Erkən seçkidə Qarabağ faktoru - mövqelər

Erkən seçkidə Qarabağ faktoru - mövqelər backend

Azərbaycan və Ermənistanda prezident seçkisi Qarabağ məsələsinə birbaşa və dolayısı ilə təsir edir; ekspertlər mövcud situasiyanı şərh etdilər

Azərbaycanda növbədənkənar seçkilərin elan olunmasının səbəblərindən bəhs edən ayrı-ayrı ekspertlər, siyasət adamları bu xüsusda Qarabağ məsələsindən də bəhs edirlər. Hesab olunur ki, seçkilərin vaxtının önə çəkilməsi həm də Qarabağ məsələsində hakimiyyətin masaya çıxardığı həll planı ilə əlaqədardır.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev deyib ki, prezident seçkilərinin 6 ay qabağa çəkilməsinin səbəblərdən biri Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış son durumdur. “Bilirsiniz ki, münaqişənin həlli istiqamətindəki danışıqlar yenidən intensivləşib və Azərbaycan xalqı da bu problemin nəhayət həllini istəyir. Dağlıq Qarabağ münaqişəsində əsas oyunçular olan Ermənistan və Rusiyada da martda seçkilər keçiriləcək. Yəni hakimiyyətin yenidən formalaşması prosesi baş verəcək. Bizdə isə hökumət hələ payıza qədər gözləmə mövqeyində durmalı idi. Çünki seçki ərəfəsi heç bir iqtidar, heç bir lider taleyüklü qərarlar qəbul etməyə risk etməz” deyə, partiya sədri moderator.az-a bildirib. Qeyd edək ki, mart ayında həm Rusiyada, həm də Ermənistanda prezident seçkiləri keçiriləcək. Bu mənada Azərbaycanda seçkilərin apreldə keçirilməsi seçki məsələsinə nöqtə qoyulması və diqqətin Qarabağa yönəldilməsi baxımından əhəmiyyətli sayılır. Hər halda bu proqnozların nə dərəcədə doğru olduğunu gələcək göstərəcək.

Ancaq bu da faktdır ki, adətən, müşahidəçilər seçki ilində Qarabağ məsələsində dönüşün əldə olunmasını mümkün saymırlar. Seçkilər ərəfəsində demək olar ki, beynəlxalq güclərin və böyük dövlətlərin paytaxtlarının əsas məqsədi gərginliyin qarşısını almaqdan ibarət olur. Elə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin qarşıdakı səfəri də keçiriləcək seçkilər ərəfəsində növbəti “aprel döyüşləri”nin qarşısını almaqdan ibarətdir.

Bu ilin 19 yanvarında Azərbaycanla Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən Rusiya istehsalı olan müasir döyüş texnikası, silah-sursat və hərbi avadanlıqlar Azərbaycana tədarük olunması da düşmən ölkəni rahatsız edib. Düzdür, böyük savaş hər an baş verə bilər. Ancaq bu da var ki, seçki ilində tərəflər daha çox status-kvonun saxlanmasına çalışır. Elə Ermənistan prezidenti Serj Sərksiyanın son zamanlar radikal bəyanatlar verməsi də daha çox daxili auditoriyanı ələ alıb, hakim partiyanın namizədinə səs qoparmaqdan ibarətdir. Bəs, ekspertlər nə düşünür, 2018-ci ildə Azərbaycan və Ermənistandakı seçkilər, həmçinin həmsədr ölkədə - Rusiyadakı seçki Qarabağ məsələsinə nə vəd edir? Bu il irəliyə addımlar atıla bilərmi? Cari ilin ilk ayını Qarabağ məsələsi kontekstində necə dəyərləndirmək olar?

“Rusiya, Ermənistanda və Azərbaycanda prezident seçkilərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edəcəyini düşünmürəm. Yaxın 2-3 ay sakit keçməlidir ki, martda və apreldə hər 3 ölkədə seçki normal keçsin və digər dövlət seçkidən öz məqsədləri üçün istifadə etməsin”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında belə deyib. Ekspert dedi ki, il başlayandan Qarabağ danışıqlarında irəliləyiş yoxdur: “Həmsədrlərin bölgəyə səfəri də növbəti turizm səfəridir. Xarici işlər nazirlərinin Krakov görüşü də nəticəsiz qaldı. Rusiya fəal vasitəçidir, Azərbaycanın və Ermənistan prezidentləri, o cümlədən xarici işlər nazirləri tez-tez Moskvada və ya Soçidə görüşürlər. Bu o deməkdir ki, Moskvanın özü də münaqişənin kənar dəstək olmadan həllinə inanmır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən il verdiyi açıqlamada demişdi ki, Qarabağ Azərbaycanın daxili işi deyil. İndi isə sözlərindən belə çıxır ki, Rusiyanın iştirakı olmadan da Azərbaycan və Ermənistan özləri problemi həll etməlidirlər. Reallıq isə fərqlidir. 2016-c ilin aprelində Azərbaycan ordusu qarşı tərəfin təxribatına cavab olaraq cəbhə bölgəsində əks-hücuma keçdi və Lələtəpə yüksəkliyini azad etdi. Müharibə 4 gün deyil, daha uzun müddət çəksəydi, Azərbaycan ordusu daha çox ərazini işğaldan azad edə bilərdi. Ancaq buna Kreml imkan vermədi, Azərbaycan ordusunun hücumlarını dayandırmasını istədi. Yəni bu halda da Rusiya məsələni Azərbaycanla Ermənistanın öz arasında həllinə imkan vermədi”.

