"Azərbaycan Ermənistandan Qarabağa gələn köməyin qarşısını almaq istəyirsə, əlaqə yollarını kəsməlidir. Laçın dəhlizini kəsmək mümkün deyil, yalnız Vardenis, Çəmbərək, Vayk və Sünik sahələrindəki yollara müdaxilə edə bilərlər"
Ordu.az Ermənistanda ilk kəşfiyyat-diversiya dəstəsini yaradan, hərbi ekspert Vova Vartanovun erməni mətbuatına verdiyi müsahibəsindən ən önəmli məqamları təqdim edir.Vova Vartanov, Rusiya hərbi sənayesindən silah-sursat alan ölkələrə qarşı sanksiyaların tətbiq ediləcəyinə dair xəbərdarlıq və Amerika tərəfindən 2018-ci ildə genişmiqyaslı hərbi əməliyyatların gözlənilməsi barədə məruzəyə münasibət bildirib.
O qeyd edib ki, müharibə ehtimalı artıq 25 ildir ki, mövcuddur: "Müharibə ehtimalı nə yenilik, nə də onların ixtirası deyil. Burada əsas məsələ Rusiya vasitəsilə bizim silahlanmağımızın zərbə altına düşə bilməsidir. Bu məsələ rus qardaşlığının nə dərəcədə real olduğuna dair imtahan kimi bir şey olardı. Əgər ruslar silah-sursatı pulsuz, təmənnasız versələr sanksiyalara məruz qalmarıq. ABŞ-ın istədiyi odur ki, Rusiya pul qazanmasın. Belə halda gərək Rusiya kreditlə verdiyi borcları silsin və bizi silahla təmin etməyi davam etdirsin".
Erməni kəşfiyyatçı, bundan öncə təqdim olunan 200 milyon dollarlıq kreditə baxmayaraq, parlamentin yeni 100 milyon dollar kredit barədə danışdığı bir məqamda Rusiyanın belə bir addım atacağına inanmadığını qeyd edib. O, Ermənistan hakimiyyət orqanlarının Rusiya ilə danışıqlar zamanı icazə verilən həddən o tərəfə keçə bilmədiklərini, 2 cümlə əlavə söz deyə bilmədiklərini deyib.
Onun sözlərinə görə, əgər Ermənistana qarşı sanksiyalar tətbiq edilərsə, iqtisadi cəhətdən tab gətirmək mümkün olmayacaq.
"Ermənistanın rus silahlarına ehtiyacı var, hər hansı yolla bunu əldə etməyə nail olmalıyıq", - deyə o bildirib.
Son zamanlar erməni KİV-lərində müharibə haqqında fikirlər daim ekspertlər, siyasi icmalçılar tərəfindən gündəmdə saxlanılır. Ən əsası isə düşmən mətbuatında müharibənin yalnız Qarabağ cəbhəsində deyil, Ermənistan-Azərbaycan sərhəddində də aparılacağı haqqında təxribatçı məlumatlar yayılır.
Erməni jurnalistin bunun nə dərəcədə doğru olduğuna dair ünvanladığı suala münasibət bildirən Vardanov qeyd edib ki, bu fikir məhz onun tərəfindən irəli sürülüb.
"Aprel müharibəsində türklər gördü ki, Qarabağ cəbhəsi 1 gün ərzində Ermənistandan böyük resurslarla təmin edildi. Müharibənin artıq üçüncü günü cəbhədə raket kompleksləri peyda olmuşdu. Bütün bunları yaxşı dərk edən Azərbaycan hər hansı yolla kommunikasiya xətlərini, yolları kəsməyə çalışacaq. Bu yol isə Laçın dəhlizidir. Laçın dəhlizi artıq cəbhənin dərinliklərində olduğuna görə, bu yolu artıq Ermənistana hücum etmədən kəsmək mümkün deyil. Azərbaycan Ermənistandan Qarabağa gələn köməyin qarşısını almaq istəyirsə, əlaqə yollarını kəsməlidir. Laçın dəhlizini kəsmək mümkün deyil, yalnız Vardenis, Çəmbərək, Vayk və Sünik sahələrindəki yollara müdaxilə edə bilərlər", - deyə erməni kəşfiyyatçı vurğulayıb.
Məsələnin qərargahlarda müzakirə mövzusu olduğunu qeyd edən Vova Vardanov, mövzunun daim diqqət mərkəzində olduğunu bildirib.
Prezident İlham Əliyevin Azərbaycan xalqının tarixi torpaqları olan Zəngəzur və İrəvana qayıdacaqlarına dair açıqlamasına münasibət bildirən Vardanov deyib: "Azərbaycan Ali Baş Komandanının sözlərini sıradan bir söz kimi qəbul etmək olmaz. Hər iki senari öyrənilməli və hər ikisinə qarşı planlar hazırlanmalıdır".