Şaxtalı sazaqlı bir gün...
Günorta çağıdır... Havanın rəngi qapqara qaralıb, qaşqabağı tutulub, sanki üz-gözündən zəhrimar damır. Hər gün ani olsa da, görünən, gülümsəyən günəşin göydə heç izi-tozu da görünmür. Uca dağlardan, sıldırım qayalardan, dərin dərələrdən qopub gələn küləyin uğultusunda, ağının, oxşamanın, sızıltının səsi duyulur. Bu gün təbiət özünü birtəhər aparır. Elə bil açılması yasaq olan bir sirr özünəməxsus hərəkətlərlə bildirməyə çalışır...Hər gün güllə səsinə, atışmaya öyrənmiş, cammat narahat olmağa başlayır. Uzaqdan, xeyli aralıdan tankların, tırtılların vahiməli, gurultulu səsi gəlir. Güllənin isə səsi gəlmir ki, gəlmir. Camaat məhz bunun üçün həyəcanlanır. Bu sakitliyi fırtınadan əvvəlki sükuta bənzətdikləri üçün...
Arabir Həsrət nənə eyvana çıxır, “Allah sən saxla”, - deyir. Bir xeyli uzaqlara baxır. Soyuğun deyil, sanki üzərinə hücum edən vahimənin üşütməsini canında hiss edərək, geri qayıdır.
Bir azdan qatı qaranlıq bütün şər qüvvələrin hökmranlığı altında obanı tamamilə cənginə alır.
***
Şahidlər
1992-ci il fevral ayının 25-i... İnsanlığın susub mat qaldığı gün... Dişinə qədər silahlanmış ruslara məxsus 366-cı motoatıcı alay və qaniçən, vəhşi erməni ordusu. Demək olar ki, əliyalın, düşmən qarşısında taleyin ümidinə buraxılmış Xocalını mühasirəyə aldı. Uşağa, qadına, qocaya, hətta yataq xəstəsinə belə, aman verməyən qəddar erməni silahlıları o vaxtkı hökumətimizin səriştəsizliyi, azərbaycançılıqdan, millilikdən uzaq düşüncəsi nəticəsində o gecə soydaşlarımıza divan tutdular. Şahidlərin söylədikləri faciənin ağırlığını, amansızlığını, xəyanətin böyüklüyünü, dünya tarixində görünməyən vəhşiliyin miqyasını ortaya qoyur. Tanıdığım, dərdinə ortaq olduğum soydaşlarımın tükürpədən söhbətlərini sizində nəzərinizə çatdıraq, dedim.
Dəfələrlə evlərinin qonağı olduğum Həsrət nənə (Xəlilova) ağlayaraq bildirir ki, həmin gün həyat yoldaşı Qaçay, oğlu Tahir, gəlini Zərifə, nəvəsi Lalə, kürəkəni Rəşid ermənilər tərəfindən qətlə yetirildi. 26 gün erməni əsirliyində qalan Valeh Sahib oğlu Hüseynovun fəryadlarını bəşər övladının başına gələn ən böyük faciə kimi qiymətləndirmək olar; “Fevralın 25-də təxminən axşam saat 11-də şəhər hər tərəfdən tanklardan, BTR-lərdən, pulemyotlardan atəşə tutuldu. Şəhər od tutub yanmağa başladı. Döyüş dostlarına köməyə getmək istəsəm də, artıq gec idi. Tanklar şəhərə doluşub qarşısına çıxanı əzib-tapdalayırdı. 1000 nəfərə qədər adamla çayı keçib meşəyə çıxdıq. Meşə ilə Ağdamın Şelli yolunun kəsişdiyi yerdə mühasirəyə düşdük. Erməni gülləsindən yüzlərlə insan həlak oldu. Qalanlarla meşəyə qaçdıqda düşmən mühasirəsinə düşdük. Fevralın 26-da məni 14 nəfər əsirlə bərabər Əsgərana gətirdilər. Burda 200-ə qədər soyundurulmuş Xocalı əsiri döyülməkdən tanınmaz hala salınmışdı. Necə deyərlər, sağ islahatları qalmamışdı. Ağzımda, burnumda, qulaqlarımda qan laxtalanmışdı deyə, mən nə danışa, nə də eşidə bilirdim. Ən təsirlisi isə erməni döyüşçülərinin gözümüzün qarşısında Xocalının müdafiəçisi Hüseyn Əzizovu güllələməsi oldu. Onlar bir neçə cavan əsgəri də silah gücünə çölə çıxartdı. Çöldə atəş səsləri eşidildi. Anladıq ki, onları da güllələdilər.”
