İstər Rusiyanın rəsmi strukturlarından, istər bu dövlətin iştirak etdiyi birliklərdəki nümayəndələrinin dilindən, istərsə də ekspert camiəsi tərəfindən Azərbaycan informasiya məkanına çıxarılan xəbərlər avtomatik olaraq tələ, hanısa hiyləgər siyasətin məhsulu, yaxud da təxribat kimi başa düşülməməlidir.
Hətta üçüncü dairələr hesab edirlər ki, bu, hansısa gizli razılaşmaların məhsuludur, o üzdən günü sabah konkret hərəkətlər baş verəcək.Bu sözləri Axar.az-a Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş Qərargah rəisi general-polkovnik Anatoli Sidorovun açıqlamasını şərh edən millət vəkili Zahid Oruc deyib. Millət vəkili bildirib ki, hazırkı reaksiyalar, şərhlər, müsahibələr bəlkə də on illər ərzində özünü göstərən o mənfi tendensiyaların, yanlış yanaşmaların ortadan qalxmasına işarədir:
“Həmçinin bu dövr ərzində yürütdüyümüz siyasət, xüsusilə də Azərbaycan-Rusiya münasibətləri artıq o məkanda yer alan şəxsləri daha realist, obyektiv olmağa vadar edir. Reallıqda KTMT-də yer alan dövlətlər özlərinin mühüm doktrinalarında hansı dairələri təhlükə hesab edirlər və buna qədərki dövrdə vahid bir ittifaq şəklində fəaliyyətləri mümkün olubmu? Azərbaycanın atdığı addımlara bu birlik tərəfindən indiyə qədər hansı münasibətlər sərgilənib? Apreldə Ermənistanla Azərbaycan hərbi meydanda yenidən toqquşanda İrəvanda KTMT-nin tədbiri olacaqdı. Belarus və Qazaxıstan kəskin mövqe ortaya qoydu və çox məhdud tərkib parçalanmaya məruz qaldığından, Sərkisyan erməni xalqının təhlükəsizlik missiyasının qazax, qırğız, belaruslarla bir yerə qoyulmasının alınmadığını görəndə tədbir təxirə salındı. O zamandan həmin formatda çox ciddi çatlar gedir. Yəni artıq KTMT-də parçalanmanın mövcud olduğunu gizlətmək mümkün deyildi. Axı, indi həmin birliyin əsgərləri gəlib niyə Qarabağda vuruşsunlar ki? Ölkəmiz öz ərazi bütövlüyünü təmin etməyə çalışarkən Qərbin layihəsini həyata keçirir, NATO-nun emissarlığını yerinə yetirir? Məgər biz Avroatlantik dövlətlərin forpostuyuq? Qazaxlar və ya ruslar niyə bundan narahat olsun? Bu ayrı bir söhbətin mövzusudur ki, problem niyə məlum nöqtədən tərpənmir...”
Millət vəkili bildirib ki, ölkəmiz ötən dövr ərzində keçmiş postsovet məkanına qarşı hər hansı bir təhdid və təxribatlarda yer almayıb:
“İndiyə qədər məgər gedib qazaxların ərazisində hansısa bir işğalçılıq siyasəti həyata keçirmişik, yaxud da ordumuz Belarusu ələ keçirmək istəyib? Onlar niyə düşünsünlər ki, qurduqları bu kollektiv birliyə zərbə endirə bilərik? Azərbaycan bugünkü dövrdə həmin ölkələrlə normal münasibətlərə malikdir. Ermənistan öz yükünü başqalarının üzərinə ötürə bilməz. Bu, yanlış bir yanaşmadır. Ona görə də indi elə açıqlamalar ortaya çıxır. Ancaq təzyiq olacağı, kiminsə öz mövqeyindən daşınacağı ayrı bir məsələdir. Hazırda Ermənistan KTMT-yə rəhbərlik edir. Qarabağda işğalçılıq siyasətində iştirak edən və uzun müddət də orada fəaliyyət göstərən, son aprel döyüşlərində yaralandığı söylənilən şəxs indi Moskvada guya bu mühüm təşkilatın strategiyasını hazırlayır. Yəqin ki, eni və uzunu bərabər olan o adamı - Yuri Xaçaturovu xatırlayırsınız. Bunların hamısı işğal olunmuş bölgələrdə Azərbaycan xalqının sərvətlərinin yeyilməsi hesabınadır”.
Z.Oruc vurğulayıb ki, Azərbaycanın hazırkı siyasəti bölgənin təhlükəsizliyini artırır, Ermənistanınkı isə ona zərbə vurur:
“Bizim addımlarımız bölgəyə bu dövlətlərin özünün vasitəsiylə sülhü gətirməyi tələb edir. Ermənistanın addımları isə daha çox Qərb, Şərq və müxtəlif cinahlarda olan dövlətləri konfliktdən istifadə edərək bura daxil edir. Açığı, bu, Rusiya və İranın maraqlarına ziddir. Biz burada hansısa xarici hərbi qüvvələri yerləşdirməmişik, başqa bir ittifaqa daxil olmamışıq. Bütün bu təxribatları həyta keçirən rəsmi İrəvandır. Ona görə də Sidorovun bəyanatının şoku erməni informasiya məkanında hiss olunur. Axı, onlar o təşkilatın qanadları altına sığınmışdılar. Hər hansı bir hərbi birlik fəaliyyət apararkən heç şübhəsiz ki, müxtəlif beynəlxalq prinsipləri də tanımağa məcburdur. Onlar yaxşı anlayırlar ki, Azərbaycan ərazisinə müdaxilə çox ciddi beynəlxalq reaksiyalara səbəb olacaq. Ağıla gətirmək də çətindir ki, qazaxlar gəlib Şuşada ermənilərin mənafeyi üçün canını qurban verəcək. Hansı adla? Hesab edirəm ki, Bakının mövqeyi doğrudur və Ermənistana belə siyasi bəyanatla təsir edilməsi ilə kifayətlənməməliyik. Azərbaycan hər zaman çalışmalıdır ki, Qarabağdakı erməni əsgəri özünü təklikdə hiss etsin. Bu, bizim faydamıza işləyəcək, onlar oradan addım-addım, ailə-ailə çıxıb gedəcəklər, bu məqamda bizim açdığmız hər atəş rol oyanayır. Əslində, hər gün müharibə gedir. Beləliklə, Azərbaycan nə Rusiya, nə kollektiv modellərdə yer alan dövlətlərlə hərbi meydanda üz-üzə gələcək, əvəzində Qarabağı azad etmək üçün tərəfimizdən addımlar atılacaq”.
Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargahının rəisi general-polkovnik Anatoli Sidorov Qarabağda hər hansı savaş başlayacağı təqdirdə separatçılara KTMT tərəfindən hərbi dəstək verilməyəcəyini bildirib.
Bundan öncə isə erməni mediasına açıqlama verən rus ekspertlər Xramçixin və Felgenhauer də eyni məntiqi səsləndirmişdilər.