UNEC ilə Türkiyənin İstanbul Sabahattin Zaim Universiteti Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı birgə konfrans keçirib.
Qaziler.az bildirir ki, İstanbul Sabahattin Zaim Universitetində təşkil edilən konfransın iştirakçıları öncə soyqırımı əks etdirən foto sərgi ilə tanış olublar.Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. UNEC Gənc Müəllimlər Şurasının İdarə Heyətinin sədri Səbuhi Tanrıverdiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən bəhs edib. Şuranın üzvü Yalçın Köçərli “Xocalı soyqırımı: hadisələrin xronologiyası” mövzusunda çıxış edib. O, Xocalıda baş verənlərin soyqırımı olduğunu tarixi faktlar və beynəlxalq hüquq prinsipləri ilə əsaslandırıb. UNEC Gənc Müəllimlər Şurasının digər üzvü Söhrab İsayev isə Azərbaycanın Ermənistanla müharibədə itkilərinin iqtisadi qiymətləndirilməsindən söz açıb. Natiqlər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası barədə ətraflı məlumat veriblər. Bu qanlı cinayətə beynəlxalq birliyin biganə qaldığını vurğulayan UNEC-in gənc müəllimləri, Türkiyənin hər zaman olduğunu kimi, Xocalı soyqırımı günlərində də Azərbaycanın yanında olduğunu bildiriblər.
İstanbul Sabahattin Zaim Universitetinin İşlətmə fakültəsinin dekanı, Dr.İbrahim Güran Yumuşak qətliamın təkcə Azərbaycana qarşı deyil, bütün türk dünyasına qarşı yönəldiyini qeyd edərək, ermənilərin tarixi türk düşmənçiliyindən danışıb.
Konfransda iştirak edən İstanbulSabahattinZaim Universitetinin müəllim və tələbələri 26 il əvvəl Xocalıda hücuma məruz qalan Azərbaycan xalqının kədərinə şərik olduqlarını bildirərək, bu soyqırımını insanlığa qarşı törədilmişən ağır cinayət adlandırıblar.