Xocalı faciəsinin 26-cı ildönümü ərəfəsində “Yeni Müsavat” o dəhşətləri gözü ilə görmüş, o cəhənnəmdən sağ qurtula bilmiş, lakin qəlbinin yarası hələ də qövr edən insanların xatirələrini işıqlandırmaqda davam edir.
Müxbirimiz bu dəfə Pirşağı qəsəbəsində, Xocalı qaçqınlarının kompakt yaşadığı “Qızıl Qum” sanatoriyası adlanan ərazidə olub, faciə şahidlərini dinləyib.Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Novruzovun ailə üzvləri ilə görüşüb, onların xatirələrinə işıq durub. O insanların ki, onlar igidlik və mərdlik nümunəsi göstərərək, vətəni və xalqı üçün sinələrini sipər ediblər. Xalqın dar günüdə özünümüdafiə taboru yaradaraq, Xocalının müdafiəsinə qalxıblar.
Milli qəhrəman Ələsgər Novruzovun həyat yoldaşı Şükubə Mustafayevanın yaşadığı evə yollandıq. O 26 il öncəyə qayıdaraq, göz yaşları ilə başlarına gələnləri danışdı.
Bildirdi ki, Ələsgər Novruzov Laçın rayonu, Kürtacı kəndindəndir, məşhur Soltan bəyin nəticələrindən biridir. Şükubə xanım özü isə Xocalıdandır. Onlar bir toy şənliyində tanış olaraq ailə qurub, çox gözəl həyat yaşayırmışlar. Cütlüyün 3 övladı dünyaya gəlir. Lakin xoşbəxtlikləri çox da uzun sürmür, 1992-ci ilin fevralına qədər...
“Həmin gecədən bir gün öncə həyat yoldaşım posta getmişdi. O, özünümüdafiə taborunun dəstə komandiri idi . Deyirdi ki, ermənilərin nə qədər ki, torpaqlarımızı işağl etmək, müstəqilliyimizi əlimizdən almaq istəyir, bizə rahatlıq yoxdur. Həmin gecə anaların, uşaqların ahı-naləsi ərşə dirənən gün idi. Buna baxmayaraq Xocalıya heç bir yerdən kömək gəlmədi. O gecə Xocalı od tutub, yanırdı. Xocalı sakinləri, öz doğma şəhərləri ilə birlikdə külə dönürdü. Mən, atam və həyat yoldaşım orada idik. Lakin uşaqlar bizimlə deyildi. Noyabr ayında qayınatam rəhmətə getmişdi. Onun 40 mərasimində iştirak edəndən sonra nənəsi uşaqları yanında saxladı, biz isə Xocalıya qayıtdıq”.
Həmsöhbətim deyir ki, hadisələr əslində 1992-ci ilin fevralında yox, 1988-ci ildə başlamışdı və 4 il idi ki, insanlar təlaşda idi: “1988-ci ildə Xankəndindən böyük bir erməni dəstəsi Xocalıya hücum etdilər. Ot tayalarını, bir neçə yaşayış evini yandırdılar. Ancaq Xocalının məğrur, mərd oğlanları onlara həddini bildirdi və geri çəkilməyə məcbur oldular. Bu hadisədən sonra Xocalıda beş nəfərdən ibarət ilk gizli şura yaradıldı. Onlardan biri də həyat yoldaşım Ələsgər Novruzov idi. 1992-i ilə qədər başımıza güllələr yağsa da, öz yurd-yuvamızı tərk etmədik. Heç niyyətimiz belə yox idi. Kim istəyər ki, öz doğma obasından çıxsın. Fevralın 25-i günü, axşam saat 10-11 radələrində dörd tərəfdən fişənglər atdılar. Bu fişənglərin atılması ilə Xocalının taleyi həll olundu. Yoldaşım isə komandanlıq etdiyi dəstəsi ilə silaha sarılıb, “Noragah” adlanan posta getdi. Noragah kəndində ermənilər yaşayırdı. Bizim kəndlə oranı bir asfalt yol ayırırdı. Dedilər ki, tanklar artıq Noragah kəndindən Xocalıya giriblər. Yoldaşım dəstəsi ilə birlikdə səhərə qədər döyüşmüşdü. Biz isə qonşularla birlikdə evimizin zirzəmisində gizlənmişdik. Xocalı sakini Murad Məhərrəmov zirzəmiyə gələrək, artıq ermənilərin kənddə girdiklərini xəbər verdi və camaata kənddən çıxmağı tapşırdı. Mən Ələsgər olmadan kənddən çıxmağa razılaşmadım. Murad bildirdi ki, gecə saatlarıdır və yəqin ki, o döyüşür. Dedi ki, ermənilər ya zirzəmiyə bomba atıb, sizi partladacaq, ya da əsir aparacaq. Zirzəmidə olan adamları xilas etməliyik. Evimizin zirzəmisinə toplaşanlarla birlikdə başqa bir yerdə yarımçıq binaya girdik. Təqribən bir saat orada qaldıq. Orada dəhşətli mənzərənin şahidi olduq”.
