Hələ ki vaxt var. Hələ ki diplomatik resurslar tam tükənməyib və Bakı sülh və dialoq qapılarını açıq saxlayır. Öz havadarlarına arxayın olan İrəvan bu fürsəti nəhayət, erməni xalqının marağı naminə düzgün dəyərləndirməli, bunu Azərbaycanın zəifliyi kimi qəbul etməməlidir.

*****

Müharibə ehtimalı isə olduqca yüksək olaraq qalır. Bunu “Yeni Müsavat”a müsahibəsində Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri, politoloq Eldar Namazov da təsdiqləyib.

Sitat: “Aprel döyüşləri Azərbaycan ordusunun böyük üstünlüyünü nümayiş etdirdi və ordumuzun Qarabağı azad etməyə qadir olduğunu ortaya qoydu... Müharibə ehtimalı indi çox yüksəkdir, hətta 90 faiz əminəm ki, Azərbaycan ordusu ikinci hərbi əməliyyat keçirməyə hazırlaşmalıdır. Bu fikirlərin üzərində indi də qalıram. Azərbaycan ordusunun erməni ordusunun üzərində üstünlüyü şəksizdir. Torpaqlarımızın azad olunması işi yenə Azərbaycan ordusunun üzərinə düşəcək. Mən əminəm ki, ordumuz belə bir əmr alanda bu vəzifəni layiqində yerinə yetirəcək. Ermənistan ordusunun Azərbaycan ordusu qarşısında heç bir şansı yoxdur. Həm sırf hərbi-texnoloji, həm iqtisadi, həm demoqrafik potensial baxımdan Azərbaycan Ermənistandan qat-qat üstündür, növbəti hərbi savaşda Ermənistan ordusu Azərbaycan ordusuna məğlub olacaq. Erməni generalın və digər erməni rəsmilərin bəyanatları boş söhbətlərdir. Aprel döyüşlərindən sonra ermənilər hətta bəyanat verirdilər ki, onlarda guya nüvə bombası var. Açıq savaşda uduzan tərəf həmişə bu cür isterikada olur və möcüzəyə inanmağa başlayır”.

*****

Bu arada Azərbaycan öz silahlı qüvvələrinin hərbi və döyüş hazırlığını artırmaqdadır. Bura vaxtaşırı keçirilən geniş miqyaslı hərbi təlimlərlə yanaşı, qardaş Türkiyə ilə hərbi və hərbi-texniki sahədə strateji əməkdaşlığı gücləndirmək də daxildir. Yeri gəlmişkən, dünən Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə Ankaraya rəsmi səfərə yola düşüb.

Musavat.com-un Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. General-polkovnik Z.Həsənovun martın 31-də qardaş ölkənin Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.

Qeyd edək ki, üç qonşu ölkənin hərbi nazirləri səviyyəsində bu formatda sonuncu görüş ötən ilin sonunda Tiflisdə olub. O zaman tərəflərin qəbul elədiyi ortaq bəyanatda münaqişəli bölgəmizdə daimi sülh və təhlükəsizliyin əsas şərti kimi məhz region ölkələrinin suverenliyi və ərazi bütövlüyünün hamılıqla qəbul olunmasının vacibliyi vurğulanmışdı. Bu da öncəliklə işğalçı Ermənistana aydın bir mesaj idi ki, əgər o, əsas qonşuları olan Azərbaycan, Türkiyə və Gürcüstanla birgə normal inkişaf eləmək, bölgəyə və dünyaya inteqrasiya olunmaq, izolyasiya rejimindən qurtulmaq istəyirsə, yolu bəlli - beynəlxalq hüquqa, qonşu ölkələrin ərazi bütövlüyünə hörmət eləmək. Əks halda, Ermənistan adlı simvolik dövlətin sonunu gətirəcək böyük müharibə qaçılmaz olacaq...

Diaspora