Politoloq 2018-ci ilin ilk ayındakı Qarabağ gəlişmələrindən bəhs edərkən Azərbaycan və Ermənistan xarici işlər nazirləri Polşanın Krakov şəhərindəki görüşünə toxundu: “Nazirlər əvvəlcə təkbətək görüşdü, sonra onlara həmsədrlər qoşuldular. Elmar Məmmədyarov görüşdən sonra dedi ki, həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb. 25 ildə hər detalın öyrənildiyi və müzakirə edildiyi danışıqlarda hansı boşluq qalıb ki, yeni və maraqlı təklif üçün də yer qalsın? Məmmədyarovdan fərqli olaraq Ermənistanın xarici işlər nazirindən həmsədrlərin kreativ təklifləri barədə açıqlama səsləndirilmədi. Tam əksinə, erməni diplomatlar görüşdən əvvəl və görüşdən sonra yenə Azərbaycanı ittiham etdilər. Danışıqlarda yeganə razılıq ATƏT-in bölgədəki şəxsi nümayəndəsinin missiyasındakı heyətinin artırılmasıdır. Ancaq bunun ümumilikdə danışıqlara təsiri yoxdur. Tam əksinə, bu Ermənistanın xeyrinədir ki, atəşkəsin uzanmasını təmin edə bilsin. Ancaq belə başa düşdüm ki, rəsmi Bakı şifahi razılaşmanı haqlı olaraq yerinə yetirməyəcək”.

Ermənişünas alim Qafar Çaxmaqlı isə qəzetimizə dedi ki, Azərbaycan və Ermənistanda seçkilərin eyni aylara düşməməsi bu danışıqlarda 6-8 ay itkisinə səbəb olur: “Baxmayaraq ki, mən belə hesab edirəm ki, bu ”itki" bəzən bəhanələr üçün bir vasitəyə çevrilir. Yaxın aylarda Rusiya ilə Ermənistanda keçirilən seçkilərin Azərbaycana da uyğunlaşdırılması fikri ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri tərəfindən irəli sürülmüşdü. İndi Azərbaycan da bu seçkiləri aprel ayına saldı. Hesab etmirəm ki, bu, Minsk Qrupunun təklifi ilə olub, amma bu belədirsə, demək Qarabağ məsələsi ilə bağlı bu il bizim bilmədiyimiz nəsə planlaşdırılır". Lakin Q.Çaxmaqlı şübhəsini də bölüşdü: “Bu sahədə irəliyə addım atılacağına əmin deyiləm. Çünki Madrid prinsipləri ilə yanaşma son mərhələdə Dağlıq Qarabağda bir referendum nəzərdə tutur, onun isə nəticələri əvvəlcədən bəllidir. Ötən illərdə mətbuata belə bir fikir sızmışdı ki, referendumda və ya plebisddə iştirak edəcək Dağlıq Qarabağ əhalisinə belə suallar qoyulacaq:

“1.Siz Azərbaycanın tərkibində qalmağa razısınızmı? 2. Siz Ermənistanın tərkibinə keçməyə razısınızmı? 3. Siz Dağlıq Qarabağın müstəqil dövlət olmasına razısınızmı?” Əlbəttə, Azərbaycan qaçqınlarının da dönməsindən sonra burada faiz nisbəti təxminən 85 faiz ermənilər, 15 faiz isə azərbaycanlılardan ibarət olacaq. Bu halda referendum faktiki olaraq Dağlıq Qarabağın artıq de-yure Azərbaycandan ayrılmasını təmin edəcək. Odur ki, bizim dövlətimiz buna imkan verməməlidir".

Ekspert həmsədrlərdən nicat gözləməyin əleyhinədir: “Dəfələrlə qeyd etmişik ki, Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağın Azərbaycandan qoparılmasını təmin etməyə çalışırlar. Ermənistan vaxt uzatdıqca daha çox təcrid olunur, daha çox kasıblayır, gücü azalır. Bu ilin ilk aylarında vasitəçilərin belə fəallığı da bununla əlaqədardır. Bəlkə bir az qəribə səslənər. Onlar erməni lobbisinin sifarişlərini yerinə yetirmək üçün qollarını çırmalayıblar”.
Diaspora