Bu gün əslən Kəlbəcərdən olan, 4 ildir erməni girovluğunda əzab çəkən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovun doğum günüdür.
27-ci baharına qədəm qoyan K.Əsgərov Modern.az-a bu günü atasız qeyd etməyin onun üçün əhəmiyyətsiz olduğunu bildirib:“Bizdə əvvəldən bir ənənə var ki, ad günlərimizi xüsusi qeyd etmirik. Bu atam bizimlə olanda da belə idi, indi də. Amma bu gün atamsız ad günü qeyd etmək mənə yaraşmaz”.
K.Əsgərov atasına qovuşacağı günün onun üçün yeni doğum günü olacağını vurğulayıb:
“Bircə atama qovuşum. Onda elə biləcəm yenidən doğulmuşam”.
2014-cü il iyulunda Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.