İşğalçını sülhə gətirməyin dinc yolu - əzici hərbi və iqtisadi üstünlük

İşğalçını sülhə gətirməyin dinc yolu - əzici hərbi və iqtisadi üstünlük backend

Azərbaycanın “maksimalist mövqeyi” düşməni niyə təlaşa salıb; rusiyalı politoloq erməni nəşrinə: “Azərbaycan daha əvvəlki deyil, indi o, başqa çəki dərəcəsində olan dövlətdir...”

2018-ci ilin ilk iki ayı artıq arxada qaldı. Hər itirilmiş ay isə əfsus ki, Qarabağ zonasında sülhü deyil, müharibəni yaxınlaşdırmaqdadır. Görünən həmçinin odur ki, artıq ATƏT-in Minsk Qrupu həmsədrlərinin diplomatik səyləri də tükənib. İllərdir onlardan heç bir yeni, konstruktiv ideya və təklif gəlmir.

Bunu hamıdan yaxşı sözsüz ki, Azərbaycan görür. Demək, çarəni də birinci özümüz tapmalı, konfliktin həllində dönuşü özümüz təmin eləməliyik. Yolu bəlli: güclənmək, güclənmək və güclənmək! İşğalçı Ermənistan üzərində bütün sahələr, ələlxüsus da hərbi göstəricilər üzrə əzici üstünlüyü təmin eləmək və onu qoruyub saxlamaq. Beləliklə də münaqişənin həllində hamının hesablaşdığı, güclü söz sahibi olan dövlətə çevrilmək...

*****

“Azərbaycan regionda ən döyüşkən və hərbi-texniki planda ən mükəmməl orduya malikdir. Azərbaycan hər il öz təhlükəsizliyinin təmin edilməsinə 3-4 milyard dollar xərcləyir. Dövlətimiz gücünü aprel müharibəsində də nümayiş etdirdi. Bizə mane olmasalar, bir həftəyə, maksimum bir aya bütün işğal olunmuş ərazilərimizi qaytara bilərik”.

“Yeni Müsavat” xatırladır ki, bunu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov Azərbaycanlıların Avropa Konqresinin qurultayındakı çıxışında bildirib. Onun sözlərinə görə, Azərbaycan militarist dövlət deyil, lakin gələcəkdə işğal altında olan torpaqlarını qaytarmaq məqsədilə müdafiə qabiliyyətini möhkəmləndirməyə məcburdur.

Əli Həsənov onu da qeyd edib ki, Avropada Azərbaycana və azərbaycanlılara qarşı şaxələnmiş şəbəkəyə malik, Brüsseldə, Londonda, Parisdə mərkəzləri olan güclü erməni diasporu fəaliyyət göstərir. “Onlar çox güclüdürlər, Avropa elitası ilə güclü və sıx əlaqələri var. Sözün əsl mənasında, bu qeyri-bərabər döyüşdür”, - deyə prezidentin köməkçisi əlavə edib.

*****

Doğrudan da, erməni lobbisinin imkanları, xristian dünyasının, üç həmsədr dövlətin işğalçıya gizli-açıq havadarlığını, üstəlik, Rusiya kimi bir dövlətin cırtdan Ermənistana hərtərəfli dəstəyi və “atalıq qayğısı”nı ciddiyə alsaq, Azərbaycan həqiqətən öz ərazisinə soxulmuş təcavüzkarla qeyri-bərabər bir döyüş aparır.

Belə vəziyyətdə işğala məruz qalan dövlət olaraq, yeganə çıxış yolumuz əlbəttə ki, beynəlxalq hüquqdan möhkəm yapışmaqla, nəyin bahasına olur-olsun, öz iqtisadi-hərbi qüdrətimizi durmadan böyütmək, ölkənin beynəlxalq imicini və dostlarının sayını artırmaq, o sırada məxsusən qardaş Türkiyə, Pakistan, İsrail kimi dövlətlərlə əlaqələri daha da dərinləşdirmək, paralel surətdə erməni lobbisinin təbliğat maşınına zərbələr vurmaq və məsələni dünya güclərinin gündəminə gətirməkdır.

Əks halda, təcavüzkar tərəf öz havadarlarına, erməni diasporuna arxayın olaraq məsələdə maksimalist, destruktiv mövqeyini saxlamaqda davam edəcək, ədalətli sülh əlçatmaz olaraq qalacaq. İşğalçını dinc vasitələrlə sülhə vadar eləməyin tək yolu bu - bütün sahələr üzrə düşmən üzərində əzici iqtisadi-hərbi üstünlük! Əcnəbi ekspertlərdin də bu yöndə şərhləri maraq doğurur.

