Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Cenevrə Bölməsinə rəsmi səfəri çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşüb.
“Report” xəbər verir ki, görüşdə Azərbaycan və BQXK arasında 20 ildən çox davam edən əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunaraq bu çərçivədə görülmüş işlər və əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.Bu xüsusda, BQXK tərəfindən Azərbaycana göstərilmiş dəstək və yardımlar yüksək qiymətləndirilərək Komitənin ölkəmiz üçün mühüm beynəlxalq humanitar tərəfdaş olduğu diqqətə çatdırılıb.
Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün humanitar aspektlərinə toxunaraq 2014-cü ilin iyul ayında öz doğma torpaqlarını ziyarət edən zaman Ermənistan tərəfindən qanunsuz olaraq girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsinin vacibliyini diqqətə çatdırıb. Nazir Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində demoqrafik vəziyyətin dəyişdirilməsi, Suriyadan olan ermənilərin həmin ərazilərdə yerləşdirilməsi, qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər həyata keçirməklə beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə Konvensiyaları əsasında üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozduğunu vurğulayıb.
Həmçinin, BQXK-nın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişə zonasının cəbhə bölgəsində yaşayan əhaliyə göstərdiyi humanitar dəstəyi, eyni zamanda itkin düşmüş şəxslərin ailələrindən bioloji nümunələrin toplanması kimi fəaliyyəti təqdir olunaraq gələcəkdə səmərəli qarşılıqlı əməkdaşlıq çərçivəsində bu kimi səylərin davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Görüşdə Azərbaycan ilə BQXK arasında əməkdaşlığın gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb.