26 ildir qardaşı və əmisi oğlundan xəbərsiz olan bacı çarəsiz durumdadır.
Bu barədə Modern.az-a Sənubər Davudova Bulutxan qızı özü danışıb.Əslən Suraxanı rayonun Bülbülə qəsəbəsindən olan Sənubərin yaxınları 1992-ci il Şuşa uğrunda gedən döyüşlərə könüllü olaraq qoşulub:
“Qardaşım Vüqar Bulutxan oğlu (13.10.1969 təvəllüdlü), əmim oğlu Davudov Qalib Azad oğlu (27.07.1971) 1992-ci il martın 22-də könüllü olaraq Şuşa şəhərinə döyüşə gediblər. Bakıda, Bülbülədə yaşasaq da, ürəkləri Qarabağda idi.
Xocalı hadisələrindən sonra qardaşımgili saxlaya bilmədik. Komandir Nail Kazımovun batalyonunda könüllü döyüşə getdilər. Onlardan əlavə 12 könüllü də vardı dəstədə. 1992-ci il 22 martda evdən çıxdılar.
Mayın 9-da bacıma nişan edəcəkdik, gəlməli idilər. Mayın 5-də qonşuya ev telefonuna zəng edib məni çağırtdırdı. İki, üç kəlmə “təbrikimi bacıma çatdır, biz gələ bilməyəcəyik. Bizi məzuniyyətə buraxıblar, amma gəlmirik, vəziyyət yaxşı deyil, sonuna qədər döyüşəcəyik. Bizi gözləməyin, siz nişanı edin”, dedi. Sonra əlaqə kəsildi. Qardaşımın səsini son dəfə eşitdiyimin fərqində belə deyildim. Sonra Şuşa işğal olundu, heç bacıma nişan da etmədik”.
S.Davudovanın sözlərinə görə, o gündən sonra döymədiyi qapı, müraciət etmədiyi ünvan qalmayıb:
“Onları gördüm deyən olmayıb. Nə itkin kimi itkindirlər, nə əsir kimi əsir, Bilmirik ölüblər, yoxsa hələ də yaşayırlar... Xahiş edirəm səsimə səs verin. Gözü yolda yaşamaq çox ağırdır”.
S. Davudova bildirib ki, yaxınlarının axtarışları üçün dövlət tərəfindən DNT analizləri də götürülüb:
“12 fevral 2016-cı ildə dövlət tərəfindən ailə üzvlərimizi DNT analizi ediblər. Amma hələ də bir səs-səmir çıxmır. Anam 10 ildir ki, yataq xəstəsidir. Neçə yerə müraciət etmişik, internet vasitəsilə paylaşmışıq, amma gördüm deyən yoxdur. Bir itkin bacısı kimi xahiş edirəm. Heç olmasa desinlər əsir düşüb, o siyahını göstərsinlər mənə”.
Müsahibimiz deyir ki, bir dəfə Qalib Davudovun ailəsinə onun əsir götürüldüyünə dair məlumatı təqdim edilib. Bildirilib ki, Tovuz rayonu Əsrik-Cırdaxan kənd sakini Akif Hüseynov Tibilisi şəhərində milliyytcə erməni Samir Alaverdiyandan (Yerevan-74, Nijnıy Şenqavit küçəsi, ev 35, mənzil 22, tel: 48-67-93) aldığı azərbaycanlı əsir və girovların siyahısında Qalib Davudovun da adı olub. Onun Ermənistanın Spitak şəhərində yerləşən 42411 saylı həbsxanada saxlandığı göstərilib. Amma rəsmi qurumlar bu məlumatları təsdiqləməyib.
O, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə də müraciət etdiklərini açıqlayıb:
“Anam Xatirə Davudova Əbdül qızı tərəfindən yazılı ərizə var komitədə. Əlaqə saxladım, dedilər heç bir məlumat yoxdur. Xahiş edirəm, mənə bir məlumat desinlər. Hər cür məlumata hazıram, yetər ki, dəqiq bir söz desinlər”.