*****

“Hər iki münaqişə tərəfinin” (Azərbaycan və Ermənistan-red.) tələbləri praktik olaraq, bir-birini istisna edir. Bu da istənilən danışığı və kompromis imkanını qəlizləşdirir". “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri rusiyalı politoloq Stanislav Pritçin 1 in.am erməni nəşrinə müsahibəsində sülh və müharibə perspektivindən danışarkən deyib.

Onun sözlərinə görə, konfliktin mürəkkəbliyi ondadır ki, Ermənistan indiki status-kvonun saxlanmasına çalışırsa, Azərbaycan, əksinə, bunda maraqlı deyil: “Ona görə ki, Bakı təkcə Azərbaycan SSR-nin tərkibinə daxil olan Dağlıq Qarabağı yox, həm də ona bitişik rayonları itirib. Bu gün Dağlıq Qarabağ münaqişəsi aparıcı dünya dövlətləri üçün prioritet deyil. Deməli, xarici oyunçular bu münaqişəni birdəfəlik nizamlamaqdan ötrü öz hakimiyyətlərini, vəsaitlərini, resurslarını işə salmaqda maraqlı deyillər. Belə vəziyyətdə isə danışıqlar prosesini irəli aparmağa Azərbaycan üçün elə də çox imkanlar qalmır”.

Politoloqa görə, dəyişən vəziyyət, o cümlədən iqtisadi durum nəzərə alınarsa, mövcud situasiya Azərbaycanı qane eləmir. “Çünki Azərbaycan artıq başqa çəki dərəcəsində olan dövlətdir. Azərbaycanda iqtisadi böhran yoxdur, neftin qiyməti sabitləşib. Bu üzdən Bakı sərt siyasi xətt götürüb (prezident İlham Əliyevin İrəvan, Zəngəzur və Göyçə açıqlaması nəzərdə tutulur - red.) və bununla beynəlxalq ictimaiyyətə siqnallar göndərir ki, indiki status-kvo onu qane eləmir. Bu, bir yandan azərbaycanlıların nizamlama prosesinə yeganə təsir mexanizmidirsə, başqa yandan, regional təhlükəsizlik baxımından təhlükəlidir. Məsələ ondadır ki, hər iki ölkədə seçkilər bitəndən, hakimiyyət üçün heç bir daxili risk qalmayandan sonra Qarabağ məsələsində daha sərt hərəkət eləmək imkanı olacaq. Müharibə riski şübhəsiz ki, var”, - deyə rusiyalı ekspert xəbərdarlıq edib.

Politoloqun fikrincə, hər iki tərəfin ritorikası, xüsusən də rəsmi səviyyədə olan ritorika hələ ki heç bir güzəşti mümkün eləmir: “Əgər Azərbaycan və Ermənistan tərəfdən Qarabağla bağlı səslənən fikirlərə qulaq versək, aydın olar ki, bu iki mövqe arasında heç bir təmas nöqtəsi yoxdur. O səbəbdən mən deməzdim ki, yalnız Azərbaycan maksimalist tələb irəli sürür. Vaxtilə tərəflər Madrid prinsiplərini imzalamağa hazır idilər. Bu sənəd mahiyyət etibarilə əsas nizamlama mexanizmini müəyyən edir, əlaqələrin tədricən normallaşmasını, aralıq qərarları özündə ehtiva edir. Ancaq biz yenə münaqişə tərəflərinin kompromisə hazır olmadığını görürük”.

*****

Azərbaycanın məsələdə maksimalist mövqe tutması haqda rusiyalı politoloqun fikri ilə razılaşmaq əlbəttə ki, qeyri-mümkündür. O səbəbə ki, Bakı sadəcə olaraq, beynəlxalq hüquqdan çıxış edərək öz ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasını istəyir və tələb edir.

Və Azərbaycan heç vaxt özünün qanuni torpağını güzəştə getmək, öz ərazisində ikinci saxta erməni dövləti yaratmaq hesabına konfliktin həllinə razı olmayacaq. Bakının ermənilərə ən böyük güzəşti bəlli: Azərbaycan tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət. Kim indi bunu maksimalist mövqe hesab edirsə, öz işidir. Beynəlxalq hüquqa görə isə bu, elə kifayət qədər güzəştli mövqedir ki var. Başımızı işğalçının ayağı altına qoyası deyilik ki?..(musavat.com)
Diaspora