Ş.Mustafayeva orada qaldıqları müddətdə ermənilərin yaşlılara, uşaqlara necə əzab-əziyyət verdiyini, qadınları, qızları güllələdiyini gözülə gördüyünü deyir: “Atam da orada idi və aylar sonra bu faciənin qurbanı oldu. Böyrəkləri xəstə olduğundan soyuğa davam gətirmədi. Qarın üstündə sürünməkdən soyuqladı. 11 aydan sonra dünyasını dəyişdi. Bir saat orada yoldaşımı gözlədim. Yenə də gəlmədi. Daha sonra Qarqar çayının kənarına getdik. Çay dərin olmasa da, çox gur idi. Qar yağır, şaxta qılınc kimi kəsirdi. Buna baxmayaraq girdik suya... Çətinliklə çayı keçib, meşəyə girdik. Əynimizdəki paltarlar donmuşdu. Hər tərəf qar, çılpaq meşə... Hər tərəfdə də erməni postları vardı. Haraya gedəcəyimizi bilmirdik. O qədər qorxu-təlaş keçirirdik ki, istiqaməti müəyyənləşdirə bilmirdik. Yol axtarırdıq ki, erməni postunun üstünə çıxmayaq. Qəfildən iki istiqamətdən atəş açmağa başladılar. Həmin meşə ilə əgər 100 nəfər gedirdisə, 10 nəfəri təsadüf nəticəsində sağ qalırdı. Dərin bir arx yox, səngər yox, düz yer idi, hansı istiqamətdən güllələndiymizi də müəyyən edə bilmirdik. Ağappaq qarın üstündə xocalıların qanı göllənmişdi. Gördüklərim bu gün də kino lenti kimi gözümün önündən getmir. Yanımda Nuridə adlı qadın var idi, yanında da iki uşağı... Birini qucağına götürmüşdü. Uşağa güllə dəymişdi, artıq ölürdü. Ölən uşağın 10 yaşı vardı. Xırıltılı səslə anasına dedi ki, mənim ayaqqabımı çıxar qardaşıma ver, o geyinsin. Anası onu qanı axa-axa ermənilərin Şelli kəndinə gətirdi. Bunlar bizim gördüklərimizin demək olar ki, az bir hissəsidir. O dəhşətli gecədən sağ çıxmağım bu gün də möcüzədir”.
Şükubə Mustafayeva dərin bir ah çəkərək həyat yoldaşının necə şəhid olmasından danışdı: “Ələsgər isə Noragah postunda qaldı. Şahid olanlar deyir ki, o, son gülləsi bitənə kimi başçılıq etdiyi dəstə ilə qəhrəmancasına döyüşüb. Onlarla ermənini qanına qəltan edib. Daha sonra yaralanıb və əsir götürülərək Xankəndinə aparılıb. Mart ayının 30-da onun nəşini aldıq. Əsirlikdə yanında olanlar ona necə işgəncə verdiklərini danışıblar. Ələsgərin 4 ədəd qızıl dişi var idi. Ermənilər onun qızıl dişlərini çəngəllə söküblər, qollarını qırıblar. Hərbi geyimdə olduğu üçün daha da amansızcasına əzab veriblər. Onun yanında olan Ramiz adlı bir nəfər danışırdı ki, Ələsgəri həddindən artıq çox döyürdülər. Lakin işgəncədə olsa da, ölənə qədər “Qarabağ sizin deyil, heç zaman da sizin olmayacaq” sözlərini deyib. Təəssüflər olsun ki, nə qədər cəsarət göstərsə də, qüvvələrin qeyri-bərabərsizliyi öz işini gördü. Bu gün onun ailəsi olaraq göstərdiyi qəhrəmanlıqla fəxr edirik və vətən sağ olsun deyirik”
Qeyd edək ki, Ələsgər Novruzov 1988-ci ilin fevralından müdafiə üçün gizli silahlı dəstələrin yaradılmasında və onların silahlandırılmasında böyük rol oynayıb. 1988-ci il sentyabrın 18-də Xankəndidən minlərlə erməni qulduru Xocalıya hücum edərkən onlara qarşı silahlı müqavimət göstərən 30-40 nəfər igid Xocalı oğlanlarından biri də Ə.Novruzov olub. Getdikcə vəziyyət gərginləşdiyindən yaradılmış gizli silahlı dəstələrdən birinə Ə.Novruzov rəhbərlik edib, qeyri-rəsmi komandir kimi tanınırdı. Xocalının ilk özünümüdafiə dəstələrinin, sonralar isə batalyonun döyüşçülərinə atıcılıq məharətinin, silahlardan istifadə etmək bacarığını öyrədirdi.
25 fevral 1992-cı il tarixində Ə.Novruzov öz rəhbərlik etdiyi dəstəyə bildirib ki, döyüş ağır olacaq. Təxminən gecə saat 11-ə qalmış başlanan döyüşdə Ə.Novruzovun dəstəsi misilsiz qəhrəmanlıqlar göstərib. Ə.Novruzov sərrast atıcı olduğundan 20-yə qədər erməni quldurunu məhv edib. Səhər saat 5-ə qədər öz mövqelərindən çəkilməyən döyüşçülər artıq ermənilərin cinahından çəkilməyə məcbur olublar. Xocalıda olan yeganə beşmərtəbə binaya tərəf döyüşə-döyüşə çəkilərkən Ə.Novruzov ağır güllə yarası alıb. O son gülləsinə qədər döyüşüb, sonra isə huşsuz qalıb. Ermənilər onu əsir alaraq, işgəncələr verərək qətlə yetiriblər.