Turşsudan Şuşanı azad etmək üçün hücuma keçəcək qüvvələrimizə dəstək üçün Ağdamdan başlanan əməliyyatın təfərrüatları...
Cəmiyyətdə çox az insan bilir ki, Şuşanın işğalı ərəfələrində - 10 may 1992-ci ildə Şuşanı qaytarmaq məqsədilə Turşsudan əks-hücuma keçəcək qüvvələrimizə yardım məqsədilə Ordumuz digər istiqamətlərdə düşmən qüvvələrini öz üzərinə cəlb etmək üçün əməliyyatlar həyata keçirdi. İlk dəfə olaraq Ağdam - Tərtər - Goranboy boyunca geniş cəbhədə hücuma keçdi və qarşılarına qoyulmuş döyüş vəzifələrini tam həcmdə yerinə yetirdi...Lakin, təəssüf ki, həmin gün Turşsudan Şuşaya planlaşdırılmış əks-hücum baş tutmamışdı.
Uzun illərdi ki, televiziya ekranlarımızda Azərbaycanın Milli Qəhrəmanı, telejurnalist, rəhmətlik Çingiz Mustafayevin Laçının işğalı zamanı çəkdiyi kadrlar nümayiş olunur. Həqiqətən acınacaqlı vəziyyət hər bir azərbaycanlını dərindən hiddətləndirir, ancaq eyni zamanda bir sıra insanlarımızda inamsızlıq, bəzən isə ruh düşkünlüyü hissləri yaradır.
Axı o zaman bir tərəfdə idarəsiz qalmış və “panikaya” düşmüş qüvvələrimiz Şuşanı və Laçını tərk edirdilərsə, o biri tərəfdə düşmənlə mübarizə əzmkarlığı və yüksək döyüş ruhu ilə Şuşanı qaytarmaq üçün ölümə gedən oğullarımız var idi.
10 may 92-ci il döyüşün iştirakçılarının yaddaşında bir sıra şücaət nümunələri qalıb. Onlardan biri Ağdam istiqamətində - Ağbulaq kəndi uğrunda döyüş zamanı bizim tankın erməni topu ilə açıq sahədə təkbətək döyüşü olmuşdu.
Qaziler.az saytının xahişi ilə o döyüşün iştirakçısı ehtiyatda olan tankçı zabit Nazim Bayramov hadisələri qələmə alıb:
“O zaman XTPD-nin (OMON) Çevik Zirehli Dəstəsinin komandiri vəzifəsində xidmət edirdim. 10 may 1992 ildə bizim bölmə və XTPD-nin 1-ci rotası (komandir - Tahir Quliyev) mərkəzdə Ağbulağa hücuma keçmişdik. Sol cinahda Ağdamın polis batalyonu, Abdal-Gülablı özünümüdafiə dəstəsi idi. Onu qeyd edim ki, ümumilikdə isə əməliyyatda Ağdam Ərazi Özünümüdafiə bölmələri iştirak edirdilər.
Ermənilərin Ağbulaq ətrafındakı ən hündür nöqtədə qurduqları top bizim piyadalara baş qaldırmağa imkan vermirdi. Bizdə isə onu uzaq məsafədən vura biləcək top və ya başqa vasitə yox idi. Hücum gecikib, pozula bilərdi. Bu isə təkcə Ağbulaq və Dəhraz yox, Aranzəmin, Pircamal, Naxçıvanik istiqamətlərində də hücum əməliyyatının gedişinə mənfi təsir göstərərdi. Ümid tanka idi.
Tankımızla topun arasındakı məsafə 5 km idi. Topun mərmiləri bu məsafədən tanka çatır, vura bilir, lakin tankın nişan atəş məsafəsi 1700 metr olduğundan, biz bu məsafədən topu vura bilmirdik. Hədəfə yaxınlaşmaq lazım idi. Bir çətinlik də onda idi ki, biz düzənliklə hərəkət etməli idik, top isə dağın başında idi. Dağda qurulmuş mövqeyə yaxınlaşdıqca topun lüləsini daha yuxarı qaldırmalı olursan.
Tankçılar bilir - tank topunun müəyyən atəş bucağı var - lülənin maksimal aşağı və maksimal yuxarı nöqtələrində topun elektrik xətti kəsilir, tankdan atəş açmaq mümkün olmur. Buna aşağı və yuxarı “ölü nöqtələr” deyilir. Belə vəziyyətdə relyefdə bir təpə, hündürlük tapıb, tankı onun üstünə çıxarmaq lazımdı ki, topu maksimal deyil, işlək bucağa qaldırıb, yüksəklikdəki hədəfə atəş aça biləsən.
