Qarabağın ilk şəhidlərindən biri olan Əli Hacıyevin qardaşı Arif Hacıyev “KarabakhTV”-yə açıqlamasında 30 il öncə baş vermiş Əsgəran olaylarından danışdı....
Ermənilərin 30 illiyini qeyd etdikləri separatçı Qarabağ hərəkatının başlanmasından bəri şəhid olmuş on minlərlə oğul-qızımızın şərəfli siyahısı iki adla başlayır: Əli və Bəxtiyar. Düz 30 il bundan öncə fevralın 22-də müxtəlif bölgələrdən Ağdama toplanan minlərlə həmvətənimiz Xankəndində mənfur daşnakların və “Krunk” təşkilatının təhrikiylə ermənilərin kütləvi mitinqlər keçirərək Azərbaycana qarşı torpaq iddiaları irəli sürməsinə etiraz əlaməti olaraq Qarqar çayı boyu Əsgəran istiqamətində yürüş keçirməyə qərar verdilər. Əsgərana girişdə yürüşçüləri qarşısını kəsən milislər və erməni daşnak fəalları onlara atəş açdılar. Nəticədə Əli Hacıyev və Bəxtiyar Quliyev aldıqları güllə yaralarından həlak oldular...30 il ötsə də, bu olay üzərindən müəmmalar pərdəsi götürülmür. Ermənilər ciddi-cəhdlə sübut etməyə çalışırlar ki, Əli və Bəxtiyarın ölümündə onların əli olmayıb, guya bunu milislər edib, özü də Azərbaycan milisləri...
Bir sıra erməni və ermənipərəst saytlarında (sumqait.info, http://analitikaua.net/2014/chto-proizoshlo-v-askerane/, http://rus.azatutyun.am/content/article/24896005.html) təqdim edilmiş materiallarda rus jurnalisti Aleksandr Vasilevskinin 1988-ci ildə “Avrora” jurnalının10-cu sayında dərc etdiyi “Dağlarda qara duman” yazısından bu sitatı nümunə gətirirlər:”Əsgəranda öldürülən azərbaycanlılardan birinin – Ağdam dəzgahqayırma zavodunun 22 yaşlı frezer ustası Əli Hacıyevin qətli ilə Dağlıq Qarabağ ermənilərinin heç bir əlaqəsi olmadığı şübhəsizdir. Əlinin qardaşı -29 yaşlı inşaatçı -mühəndis Arif Hacıyev mənə bunları danışdı:”Əliyə azərbaycanlı milis atəş açıb. Qardaşım o andaca həlak olub – güllə düz ürəyindən dəymişdi. Onunla zabit arasında mübahisə olub. Birdən Əli öz dostu Ülvi Bəhramovdan yapışaraq deyib: “Tut məni... Məni vurdular...” Və yıxılıb. O anda Ülvi Əliyə atəş açan milisi görüb və həmin milisi tanımasa da, onu tez maşına basıb aparan ağdamlı zabiti tanıyır...”
İstintaq aparılsa da, həmin iki nəfərin qətlinin təfərrüatları hələ də açıqlanmayıb, hadisəyə əsgəranlıların aidiiyyatı barədə isə heç bir sübut yoxdur...”
Şəhid Əli Hacıyevin hazırda Quzanlı qəsəbəsində Ağdam Mənzil İstismar İdarəsinin rəisi vəzifəsində çalışan qardaşı Arif Hacıyev “KarabakhTV”-yə açıqlamasında hansısa rus jurnalistinə belə bir müsahibə verdiyini tam xatırlamadığını bildirib: “ O jurnalistə müsahibə verməyimi tam xatırlamıram. Amma o vaxt Xankəndində təhqiqat aparan SSRİ prokurorluğunun əməkdaşları belə bir ilkin rəy vermişdilər ki, guya Əlini azərbaycanlı milislər vurub. Görünür, həmin jurnalist də onların təsiri altında bilərəkdən, ya bilməyərəkdən belə bir informasiya yayıb. O vaxt neçə azərbaycanlı milisi işdən azad etdilər ki, guya onların da əlaqəsi olub Əli ilə Bəxtiyarın ölümündə. Daha bunları deyən yox idi ki, Əsgəran tərəfdən atəş açan erməni olacaqdı da... Yadımdadır ki, hadisədən bir neçə gün sonra -hələ Əlinin “7”-si çıxmamış məni yaslı-yaralı vaxtımda Ağdamın o vaxtkı milis rəisi çağırıb dedi ki, Xankəndinə prokurorluğa getməlisən. Orada mən Moskvadan gəlmiş müstəntiqlərə ifadə verdim. Qardaşımı konkret kimin vurduğunu, yaxud guya azərbaycanlı milisin vurduğunu deməmişəm. Amma orda rus müstəntiqlər özləri mənə dedilər ki, sənin qardaşını atan milis mayorudur. Mən də cavab verdim ki, hər kimdisə, faktla-sübutla qoyun ortalığa...
Həmin gün özüm Ağdamda olmuşam. Qardaşımın meyidini gətirəndə Əsgərana gedənlərdən öyrənmişəm ki, atəş ermənilər tərəfdən açılıb. Mənim bildiyimə görə də Əli və Bəxtiyarı mülki ermənilər qətlə yetirib. Əlini vuran isə o vaxt Əsgəran pivə zavodunun işçisi olan Cəbi adlı bir erməni olub... Özüm də tanıyırdım onu.... ”
Çox güman ki, rus jurnalistə guya Əlini azərbaycanlı milisin vurması haqqında məlumatı ermənilər qəsdən verib. Bütün hallarda Əli və Bəxtiyar Azərbaycanın Qarabağ uğrunda haqlı mübarizəsinin ilk şəhidləridir. Amma onların həlak olması erməni-azərbaycanlı münaqişəsini alovlandırmağa, SSRİ-nin çökməsi ilə paralel Qafqazın, Azərbaycanın xristianlaşmasına, kosmopolitləşməsinə də çalışan dünya güclərinə lazım idi. Bunun ardınca Sumqayıt təxribatı, soydaşlarımızın Qərbi Azərbaycandan –“Ermənistan”dan qovulması, Bakıdakı”erməni talanları”, 20 Yanvar, Xocalı soyqırımı və s. gəlməli idi. Bu günlər cəbhə xəttində şəhidlərimizin axan qanı da həmin məkrli, çoxbaşlı ssenarinin davamıdır...
Allah Əli və Bəxtiyar da daxil olmaqla cəmi şəhidlərimizə rəhmət etsin!
Moderator.az