Türkiyənin məşhur simaları sosial şəbəkələrdə Xocalı soyqırımını yad ediblər.
Kult.az xəbər verir ki, tanınmış müğənni Murad Kəkilli Tvitterdə “Bu gün qəlbim Xocalıda azəri qardaşlarımla birgə döyünür. Mən də unutmayacağam, unutdurmayacağam” yazıb.“CBC Sport” telekanalının rəhbəri Volkal Üstün həyat yoldaşı, türkiyəli aparıcı Özgə Uzun Xocalı qurbanlarını dərin kədərlə xatırladığını bildirib.
Məşhur aktyor Necat İşlər Xocalı qırğınını təsvir etməyə çalışıb:
“Hər kəs yuxudadır. Bir azdan işıqlar sönəcək və dünya ilə əlaqəmiz kəsiləcək. Məhəllənizin ətrafı tanklar və əsgərlərlə mühasirəyə alındıqdan sonra qapılarınız təpik zərbələri ilə sındırılacaq. Əgər qapınız sındırılmayıbsa, silah səsləri eşidəcəksiniz. Həyat yoldaşınızın və övladlarınızın qorxu dolu baxışları üzərinizdə olarkən cəsarətinizi toplayıb onları qorumağa çalışacaqsınız, lakin o əsnada sizin də qapınız sındırılacaq.
Sizə güllə atıb ruhunuzu təslim etmənizi belə gözləmədən həyat yoldaşınızı silahın qundağı ilə vuracaqlar, əgər müqavimət göstərərsə, təpikləməyə başlayacaqlar. Ruhunuzu təslim edənə qədər uşağınızı bıçaqla doğramağa başlayacaqlar. Ümid edirəm ki, həyat yoldaşınız hamilə deyil, lakin hamilə olanlar da var. Hamilə qadınların qarnını bıçaqla yarıb, uşağı çıxaracaq, evinizin taxta dirəklərinə mismarlayacaqlar. Evdə balaca uşaqlar varsa, onun gözü qarşısında anasının döşünü kəsib ağzına qoyacaqlar. Sonra da uşağı öldürəcəklər... Tükləriniz biz-biz oldu, deyilmi? Bütün bunlar 1992-ci il fevralın 26-da Xocalıda yaşanıb”.
Türkiyəli müğənni Gülbən Ərgən İnstaqramda Xocalı faciəsi ilə bağlı video, Hadisə və Doğuş isə hekayə bölməsində Xocalı qətliamına dair foto yerləşdiriblər.
Xocalı soyqırımını yad edənlərdən biri də “Qarabağ”ın qapıçısı, Bosniya və Herseqovinalı futbolçu İbrahim Şehiç olub. O da İnstaqramın hekayələr bölməsində Xocalı faciəsinə aid foto paylaşıb.