Qarşımızda nisbətən düz şum yer idi, elə bir təpə, hündürlük görünmürdü, lakin döyüş vəziyyətini - hücumun gecikə biləcəyini - nəzərə alaraq, tankın mexanik - sürücüsü çox cəsur və bacarıqlı tankçı Vüqar Mürsəlov rabitə ilə - “komandir, Allah kimə verər, verər. Getdik!”, dedi və tankımız inamla maksimal sürətdə düşmən topunun üzərinə şığıdı. Bu zaman top bizə atəş açmağa başladı. Mən adətim üzrə tankda nişançı yerini tutmuşdum. Cavab atəş açmağın xeyri yox idi, topa dəqiq atəş açmaq üçün biz ən azı 3- 3.5 km məsafə qət etməliydik. Tankın komandir yerini təcrübəli nişançı İlham Yusifov tutmuşdu. İlham komandirin müşahidə cihazı ilə düşmən topunu izləyir və topun ağzından od püskürən an, Vüqara xəbər edirdi - “atdı!”. Vüqar isə bu an sağa - sola manevrlər edərək, tankı düşmən atəşindən qaçırır və maksimal sürətdə ona yaxınlaşdırırdı. Düşmən dayanmadan atəş açırdı. Mərmilər sağımıza, solumuza, qarşımıza və arxamıza düşərək, qara, şumlanmış torpağı havaya sovururdu.
Döyüş dayanmışdı, hər iki tərəf gərgin vəziyyətdə bu dueli izləyirdi. Radioefirə sükut çökmüşdü, yalnız hərdən biz öz aramızda qısa komandalarla danışırdıq.
Tankın lazer məsafə ölçənində “delta D mexanizmi”ni (hərəkət etdikcə hədəfə qədər dəyişən məsafəni göstərir) işə salaraq, topdan gözümü çəkmirdim. Düşmən, topu yerləşdirərkən, kobud səhvə yol vermişdi - dağ mövqeyində topun silueti dağın fonundan kənara çıxmamalıdır. Nişangahla baxanda topun lüləsinin silueti göyün fonunda sim kimi olsa da, görünürdü.
Top 8 dəfə atəş açmışdı. Biz yaxınlaşdıqca vurulmaq şansımız artırdı. Eyni zamanda dağa yaxınlaşdıqca lüləni daha çox qaldırmalı, bunun üçün kifayət qədər hündür yer tapmaq isə çətinləşirdi.
Topa 3,5 km qalanda Vüqara dedim, bir hündürlük tapsın, düşmən topunun növbəti atəşindən dərhal sonra tankı bir təpəciyin üstünə qaldırıb, saxlasın, yerimdən mərmini asma trayektoriya ilə göndərəcəm. Dayanıb atəş açmaq təhlükəli olsa da (düşmən topu doldurub, növbəti atəş açana kimi bir neçə saniyəyə onu vurmalıydıq), artıq risk etmək qərarına gəldik.
Vüqar “qabaqda balaca təpə görürəm, hazır ol!” - dedi. Topun növbəti atəşindən yayınan kimi, Vüqar tankı cəld qaldırıb, saxladı. Lazer məsafəölçən hədəfə 3200 metr göstərdi. Düşmən topunu nişan alıb, onun tuşu ilə tankın topunu xəyali şaquli xətlə düz aşağı salıb, sayla tez qaldırmağa başladım. “Bir, iki, üç...”, 1700 metrdə 7 oldu. Sayı saxlamadan və şaquli xəttdən yayınmadan daha bir 7-yə qədər sayaraq, tankın lüləsini qaldırıb, saxladım - sayım sabit idisə - 3400 m alınmalı idi. Nişangahda göydə külək qovduğu buludlar görsənirdi. Hissiyyatımla topu cüzi aşağı salıb, atəş açdım...
Nişangahı aşağa salıb, atəşin nəticəsini hələ görmədən, radioefirdə bizimkilər tərəfindən elə bir coşqulu səs qopdu ki, düşmən topunu vurduğuma şübhəm qalmadı.
Ekipaj üzvlərinin fərdi döyüş bacarığı və yüksək birgə hərəkət qabiliyyəti ilə bərabər hərbi uğur faktoru da sözünü demişdi.
Top vurulduqda, qüvvələrimiz ruh yüksəkliyi ilə dərhal hücumu keçdi. Qısa döyüşdən sonra Ağbulağı tutduq. Bu yüksəkliyi tutan piyadalarımız dedilər ki, 6 - 7 erməni meyiti, yeşiklərdə mərmilər və topdan başqa bir iriçaplı pulemyot.
Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) Vüqar Mürsəlov bir ay sonra 9 iyun 1992 ildə Şəhid oldu. O, XTPD sıralarında ağır və şərəfli döyüş yolu keçmişdi.
İlham Yusifov hazırda doğma Bərdə şəhərində yaşayır.”