Birdə Əntiqə nənənin (Qəhrəmanovanın) yana-yan, ağlaya-ağlaya danışdığı o qorxunc hadisəni unuda bilmədim;” Əsgəran tərəfdən bir tank, bir BTR gəldi, yoldakı və yolun kənarındakı adamları qırdılar. Meyitləri cərgə ilə düzdülər, adamların qulaqlarını kəsir, qadınların döşünü kəsirdilər, kiminin gözlərini çıxarır, ya da yandırırdılar. Bir neçə hamilə qadının qarnını yarıb, uşaqlarını çıxardılar, ağacların üstünə atdılar. Bir erməni yeznəm Təvəkkülün qulağını kəsib ayağına bir güllə vurdu, sonra onu ağaca bağladılar. Ondan tələb etdilər ki, “de, yer erməninindir”. Təvəkkül də dedi ki, “adam ölümdən ötəri yerini, Vətənini satmaz!”. Sonra ayaqlarına benzin atıb od vurdular, xeyli yanandan sonra təkrar dedilər ki, “de, yer erməninindi”. Təvəkkül eyni cavabı verəndən sonra başından benzini töküb, diri-diri yandırdılar.aman
Bu da 35 gün əsirlikdə qalan Səttar Ağayevin söylədikləri:
-Hiss etdik ki, artıq mühasirədəyik. Onun üçün Kətik meşəsinə tərəf sürünməyə başladıq. On yaşlı oğlum Vüsalı da sürünməyə vadar edirdim. Yalvarırdım, şirin dilə tuturdum ki, başını qaldırma, gülləyə tuş gələrsən. Azyaşlı olduğu üçün çox şeyi dərk etmirdi. Sadəcə, xahişimi nəzərə alıb sürünürdü. Elə bu zaman snayperdən açılan güllə onu yerindən qalxmaz etdi. Vüsal ağır yaralandı. Soyuq, aclıq və kəsmək bilməyən qan yaralandığının ikinci günü onun həyatına son qoydu. Artıq sürünməyə, imdad aramağa taqətim qalmamışdı. Cəsədi qucağıma alıb hönkürtü ilə ağlayırdım. Ağıllı, mehriban, tərbiyəli, eyni zamanda, həyat dolu Vüsalım qollarım arasında cansız halda uzanmışdı. Ermənilər gəlib məni avtomatın qundağı ilə döydü. Çünki cəsəddən aralanmırdım. Huşumu itirdim, ayılanda gördüm ki, artıq Dəhraz kəndindəyəm. Onların ilk sualı belə oldu: “Ağayev familiyasında Milli Orduda qohumun var?” Mən “Yox” – dedim. Söz ağzımdan çıxan kimi, məni təpikləyə-təpikləyə üzüörtülü bir meyitin yanına gətirdilər. Sanki ürəyim qırılıb yeraə düşdü. Dizin-dizin sürünüb meyitə yaxınlaşdım, örtüyü qaldırdım. 29 yaşlı Milli Ordunun əsgəri oğlum Zahidin tanış simasını görəndə yenə huşumu itirdim. Gözümü açanda isə bir neçə erməninin həm məni, həm də oğlumun meyitini təpiklədiyini gördüm. ..”
***
Qar səngimişdi, amma nə didilmiş, kəsilmiş, minbir işgəncə verilmiş cəsədlərin ardı-arası, nə yaralıların və əsirlikdən dönənlərin iniltisi, nə fəryad və nalələr səngimişdi. İtkinlərin sayında da azalma yox idi. Həsrət nənə şəhidlərinin- oğlu Tahirin, əri Qaçayın, nəvəsi Lalənin, gəlini Zərifənin , kürəkəni Rəşidin yan-yana qoyulmuş nəşlərinə sakit-sakit baxırdı. Qəribəydi... haray çəkməkdən, ağlamaqdan səsi batmışdı, əl atmaqdan didilmiş, pərişan-pərişan olub üzünə tökülmüş ağ saçlara, üzünün şırımlarından axan al qana fikir vermədən eləcə susqun baxışlarla əzizlərini süzürdü. Arabir tanıdıqlarının kal səsləri onu xəyaldan ayırırdı; “Gözün aydın ay Həsrət, əzizinin meyidi gözünün qabağındadı”...
Sözün bitdiyi yer!
Bu faciələri unutmayacağıq!
Əntiqə Rəşid