“Stabil atəşkəs rejimi təmin edilməyənədək, Dağlıq Qarabağ münaqişəsinin həll prosesində stabillik olmayacaq”.
Cebhe.info Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bunu bu ölkədə fəaliyyət göstərən “Qafqaz” İnstitutunun direktoru, politoloq Aleksandr İsgəndəryan deyib.O, münaqişə tərəfləri – Ermənistan və Azərbaycan arasında gərginliyin son 2 ildə pik həddə qalxdığını diqqətə çatdırıb. “Son illərdə bölgədə gərginlik yüksək həddə artıb. Ermənistan – Azərbaycan sərhədləri, təmas xətti boyunca, hətta, Naxçıvan istiqamətində də gərginlik hiss olunur. Helikopterin vurulması hadisəsi və 2016-cı ilin aprel ayında tərəflər arasındakı 4 günlük silahlı qarşıdurmadan sonra gərginlik yüksələn xətt üzrə qalxır.
Aprel hadisələrindən sonra həmsədrlər həll axtarışlarını sürətləndiriblər. Ortada hər nə qədər hər iki tərəfi razı salan variantlar olsa da, tərəflər hansısa səbəbdən ortaq məxrəcə gələ bilmirlər. Atılan real addımlar dəstəklənmir. Ortadakı anlaşılmazlığa görə artıq, münaqişənin mahiyyəti tamamilə dəyişib”, - deyə İsgəndəryan qeyd edib. Politoloq qeyd edib ki, tərəflər arasında stabil atəşkəs rejimi olmadıqca, gərginliyin azaldılmasına və münaqişənin həllinə yönəlik səylər nəticə verməyəcək.