Qarabağ savaşında igid və cəsur döyüşçülərimizlə görüşlərimiz davam edir.
Haqqında söz açacağımız şəxs Qarabağ müharibəsində iki qardaş döyüşə yollanaraq torpaqlarımızın müdafiəsinə qalxan Şirinov Niyazi Kamal oğludur. Niyazi Şirinov 1974-cü il sentyabrın 13-də Şəki şəhərində anadan olub. Orta təhsillidir. 1992-ci ildə hərbi xidmətə yollanan gənc əsgər birbaşa döyüşlərə qatılır.Moderator.az “Yolunu gözləyirik” rubrikasında növbəti yazını təqdim edir.
“Mühasirəyə düşmüş 20-dən çox döyüşçümüzü mühasirədən çıxara bildik...”
“Mənim döyüşə başlamağım hərbi xidmətə getməyimlə başladı. 1992-ci ildə hərbi xidmətə çağırıldım. Bizi Bakı şəhərinə gətirdilər. Uşaqlıqdan idmanla məşğul olduğumdan fiziki cəhətdən çox möhkəm idim. Ona görə də, Hərbi Dəniz Qüvvələrində 20- günlük təlim keçdik. Sonra 35 nəfərlik xüsusi təyinatlıları mən də içlərində olmaq şərti ilə oradan Qubadlı rayonuna yolladılar. Qubadlıda 706 saylı batalyonun tərkibində döyüşlərə başladıq. İlk döyüşüm elə Qubadlıda döyüşçü yoldaşlarımızı mühasirədən çıxarmaq əmri alanda başladı. İstəyimizə nail olduq. Mühasirəyə düşmüş 20-dən çox döyüşçümüzü mühasirədən çıxara bildik. Amma, bu əməliyyatda ağır yaralandım. Ermənilər “qrat” atdılar və dağa dəyən kimi zərbə məni çaya tulladı. Döyüşçü yoldaşlarım məni çaydan çıxarıb Zəngilan batalyonuna apardılar və oradan da Bakıya gətirdilər.
“Mənim evə yox, döyüşə qayıtmağıma qürurlanıb əlini çiynimə qoydu...”
Hərbi Dəniz Qüvvələrinin Bayıl qəsəsində yerləşən hospitalında bir ay yarım müalicə aldım. Başımdan ağır kontuziya almışdım. Hospitaldan məni evə buraxarkən, 15 günlük məzuniyyət verdilər. Amma, mən evə yox, Qubadlıya qayıtdım. Qubadlıda dedilər ki, sizin batalyonu Zəngilana köçürüblər. Məni Zəngilan batalyonunda komandir qəbul elədi və əlimdəki, məzuniyyət “qəbz”ini görüb təcübləndi. Mənim evə yox, döyüşə qayıtmağıma qürurlanıb əlini çiynimə qoydu. Oradan məni Zəngilan rayonunun Kolluqışlaq kəndində yerləşən posta yolladı. Burda yenidən döyüşlərə başladım.
“Ermənilərə qan uddururduq...”
Mən ümumilikdə Füzuli, Zəngilan, Qubadlı və Cəbrayıl rayonları istiqamətində gedən bütün döyüşlərdə iştirak etdim. Biz batalyon olaraq bir-birimizə köməyə gedirdik. Məsələn: ermənilərin Qubadlı istiqamətində döyüş zamanı üstünlüyü olanda, ora köməyə gedirdik. Oradan qayıdırdıq Cəbrayıla yola düşürdük. Bilirsiniz, biz xüsusi təyinatlılar idik. Ona görə ermənilərə qan uddururduq. Batalyonda seçmə idmançı döyüşçülər döyüşürdü. Bəli. Adını sadaladığım dörd rayonun müdafiəsində sona kimi döyüşdüm. Amma təsüflər olsun ki, bu dəfə qarşı tərəf istəyinə nail oldu. 1993-cü il, avqustun 25-də mən ikinci dəfə ağır yaralandım. Güllə sağ tərəfdən döşümün üstündən girib, kürəyimdən çıxmışdı. Məni Bakıya hospitala gətirdilər. Bundan sonra mən döyüşə bilmədim. Sonra da, doğulduğum Şəki şəhərinə qayıtdım.
“Erməni qaçsa da...”
Döyüş vaxtı əlbətdə, erməni döyüşçülərini əsir götürürdük. Amma biz onları yanımızda çox saxlamırdıq. Bununla məşğul olan qurum var idi, biz əsirləri onlara təhfil verirdik. Onlar da əsirləri danışdırır və bizim əsirlərlə dəyişdirirdilər. Onların içində nəyinki ermənilər, hətta qaradərili pulla döyüşən döyüşçülərə kimi var idi. Zəngilanda “Qotursu” deyilən yer var idi və biz döyüşçü yoldaşlarımızla gedib oradan Səhənglə su gətirirdik. Bir dəfə su gətirən də baxdıq ki, qayaların arasından bir qaradərili döyüşçü çıxdı və arxasıyca da bir saqqallı erməni çıxaraq bizə atəş açmağa başladılar. Biz də cavab atəşi açdıq. Erməni qaçsa da, qaradərili döyüşçünü vurub yerə sərdik və yaxınlaşıb üstündəki sənədlərini götürüb komandirimizə təhvil verdik. Bunların hamısı sübutdur ki, ermənilər öz gücləriylə, heç vaxt heç nəyə nail olmayıblar.
“Sanki mənim qisasımı aldılar qardaşımadan...”
Qardaşım Zaur 1995-ci ildə hərbi xidmətdə olarkən şəhid oldu. Ermənilər onu Şəhid etdilər. Sanki mənim qisasımı aldılar qardaşımdan. Qarabağda iki qardaş döyüşdük, qardaşım Şəhid oldu, mən isə ağır yaralandım. Məni heç vaxt elə şeylər maraqlandırmayıb. Doğrusunu deyim ki, “Veteranlıq vəsiqəsi” yoxumdu və buna görə də heç kimi qınamıram. Sadəcə özüm istəməmişəm. İkincisi də ki, dövlətimiz tərəfindən verilən təqaüt kartımı, otuz illik “etibarnamə”ylə Şəki uşaq evinə vermişəm. Çünki, mənim bunlara ehtiyacım yoxdu. Bu saat dolanışığım da, aylıq gəlirim də mənim bütün ehtiyaclarımı ödəyir.
Bu gün ilk öncə üzümü gənclərimizə tutub onu demək istəyirəm ki, mərd olsunlar. Heç nədən qorxmasınlar. “Vətənpərvər” olsunlar. Qarabağ uğurunda döyüşmüşük və bu gün də döyüşlər başlayarsa, yenidən torpaqlarımızın müdafiəsinə qalxmağa hazırıq. Aprel döyüşlərində ermənilərə necə dərs verdiksə, bundan sonra da elə olacaq”.